27 May 2019 / 17:10

“Hər gün millətimizə və Prezidentimizə dualar edirəm” – Xeyriyyəçi Sona Qasımova

«Təzadlar» Azərbaycanın müqəddəs ocaqlarından birinin varisi olan və seçilən-sevilən xanımlarından birinin qonağı oldu…
Bu gün “Fərqli qadınlar” rubrikamız həm özü fərqlidir, həm qonağı. Əsas fərq isə odur ki, qonağımıza zəhmət verib redaksiyaya çağırmamışıq, onun ocağına biz özümüz təşrif buyurmuşuq.

 Müsahibim uzun illər Moskvada yaşayıb-çalışmış həkim-ginekoloq, Sovet dönəmində Moskva şəhər partiya komitəsinin büro üzvü olmuş, Şamaxıda məşhur Şıxeyib baba ocağının varisi, «El anası»  kimi tanınan xeyriyyəçi xanım Sona Qasımovadır.

Qeyd edim ki, Sona xanımın hər üç övladı Rusiya Federasiyasında Azərbaycanı ləyaqətlə təmsil edən gənclərdir. Böyük oğlu Ramin Qasımovun fəaliyyəti ilə Azərbaycan ictimaiyyəti daha çox tanışdır. O, Rusiyada iqtisadiyyat, hüquq, dövlət və bələdiyyə idarəetməsi üzrə ali təhsil alıb. Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasını bitirib. Hakim partiyanın – “Vahid Rusiya”nın fəal üzvüdür, rəhbərliyində təmsil olunur. 10 ildən çoxdur ki, Rusiya Dövlət Dumasında fəaliyyət göstərir, dövlət qulluqçusudur. Rusiya-Türkiyə dövlətlərarası münasibətlər üzrə koordinatordur, eləcə də Rusiyanın “ORT-1” və digər kanallarında da ekspert kimi çıxış edir. Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərin inkişafında xüsusi xidmətləri olan Ramin Qasımov hər iki ölkənin sosial-siyasi məsələlərinin həllində körpü rolunu oynayır, geosiyasətlə məşğul olur. Dumadakı qüsursuz və çoxillik fəaliyyətinə görə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin tərəfindən təşəkkürnamə ilə təltif edilib. O, eləcə də H.Əliyev adına Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən çoxsaylı tədbirlərə dəstək verir və iştirakçısıdır. 2018-ci ildə Türkiyənin Kayseri şəhərində salınmış Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında özü ilə bərabər, Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodninanın, Dmitri Savelyevin, Oksana Puşkinanın və digər deputatların da iştirakını təmin edib, bu işdə böyük rol oynayıb. O, Rusiya-Azərbaycan dostluq qrupunun həmsədridir…

 Sona xanımın digər övladları, xüsusən də, olduqca zəngin dünyagörüşə, əhatəli biliyə malik olan qızı Rəna Qasımova barədə isə müsahibədə ətraflı tanış olacaqsınız.

***

 …Sona xanımla ilk dəfə tanış olanda və onun Ramin Qasımovun anası olduğunu öyrənəndə, döğrusu çox təəccübləndim. Yenicə Kərbala ziyarətindən gəlmiş bu üzü nurlu, çox gənc görünən xanımın ilk baxışdanca islam dininə məxsus qayda-qanunlara riayət etdiyini, eyni zamanda gözəl natiqlik qabiliyyətinə malik olduğunu, ruhən və mənən nə qədər saf və təmiz olduğunu sezməmək mümkün deyildi. Uzun illər Moskvada yaşaması, geniş dünyagörüşə, təminatlı ailəyə, məşhur insanların bir arada olduğu çevrəyə malik olan xanımı heç nə dəyişə bilməmişdir: nə cazibədar qiyafələr, nə süslənmiş saraylar…  O sadəliyi ilə büsbütün zənginlik mücəssəməsi idi. Cümlələri elə qururdu ki, sanki sapa muncuq düzür… Əmin oldum ki, belə vətənsevər, ləyaqətli, nümunəvi övladları məhz belə analar dünyaya gətirib təlim-tərbiyə verə bilər. Və mən oradaca anladım ki, o, mənim növbəti qəhrəmanımdır.

