14 Oktyabr 2025 / 08:43

“Sülh sammiti”nin iştirakçıları Trampın Qəzza planının növbəti mərhələlərinin həyata keçirilməsinə çağırıblar

Görüşdən sonra qəbul edilən sənəddə anklavın idarə olunması, infrastrukturun bərpası və siyasi tənzimləmə məsələlərinin müzakirəsi zərurətindən danışılıb

Şarm əl-Şeyxdə keçirilən “Sülh sammiti”nin iştirakçıları ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəslə bağlı planının növbəti mərhələlərinin həyata keçirilməsinin zəruriliyini bəyan ediblər.

“Tramp planının növbəti mərhələlərinin həyata keçirilməsi mexanizmləri üzrə məsləhətləşmələrə başlanmalıdır. Xüsusilə Qəzza zolağının idarə olunması, infrastrukturun bərpası və anklavda siyasi nizamlanma məsələləri müzakirə edilməlidir”, – Tezadlar.az xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisinin dəftərxanasının sammitin yekunları üzrə dərc etdiyi sənəddə deyilir.

Şarm əl-Şeyxdə keçirilən iclasa sədrlik edən Misir Qəzza münaqişəsi ilə bağlı “Yaxın Şərq tarixində ağrılı səhifə açmaq üçün regionda və dünyada tərəfdaşlarla işləməyə” sadiqliyini ifadə edib.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilən görüşün yekunları ilə bağlı çıxış edən əs-Sisi Qəzzadakı münaqişənin “regionda sonuncu müharibə” olacağına ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!