Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

«Təzadlar» qəzetinə və eyni adlı tezadlar.az portalına İrandan göndərilmiş bəyanatı olduğu kimi təqdim edirik.
Onu da qeyd edirik ki, Kanadada və Türkiyədə yaşayan mədəniyyət təəssübkeşləri də bu məsələ ilə bağlı İran və Azərbaycan Mədəniyyət nazirliklərinə müraciətlər göndəriblər.
Beləliklə, Aşıq Səlcuq Şahbazi Daryuş Pirniyakan-Gərgərliyə cavab bəyanatında deyir:
«Əziz və hörmətli İran xalqına, mədəniyyət və incəsənət camiəsinə salam və ehtiramlarımı bildirirəm.
Əvvəlcə xatırlatmaq istərdim ki, aşıq ədəbiyyatı və musiqisinin tarixi dünyadakı muzeylərdə və etibarlı arxivlərdə olan mövcud sənədlərə əsasən, yeddi min ildən artıq keçmişə malikdir. Bir çox tədqiqatçılar hesab edirlər ki, muğam musiqisi, əslində, aşıq musiqisindən yaranmış və ondan bəhrələnmiş, qaynaqlanmış, təsirlənmişdir.
Bu zəngin keçmişi nəzərə alaraq, Gərgər şəhərində (indiki Hadi şəhr-şəhər, Şərqi Azərbaycan vilayəti) doğulmuş Daryuş Gərgərli Pirniyakanın son açıqlamasında belə bir təxribatçı bəyanat olmuşdur: “Azərbaycan adlı bir xalq yoxdur. Azərbaycan, əslində, Aran olub və bu adı, həmçinin Azərbaycan musiqisini, İrandan oğurlayıblar”.
Bu sözlər tamamilə əsassızdır, tarixin saxtalaşdırılması və milyonlarla türkdilli İran vətəndaşının mədəniyyətinə və kimliyinə təhqirdir. Biz bu fikirləri qətiyyətlə pisləyir və etirazımızı bildiririk.
Keçmiş hadisələr və Pirniyakanla ilk görüş…
Cənab Pirniyakan, bəlkə xatırlamırsınız, amma Musiqi Evinin təsis edilməsi üçün keçirilən ilk iclasa mən də dəvət olunmuşdum. Həmin yığıncaqda təklif etdim ki, digər şöbələrlə yanaşı, “Xalqlar və bölgələr musiqisi şöbəsi” də yaradılsın ki, aşıqlar, baxşılar, xanəndələr və yerli ifaçılar da Musiqi Evində təmsil olunsunlar. Lakin siz heç kimin fikrini dinləmədən, tələsik və hörmətsiz şəkildə dediniz: “Belə bir şöbəyə ehtiyac yoxdur!”. Elə o anda mən sizin xalq musiqisinə qarşı təkəbbürlü və təhqiramiz münasibətinizi anladım və etiraz əlaməti olaraq iclası tərk etdim. Sonradan isə həmin Musiqi Evi sənətə və xalq mədəniyyətinə sadiq olanlarla məsləhətləşmədən, birtərəfli qaydada yaradıldı.
Sonrakı illər və seçkilər…
Bununla belə, illər sonra-2011-ci ildə aşıqların və vətənpərvər sənətkarların tələbi ilə Musiqi Evinin seçkilərinə qatıldım. Təqdimat nitqimdə sizə üz tutaraq dedim ki, məqsədim Musiqi Evini öz sahiblərinə- yəni xalq musiqisini yaşadan sənətkarlara qaytarmaqdır.
Həmin iclasda siz ustad Toluinin yanında əyləşmişdiniz və mənim sözlərimə tab gətirə bilmirdiniz. Mən ədalətli tənqidlərimi və sübutlarla dolu iradlarımı səsləndirmək istəyəndə, siz Toluinin qulağına nəsə pıçıldadınız və o, mənim çıxışımı yarımçıq kəsməyə məcbur oldu. O seçkilərdə açıq saxtakarlıq edildi- bəziləri bir nəfər əvəzinə bir neçə səs verdi. Buna baxmayaraq, mən yenə də ikinci ən yüksək səs topladım. Etiraz etdikdə siz belə dediniz: “Bəzi dost sənətkarlar gələ bilmədilər, kartlarını mənə veriblər ki, adları ilə səs verim”.