-Sona xanım, sizinlə müqəddəs Ramazan ayında görüşdük. Görünür qismət bu günəymiş. Uzun illərdir Moskvada yaşayırsınız, amma bildiyimə görə son illər zamanınızın çoxunu Azərbaycanda keçirirsiniz. Övladlarınızın fəaliyyəti göz önündədir. Özünüzü necə tanıdardınız?

 -Mənim atam Ərəbxan Şamaxıda – Şirvan elində ağır pir-ocaq kimi tanınan Şıxeyib babanın nəslindəndir, anam Şura (Aşura) xanım da Sofi Həmid babanın nəslindəndir, nəvəsidir, eyni zamanda yeganə varisidirlər. Sofi Həmid baba ilə Şıxeyib baba Həzrəti Həmzə babanın törəmələridir. Onların ulu babaları vaxtilə Ərəbistandan Şirvan elinə köç ediblər. Hər iki babam Azərbaycanda islam dininin qorunub saxlanılmasında, dinimizdən irəli gələn vacib adət-ənənələrimizin, müsəlmanlara xas olan dostluğun, xeyirxahlığın, düzgünlüyün aşılanmasının təbliğatçısı kimi seviliblər, el-obada hər  zaman sözləri keçən el ağsaqqalları olublar… Çox maraqlı həyatım olub. Erkən yaşda ailə həyatı qurmuşam. Ailə qurmağıma səbəb isə atam olub. Həyat yoldaşım da Şamaxıdandır. O da Hacı Qasım babanın ocağının övladıdır. Şirvan şəhərində ocaqları – şəxsi məscidləri var. Orada babamın adına – Gülbala Şıxıyev adına küçə də var. Mən özüm də 13-14 yaşına kimi Şirvan şəhərində yaşamışam, artıq 42 ildir ki, Moskvalıyam. Bildiyiniz kimi, 3 övladım var. Mən onların təlim-tərbiyəsi ilə 2-3 yaşlarından ciddi məşğul olmağa başlamışam. Gənc valideynlərə də məsləhətim budur ki, düşünməsinlər ki, uşaqları körpədır, düşünmə qabiliyyətləri yoxdur, hafizələri zəifdir, yaxud qavrama çətinlikləri var. Əslində elə deyil, uşaqlar kiçik yaşda anladılan, baş verən hadisələri çox gözəl yadda saxlayır və düzgün təlim-tərbiyə nəticəsində öz adət-ənənələrinə bağlı, savadlı, ləyaqətli vətəndaş kimi tərbiyə olunurlar. Və bu onların gələcək həyatlarında da öz bəhrəsini verir. Övladlarım Rusiyada yaşadıqları üçün rus dilini ana dilləri kimi səlist bilirlər. Onların kiçik yaşlarından ingilis dilini öyrənmələrində yardımçı olmuşam. Ramini musiqi məktəbinə – fortopiano üzrə dərslərə, idman məşğələlərinə aparmışam. Qızım Rəna xanımı da üzgüçülüyə aparmışam, 3 yaşından isə şahmat klubuna yazdırmışdım, onlar həmçinin karate ilə də məşğul olublar. İdman sahəsində yüksək nəticələr əldə ediblər… Rəhmətlik qardaşım Məhəmməd Mirzəyev Qarabağ müharibəsinin iştirakçısı olub, yaralanıb. Sonradan dünyasını dəyişdi. Çox vətənpərvər insan idi. İkiqat Avropa çempionu, Rusiya çempionu olub. Qızımın da məşqçisi idi. Onun idman sahəsindəki uğurlarında qardaşımın böyük əməyi olub…

Azərbaycana sıx bağlılığınızı bilirik…

-Bəli, mən Bakıda baş verən «20 yanvar» hadisələri zamanı Moskva şəhər partiya komitəsinin üzvü idim. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün əlimdən gələni etməyə çalışırdım. Həmin dəhşətli gecədə qətlə yetirilən günahsız insanlardan, bu hadisənin səbəbkarlarından – Qorbaçovdan bəhs edən kitabları mənimlə yaxın dost münasibətdə olan icra hakimiyyətinin müavini Tamara İvanovna vasitəsilə şəhər partiya komitəsində paylatdırdım. Əlbəttə, bu özü də böyük risk idi, çünki o zaman artıq keçmiş İttifaqın bütün respublikalarında, o cümlədən Moskvada da qarışıqlıq idi. Ermənilər çox fəallaşmışdılar. Biz də ailəlikcə öz vətənimizə vətəndən uzaqda olsaq da, dar günündə bacardığımız qədər kömək etməyə çalışırdıq…

