Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Birliyi ölkələri 2028-ci ilə qədər Rusiyanın neft və qaz idxalının tamamilə dayandırılmasını nəzərdə tutan RePowerEU planını yekunlaşdırmağa yaxındır.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” Brüsseldəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Oktyabrın 8-də Aİ-nin daimi nümayəndələri oktyabrın 20-də Aİ Enerji Şurasının iclasına təqdim olunacaq sənəd layihəsini razılaşdırıblar.
Demək olar ki, bütün üzv dövlətlər Rusiya qazının idxalına qadağa qoyulması və bu təşəbbüsün həyata keçirilməsi üçün ümumi yanaşmanın işlənib hazırlanması kimi siyasi məqsədi dəstəkləyib.
Bir neçə ölkə qadağa üçün icra mexanizmlərinin yumşaldılmasını təklif etsə də, Aİ nümayəndələrinin əksəriyyəti tədbirin istənilən yumşaldılmasına qarşı çıxıb.
Sənədin hazırkı formada mətni əlavə düzəlişlər edilmədən təsdiq olunmaq üçün energetika nazirlərinə göndərilməsi də istisna edilmir.
Dəqiqləşdirilib ki, bağlı qapılar arxasında keçirilmiş görüşdə daimi nümayəndələr qanun layihəsinin sonradan təsdiqlənmək üçün milli hökumətlərə göndərilməsini də təsdiqləyiblər.
Qərarı qəbul etmək üçün Aİ-yə üzv ölkələrin 55%-nin ixtisaslı əksəriyyəti tələb olunur. Macarıstanla Slovakiyanın etirazlarına baxmayaraq, sənədin lazımi dəstəyi alacağı gözlənilir.
Qeyd edilir ki, əsas müzakirə mövzularından biri Rusiya yanacağının başqa bayraq altında idxalının qarşısını almaq üçün Aİ limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) mənşəyinə nəzarət edilməsidir.
Bundan əlavə, Rusiya neftini almağa davam edən Macarıstan və Slovakiyadan 2028-ci ilə qədər idxalı dayandırmaq üçün milli planlar hazırlaması tələb olunacaq.
Agentliyin məlumatına görə, hazırda Rusiya Aİ-nin qaz tədarükünün təxminən 12%-ni təmin edir, bu da 2022-ci ildəki 45%-dən aşağıdır.
İslahat Moskvanı əsas gəlir mənbəyindən məhrum etmək məqsədi daşıyır və bu gəlir Aİ-nin fikrincə, Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə olunur.
JASMİN