İlk iclasdan etibarən israr edirdiniz ki, “şöbə sədri o şəxs olmalıdır ki, Musiqi Evində daha uzun müddət fəaliyyət göstərib”. Beləcə, yuxarı səviyyədə razılaşdırılmış təzyiqlərlə, həmin vəzifəyə özünüz oturdunuz.
Pirniyakanın aşıq musiqisinə baxışı və tənqidlər…
Mən sizin təkəbbürlü və özünü yuxarıda görən xarakterinizi bildiyim halda, ümid edirdim ki, Musiqi Evində mədəni və ədalətli bir birlik yarada bilərik. Mən təkliflər verdim ki, hər il xalqların və bölgələrin musiqi festivalının keçirilməsi, eləcə də müxtəlif vilayətlərdə ustadların böyük tədbirlərlə yad edilməsi və regional şöbələrin yaradılması vacibdir. Belə ki, sənətkarlar hər iş üçün Tehrana səfər etməyə məcbur olmasınlar. Lakin siz bütün bu təkliflərə də qarşı çıxdınız və heç bir addım atmadınız. Hətta o dövrdə sizə demişdim: “Siz Azərbaycan ədəbiyyatı və musiqisi sahəsində mütəxəssis deyilsiniz və heç bir bilginiz yoxdur, mən İdarə Heyətində olduğum müddətdə sizin aşıqlar haqqında fikir söyləməyə haqqınız yoxdur”! Amma siz buna məhəl qoymadınız və hər işə qarışdınız. Hətta bir müsahibədə belə demişdiniz: “Türkistanda aşıq yoxdur. Aşıqlar Sasanilər dövrünün kozanlarıdır, sonra adları dəyişdirilib” və sair. Daha sonra iddia etdiniz ki, aşıqların yalnız “Məsri” adlı bir mahnısı var, o da “Mitralara” ayinindən qaynaqlanıb.
Maraqlıdır! Əgər belədirsə, niyə siz həmin mahnını ifa etmədiniz? Və necə ola bilər ki, siz deyirsiniz ki, “Türkistanda aşıq yoxdur”, amma eyni zamanda onları Sasanilər dövründən qalma hesab edirsiniz?
Tarixi faktlar və irsi qorumaq…
Eşitmədinizmi ki, Haqq Gərgərli adlı aşıq beş yüz ildən çox əvvəl Gərgər şəhərində doğulmuşdur və onun əsərləri 2023-cü ildə İran Aşıqlar Birliyi tərəfindən milli irs olaraq qeyd edilmişdir! Siz necə özünüzə icazə verirsiniz ki, gücünüz çatmayan yükün altına girirsiniz? Sən öz doğulduğun şəhərin nəhəng aşığını tanımırsan, amma o gödək əlini əlin çatmayan muqəddəs zirvələrə uzadırsan???
Ey məlumatdan uzaq Pirniyakan! Sizin doğulduğunuz yer həmin böyük aşığın vətənidir. Necə olur ki, belə dəyərli irsi inkar edirsiniz? Əlbəttə ki, bilmirsiz, indi deyim, qulağında sırğa olsun: türk millətinin şifahi ədəbiyatının böyük qolu Aşıq ədəbiyatı və tarixidi, dünyanın tarixçiləri Azərbaycan tarixini yazmaq istiyəndə ancaq aşıqlara və aşıq sənətinə muraciət ediblər. Aşıqların sinələrində olan dastanların isə, sən heç adlarını da bilməzsən. Halbuki, min illər tarixi olan o dastanlarda hansi ərazilərin adları və kəndlərin adları çəkilib və türklər yer kürəsinin yarıdan çoxuna səpələnib, hökmüranlıq ediblər. Mən hardan başlayım, hardan deyim ki, sən bir şey başa düşəsən, çünki bir vərəq tarıx oxumayıbsan, hardan biləsən?!