-Qızınız Rəna xanımın intellektinə heyran qaldım…

– Qızım Rənanın adı «İlan ocağı» sayılan nənəmin adıdır, o isə məşədi Fərman babanın qızıdır. 120 il yaşayıb babam. Sümüyü də nurdan olub. Əlini qaldıranda əlində işıq saçıb. Həyətlərində saysız-hesabsız ilanlar yaşayarmış. Hazırda Sabirabadda Qulu babanın, Feyzulla babanın İlan ocağı var. Onlar nənəm Rənanın qohum-əqrəbalarıdır, dayısıgillərdir. Doğrudan da çox möcüzəli babalarımız olub. Babalarımdan üzü bəri xeyriyyəçilik, xeyirxahlıq nəslimizin genindən-şəcərəmizdən gəlir.

– Atanızın da Şirvanda tanınmış el ağsaqqalı olduğunu, xeyriyyəçiliklə məşğul olduğunu bilirik. Bu barədə sizdən dinləmək istərdik.

-Atam elmi dərəcəli energetik – baş mühəndis idi. Zamanında Şirvanda öz şəxsi vəsaiti hesabına kanalizasiya xətləri, işıq, yol çəkdirib. O zamanlar da Kür öz məcrasından çıxıb Şirvanı sel altında qoyurdu. O, Sovet dövründə bu missiyanı maneəsiz yerinə yetirmək üçün şəxsən mərhum prezidentimiz Heydər Əliyevə müraciət məktubu ünvanlayıb, onun xidmətlərində dəyər verən şəxs olub. Əlində olan vəsaiti bizə miras qoymağa deyil, xalqa xeyir verməyə sərf edib. O, çox düzgün, rüşvət alıb-verməyən, həyatını dürüst yaşayan və elə də bizə tərbiyə verən birisi olub. Əgər mənim genimdə bu şəcərənin gen daşıyıcılığı olmasaydı, bu gün bu xeyirxahlıq, iman, vergi, güclü hissiyyat sahibi ola bilməzdim. Hazırda bir çox insanlar seyid nəsli olmasından istifadə edib pul, nəzir yığmaqla məşğuldurlar. Amma biz öz şəxsi büdcəmizdən kimsəsizlərə, yoxsullara əl tutub, yardım etmişik. Baxmayaraq ki, ailə büdcəmiz o qədər də böyük deyil, amma xeyriyyəçilik etməyi sevirik. Etdiyimiz yaxşılıqları dilə gətirmək dinimizə zidd olduğu üçün ad çəkmədən bildirmək istəyirəm ki, evlərinə həkim aparıb nəvələrinə sünnət etdirdiyim çoxsaylı ailələr də olub, yardım etdiyim, əyin-başlarını təzələdiyim, müşkül işlərini yoluna qoyduğumuz çoxsaylı imkansız insanlar da. Bu işdə övladlarım da mənə yardım ediblər.

-Ruhunuzda bir uzaqgörənlik və təmizlik görürəm…

-Bilirsiz, biz cəmiyyətə və insanlara açıq olmalıyıq… Bu yaxınlarda Gənclikdəki milyonçular məhəlləsinə getmişdim. Orada mənim də qohumlarım yaşayır. Amma mən ora ikinci dəfə getmək istəmirəm. Bu mənim onlara paxıllıq etməyimdən, gözügötürməzlikdən irəli gəlmir. Mənim xoşuma gəlməyən üç-dörd mərtəbəli villaları olan bu cür imkanlı şəxslərin küçələrinin bərbad vəziyyətdə, toz-torpaq içində olmasıdır. Küçədə yaşıllaşdırma aparılmayıb – nə bir çiçək, nə bir ağaç. Axı belə olmamalıdır. Əgər sənin imkanın varsa, nəyə görə imkansız qonşunun yoluna işıq çəkib küçəni işıqlandırmayasan, yaxud bərbad vəziyyətdə olan yolu təmir etməyəsən, su-kanalizasiya xətti çəkməyəsən, ağac əkib həm gözəllik, həm də ekoloji təmizlik yaratmayasan. Axı hər kiçik məsələnin həlli üçün dövlətdən yardım ummaq olmaz.

 

«Şəxsən Mehriban xanım Əliyevaya müraciət etdim, sağ olsun, mənim səsimə səs verdi və problemlər həllini tapdı…»

 

-Necə oldu ki, Güzdəkdə ev tikdirdiniz, eşitdiyimə görə məhz sizin əzmkarlığınızla sakinlər bir çox problemlərdən yaxa qurtara bilib burada…

-Mənim çoxdankı arzum idi ki, həyət evim olsun. Bu evin hər kəsin üzünə açıq olmasını, qonaqlarımın rahatlıqla gəlib-getməsini, dərd-sərini bölüşməsini istəyirdim. Bu məqsədlə Aşağı Güzdəkdə torpaq sahəsi almaq istədim. Bələdiyyə sədri orada heç bir iş görməmişdi, insanların vəziyyəti dəhşətli dərəcədə ağır idi. Bakının 20 dəqiqəlik məsafəsində yerləşən bu qəsəbədə işıq lampaları közərir, uşaqlar gecələr kitab oxuya bilmirdi – qaz yox, su yox. Qışda buz kimi evlərdə yaşayırdılar. Mən şəxsən Mehriban xanım Əliyevaya müraciət etdim. Çox sağ olsun Mehriban xanımı, mənim səsimə səs verdi və problemlər həllini tapdı. İşıq idarəsinə yeni rəis təyin olundu, işıq dirəkləri çəkildi, transformator qoyuldu. Yolların bərpasına kömək edildi, bir sözlə, Aşağı Güzdək yaşanılacaq hala gəldi. Əvvəllər elektrik xətləri yerə dəyirdi, işıq dirəklərinin əvəzinə taxta parcalarına bərkidilmişdi, hətta dəfələrlə mal-heyvanı cərəyan vurmuşdu. Bu problemlərlə əlaqədar o zaman dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Başçı isə qətiyyən bizi qəbul edib, dərdimizi dinləmirdi. Halbuki prezident bu vəzifə postlarına onları xalqa, millətə xidmət üçün təyin edir. Əfsuslar olsun ki, bir çoxları bunu anlamır. Əlbəttə, öz yerində olmayan məmurlarla yanaşı xalqın dərdinə yanan, ona kömək edənlər də az deyil. Bir məsələ ilə əlaqədar nazir Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyirdim, lakin alınmırdı. Mənə mane olurdular, amma qismət elə gətirdi ki, Kəmaləddin müəllimlə görüşdük və mən ona problemimi danışdım. Çox sag olsun, o, qəsəbənin problemlərini yoluna qoymaqda mənə kömək etdi. Ümumiyyətlə, onun barəsində həmişə müsbət fikirlər eşidirəm. O, çox insana kömək edib və edir. Bütün ibadətlərimdə şəxsən ona dualar edirəm…

-Bəs nə əcəb Şamaxıda-ata yurdunda deyil, Güzdəkdə binə qurdunuz?

– Şamaxıda problemlər azdır, amma bu qəsəbədəki insanların güzəranını görüb səmtimi bura saldım… Dedim, o problemləri burada yaşayıb həll etmək olar… Mən bu günlərdə Şamaxıdan gəlmişəm, rayonun icra başçısı Tahir Məmmədov doğrudan da bu rayonun inkişafı üçün əlindən gələni edir. Nə qədər abadlıq işləri görülüb, mən öz gözlərimlə şahid oldum və çox sevindim. Söylədilər ki, icra başçısı həftənin iki günü bütün insanları qəbul edir, onların problemini dinləyib, kömək edir. Əvvəlki icra başçısı Asif Məmmədov da xalqa yaxın olan, heç bir şikayəti diqqətdən kənar qoymayan bir şəxs idi. O zaman Şamaxıda Maarufçan adlı bir bələdiyyə sədri vardı. Şamaxıda torpaq qoymamışdı qala, satmışdı… Sonra da Güzdəkdəki hektarlarla sahəni ələ keçirib almışdı. Bu insanın əməllərinə son qomaq mümkün deyildi. Hətta Şamaxıda xalqın, dövlətin böyük bir sisterna – su çəni vardı. Aparıb həyətində gizlədib, sonra əvəzində qarovulçu işləyən yaşlı və əlil kişini oğurluqda günahlandıraraq həbs etdirmişdi. Biz şəxsən həmin işin üstünün açılmasına nail oduq, Marufcan cəzalandırıldı, qarovulçu isə həbsdən buraxıldı…