Bizim ana dilimizdə belə bir deyim var: “Qınından çıxıb, qının böyüyünə minməz!”. Yəni, kimsə öz kökündən və vətənindən uzaq düşsə, dəyərini itirər. Sizlər bu əsassız sözlərinizlə türklərin tarixini, mədəniyyətini və mövcudiyyətini sual altına aldınız. Sizə üzülürəm ki, Musiqi Evindəki mövqeyiniz və davranışınız mədəni və milli birliyi zədələdi.
Aşıq musiqisinin əhəmiyyəti və çağırış…
Bilin ki, aşıq musiqisi təkcə yerli bir şöbə deyil, həm də muğam musiqisinin köküdür. Musiqi quruluşlarının bir çoxu aşıqların ənənələrindən qaynaqlanır və aşıqlar bu melodiyaların ilk daşıyıcıları olmuşlar. Beləliklə, Azərbaycan musiqisini və aşıqları inkar etmək, əslində, İran və Şərq musiqisinin bir hissəsini inkar etməkdir.
Cənab Pirniyakan, görünür ki, siz Azərbaycan Respublikasının mövqeyini anlamırsınız və İran türklərinə qarşısınız. Biz bilirik ki, bu bəyanatlarla qonşu ölkələr arasında ixtilaf yaratmaq istəyirsiniz, amma İran türkləri və Azərbaycan xalqı həmişə dostluq, hörmət və sülh şəraitində yaşamışlar. Təəssüf edirəm ki, Musiqi Evində qazandığınız mövqe və ələ keçirdiyiniz alət, ilahi niyyətlə yaradılmış sənət aləti, sizin şəxsi ambisiyanız üçün istifadə olunub. Lakin mən hazıram ki, mədəniyyət və musiqi ustadları qarşısında sizinlə açıq debat edim. Siz sadəcə, mənim bir sualıma cavab verin, mən isə bütün suallarınıza cavab verəcəyəm, əlbəttə, əgər ana dilinizdə iki dəqiqədən çox danışa bilsəniz.
Nəticə və çağırış…
Sonda: mədəni missiyama əsaslanaraq bəyan edirəm: Cənab Pirniyakan bu ağılsız və məsuliyyətsiz bəyanatı ilə yalnız sənət və türkdilli cəmiyyətimizi incitməyib, həm də milli birliyi zədələmişdir. Buna görə, mən İran Aşıqlar Birliyinin qurucusu və rəhbəri olaraq İran İslam Respublikasının hökumətindən, Mədəniyyət və İncəsənət Nazirliyindən, eləcə də digər mədəni və təhlükəsizlik qurumlarından xahiş edirəm ki, bu cür parçalanma yaradan və irsi təhqir edən düşüncə sahibi ilə ciddi və qanuni şəkildə məşğul olsunlar. Belə ki, heç kəs İran xalqının tarixi və mədəniyyətinə hörmətsizlik etməyə cürət etməsin. Bu sözlər yalnız mənim deyil, bütün aşıqların və İran türklərinin səsləridir. Biz bu haqsız bəyanatdan dərindən sarsılmışıq. Unutmayın: İran hamımızın evidir və heç kəsin bu böyük evin mədəniyyətini və kimliyini inkar etməyə haqqı yoxdur.
Hörmət və mədəni məsuliyyətlə,
Aşıq Səlcuq Şahbazi,
İran Aşıqlar Birliyinin qurucusu
Tehran – 2025″.
REDAKSİYADAN: İnanırıq ki, Azərbaycanın İrandakı Səfirliyi, eləcə də Azərbaycan Mədəniyyət Nazirliyi bu məsələyə dair mövqeyini ortaya qoyacaq.