***

…Şamaxıdan böyük sevgi ilə danışan Sona xanımın gözlərində həsrət gördüm. Doğrusu Şıxeyib babanın nəslindən olan  bu yardımsevər, mübariz və comərd xanımın Şamaxıda torpaq sahəsinin, evinin, ocağının olmamasına, təəssüfləndim… Sona xanım böyük ürək ağrısı ilə bildirdi ki, bu gün hələ də güzdəklilərin içməli su problemi var. Baxmayaraq ki, Şollar su xətti yaxınlıqdan keçir və həmin su bələdiyyələrin, kənd sovetinin həyətinə çəkilib.

-Dəfələrlə kənd sovetinə müraciət etmişəm ki, həmin sudan kəndin bəzi küçələrinə çəkilsin və kənd camaatı da heç olmasa evinə təmiz, içməli su aparsın. Lakin hələ də də sözümüzü eşidən yoxdur… İndi Güzdəkə əvvəlki şəxslərin yerinə yeni təyinatlar olub. Düşünürəm ki, onlar insanların problemlərinə daha adekvat yanaşacaqlar. Ümid edirəm ki, bu problem də müsbət həllini tapacaq… Deyirdilər ki, Güzdəkdə ağac bitmir. Əslində isə su yox idi, ona görə idi.  Çox sağ olsunlar – «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə, onun müavini Zakir müəllim, həmçinin Köçəri müəllim. Xahiş etdik, yaşıllıq salmaq üçün texniki suyun Ceyranbatandan Güzdəkə çəkilməsində bizə-qəsəbə sakinlərinə dayaq oldular. Qəsəbə sakinlərinə söylədim ki, həyətlərinizdə, küçənizdə meyvə ağacları əkin ki, məhsulundan həm ailələriniz, həm də yoldan ötən yolçu dərib istifadə edə bilsin. Hazırda Güzdəkdə rayonlardan, hətta Naxçıvandan da çoxlu ağac gətizdirib əkdirmişəm. İnşallah, bu missiyamı davam etdirəcəyəm.

-Siyasətlə maraqlanırsınızmı?

-Mən siyasətçi deyiləm, lakin prezident seçkilərində həm özüm, həm də övladlarım yaxından iştirak etmişik. Prezidentimiz cənab İlham Əliyevin təbliğatının aparılmasında, insanların seçki-səsvermə fəallığının artırılmasında həm Şamaxıda, həm də Güzdəkdə yorulmadan fəaliyyət göstərmişəm. Və hətta həmin ərəfədə ağır zədə almağıma baxmayaraq, sonadək usanmadan çalışmışam. Biz ailəlikcə dövlətimizi, xalqımızı, prezident İlham Əliyevi, vitse-prezident Mehriban xanım Əliyevanı sevirik.

***

…Sona xanımla söhbət əsasında arabir fikir bildirən, Moskvadakı və Bakıdakı fəaliyyəti barədə xəbərdar olduğum, döğrudan da anası qədər əzmkar, savadlı və olduqca gözəl olan Rəna xanımla söhbətimi davam etdirirəm. Məlum oldu ki, Rəna xanım iki universitetin məzunu olub – həm iqtisadçı, həm də hüquqşünasdır. Hələ tələbə ikən Moskvada vilayət məhkəməsində, prokurorluqda, Rusiyanın İqtisadiyyat Nazirliyində çalışıb. Hazırda isə Rusiya XİN –nin dəstəyi ilə yaradılmış “Nasledniki pobedı” (“Qələbənin varisləri”) adlı Beynəlxalq Təşkilatda  çalışır. Azərbaycanda bu istiqamətdə apardığı fəaliyyətinə görə medalla da təltif olunub.

Rəna xanım söhbətimizə qoşulur:

– Bizim təşkilatın məqsədi İkinci Dünya Müharibəsi, qəhrəmanlıq tariximiz barədə yeni nəsilləri məlumatlandırmaq, onların vətənpərvər ruhda tərbiyə olunması üçün iş aparmaq, nəsillərdən-nəsillərə ötürülməsinə çalışmaqdır. Mən Azərbaycanda təmsil etdiyim təşkilatın xətti ilə müxtəlif tədbirlər keçirmişəm. Ötən il “Azərbaycan Veteranlar Şurası” ilə birgə Beynəlxalq Forum keçirildi. 27 ölkənin təmsil olunduğu möhtəşəm Konfrans 3 gün davam etdi. Çox ciddi məsələlərə toxunuldu. Azərbaycan tərəf əlbəttə ki, yalnız ikinci dünya müharibəsindən deyil, hamımızın yaralı yeri olan Qarabağ məsələsindən danışdı. Həm Milli Məclisdə, həm də Prezident Administrasiyasında görüşlər, qəbullar keçirildi. Həmçinin burada “Sülh günləri” adlı tədbirlər də keçirilir. Hər il sentyabrın 21-də “Sülh günləri” müxtəlif məktəblərdə, ali məktəblərdə qeyd edilir. Düşünürəm ki, tədbirin keçirilməsi yeni ənənə halını alacaq. Çünki  bu dünyanın bir çox ölkələrində – Kanadada, Avropada, Misirdə, Afrika ölkələrində, hətta Əlcəzairdə də qeyd olunur. Hazırda təmsil etdiyim beynəlxalq birliyin 5 milyondan çox üzvü var…

***

 Söhbət əsnasına Rəna xanım qeyd edir ki, Moskva radiolarınadan birinə qonaq qismində dəvət edilir və proqramın mövzusu  “Qələbənin varisləri”, həmçinin dahi siyasətçi Heydər Əliyevin fəaliyyətindən ibarət olduğu söylənilsə də və o, məhz bu istiqamətdə çıxışa hazırlaşsa da son anda bəhs edilməli olan mövzu dəyişib:

– Düzü, söhbətin tamam başqa məcraya yönəldiləcəyini gözləmirdim. Tamamilə razılaşdığımız mövzuya dəxli olmayan sahədən – Azərbaycanın mətbəxindən, turizmindən söhbət açmağa başladılar. Və mənə hazırlaşdığım mövzu ətrafında danışmağa imkan vermədilər. Xahiş etdilər ki, mübahisəli məsələlərə, ümumiyyətlə, Qarabağ məsələsinə toxunmayım… Amma mən öz sözümü dedim… Təmsil olunduğum təşkilatın xətti ilə Azərbaycanda ali məktəblərdə 80 ölkənin təmsil olunduğu video – konfranslar keçirilir. Neçə ildir ki, Azərbaycan çox yüksək səviyyədə təmsil olunur. 80 ölkədə nümayiş olunan həmin video-konfranslarda biz Qarabağ məsələsi, ermənilərin 20 faizdən artıq ərazilərimizi işğal etməsi, azərbaycanlılara qarşı aqressiv və işğalçılıq münasibətləri də qeyd edilir. Biz video-konfranslarda faşizmlə mübarizə apardığımızı, müharibə istəmədiyimizi, sülh yolu ilə Sülh arzuladığımızdan bəhs edirik.

«Tibet zirvəsində bayrağımızı uca zirvəyə asdım və donub heydən düşmüş barmaqlarımla bayrağa Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın adlarını yaza bildim…» 

…Rəna xanım çoxdan arzusunda olduğu və dostları ilə gerçəkləşdirdiyi Tibet səfərindən də danışdı. Necə qorxulu və uzun bir yol qət etmələrindən, səyahət zamanı başlarına gələn qorxunc macəralardan bəhs etdi:

-Tibet ənənəsinə görə, müqəddəs yerlərdə rəngli bayraqlara dualar yazıb asırlar, o dualar külək əsdikcə göyə qalxır və gerçəkləşir.  Mən özümlə bərabər ən yüksək zirvədən asmaq üçün Azərbaycanın bayrağını götürmüşdüm, həmçinin rəngli bayraqları. Hava çox soyuq idi, şaxta az qala adamı dondururdu. Lakin biz geri dönmədik. Gecəni 5200 m yüksəklikdə olan Dirapuk-Gompa monastırında keçirdik. Qarlı və şaxtalı havada az qala donurduq, ürək ritmlərimin sayını itirmişdim. Bayrağımızı deyilən uca zirvəyə asdım, lakin donub heydən düşmüş barmaqlarımla həmin bayraqlara Prezident İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın adlarını yaza bildim…

 Söhbətin bu əsnasında ailənin kiçik oğlu Rövşənin də ali təhsilli hüquqşünas olduğunu, Moskvada çalışdığını, vətənpərvər gənc olduğunu, hazırda onun da anasını ziyarət etmək üçün Bakıya gəldiyini öyrənirik.

– Sona xanım, neçə oldu ki, Rusiyada – Moskva kimi bir şəhərdə başqa millətlər arasında övladlar tərbiyə etdiniz və onları məhz bu qədər dininə, adətlərinə hörmət, millətinə sevgi hissini aşılaya bildiniz?

-Gecə-gündüz ibadətlərimdə Allaha dua edirəm ki, tanrı millətimi, prezidentimizi, onun ailəsini qorusun. Düzdür, biz neçə illərdir ki, Rusiyada yaşayırıq, orada təhsil almışıq, oranın suyunu-çörəyini yemişik, lakin ailəmiz də, mən də heç bir zaman azərbaycanlı olduğumuzu, adət-ənənəmizi unutmamışıq, dinimizə, dilimizə bağlı olmuşuq. Mən neçə illər Moskvada həkim işləmişəm, yanımda alkoqollu içki də içiblər, siqaret də çəkiblər. Lakin mən heç zaman Azərbaycan qadınına yaraşmayan pis vərdişlər sahibi olmamışam. Tərbiyə kökdən-nəsildən, ailədən gəlir, uşaq heç də həmişə kiminsə təsiri altına düşüb oğru-quldur, vətən xaini olmur. Söylədiyim bu amillər uşağın fərd kimi doğulub, şəxsiyyət kimi yetişməsində əsas faktorlardır. Yeri gəlmişkən, qeyd edim ki, neçə il öncə Bakıdakı evlərimizdə iki dəfə oğurluq hadisəsi törədilib. Mən xəstəxanada olan zaman evi sahibsiz bilib pul, zinət əşyalarımızı, qızımın cehizlərindən tutmuş bütün paltarlarımıza kimi aparıblar; ət maşını, tozsoran, ziyarətə gedəndə gətirdiyimiz dua diskləri, hətta soyuducudakı ərzaqlara kimi. Dəhşətlisi odur ki, həmin şəxslər qaz xəttini açıq qoyaraq getmişdilər. Hətta pəncərələri də döşəküzü ilə qapatmışdılar. Əgər həmin zaman kartda olan qazın miqdarı bitməsəydi, bütün bina partlaya bilərdi. Qeyd edim ki, bu hadisə Prezident seçkisi ərəfəsində baş vermişdi… Bizim heç bir kəsə pisliyimiz dəyməyib, şəxsi-qərəzliyimiz olmayıb. Və mən evimizin soyulmasına, külli miqdarda zərər çəkməyimizə baxmayaraq, baş verə biləcək partlayış hadisəsinin, insanlara bizə görə dəyəcək ziyanın şokunu yaşadım. Və ağır sarsıntı keçirərək xəstələndim… Bir nəfəri tutdular. O isə məhkəmədə hakimə dedi ki, «Siz bilirsiniz ki, bu cinayətdə mənim əlim yoxdur…».

***

Sona xanımın həmin cinayətlə bağlı danışdıqlarına  qulaq asdıqca bu sətirlərin müəllifi olaraq elə mən də şok keçirməyə bilmirdim… Axı necə ola bilər ki, övladları, ailəsi Rusiyada millətimiz adına xeyirli işlər görən savadlı, intellektual bir ailənin evini soyasan, yaxud soydurasan, onları ailəlikcə məhv etmək istəyəsən? Düşünürəm ki, bunu yalnız erməni dəyirmanına su tökənlər edə bilərdilər. Başqa heç kim…

 Sona xanım məlum hadisə barədə detallarınadək bəhs etməyimizi istəmədiyindən – hadisənin baş verdiyi ərazini, sahəni, cinayət işini hansı idarə rəisinin apardığını, istintaqın nəticəsini, hakimin adını və cinayətkarın məhkəmədə verdiyi ifadəsini və ilaxır… zamanın və bəzilərinin vicdanına buraxırıq. Və Sona xanımın fikirlərinə hörmət edərək, söhbəti burada yekunlaşdırırıq.

 Sonda isə Sona xanım ən ümdə arzusunun vətən torpaqlarının tez bir zamanda erməni işğalçılarından azad edilməsi olduğunu və insanların bir-birinə dəyər verib, sevməsini istədiyini bildirdi:

-Təəssüf edirəm ki, zəmanəmizdə saf sevgi əsasında qurulan ailələrin sayı çox azdır. Bu gün boşanmaların sayı günbəgün artır. Hansısa maraq üzərində qurulan ailələrdəki münasibət, elə sonda həmin təmənnanın yerinə yetməməsi, puç olması səbəbindən də dağılır. Qadınlara güclü, dəyanətli olmağı, ailəsini qorumağı, dövlətimizə-xalqımıza layiqli övladlar tərbiyə etməyi arzulayıram. Allahı sevin, lakin ibadət etməyinizi dilə gətirməklə özünüzü reklam etməyin. Namaz qılıb, məhkəmədə yalan ifadə verirsənsə, kiminsə haqqını yeyirsənsə, bu əməlisalehlik deyil. Quran da oxuyun, namaz da qılın, amma elmdən də vaz keçməyin…

Yasəmən MƏMMƏDLİ

P.S. Şənbə günü bizi Güzdəkdəki ocağına iftar süfrəsinə, həm də Qədr gecəsinə dəvət edən Sona xanımın görüşünə getdik. Həyətdə, mətbəxdə qələbəlik, canlanma vardı. Hərə bir işin qulpundan yapışıb. O, bir –bir qonaqları bizimlə tanış edir. Aralarında Sona xanımla uzun illərdən bəri rəfiqəlik edənlər də var, qohumlar da, müxtəlif bölgələrdən gələn insanlar da, rəsmi şəxslər də.. Sona xanım oruc tutmasına baxmayaraq, həm süfrə hazırlıqları ilə məşğul olur, həm də qonaqlarına diqqət göstərib, söhbət edir. Diqqət çəkən məqamlardan və düşünürəm ki, təbliğ olunmalı və unudulmaq üzrə olan adətlərimizdən biri isə gələn xanımların evlərində hazırladıqları təamları iftar süfrəsinə gətirmələri, el birliyi ilə süfrə açmaları idi. Mən çoxdan idi ki, belə bir mənzərənin şahidi olmamışdım. Bu süfrədə hər bir xanımın evdarlıq məharətinin izləri vardı. Evin ərköyün hesab etdiyim gənc qızı Rəna xanımın da necə məharətlə, qədim adətlərimizə məxsus yer süfrəsi açmasına, hər bir detala fikir verməsinə həm təəccübləndim, həm də valeh oldum.

Hamı kimi Qədr gecəsində biz də dualar etdik. Dualarımızda həm də bu ocaqda böyüyüb tərbiyə almış vətənpərvər gənclərimizə – Ramin, Rəna və Rövşənə tezliklə xoşbəxt ailə sahibi olmağı, bu ocağa toy-nişan dəvətinə gəlməyimizi, Sona xanımın isə nəhayət, nəvə-nəticə sahibi olmasını arzu etdik… Və çox şad idim ki, bu müqəddəs gecədə bir daha Azərbaycanın seçilən bir xanımı – Sona xanımla Azərbaycan ünvanlı duaları edirdik…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!