“İmam üçün ağlayanda, bir az da Yezid üçün ağlamaq lazımdır.”
***
Bu gün təhsildə baş verənlərə baxanda bu ifadə nə qədər yerinə düşür. Biz artıq təhsil islahatlarının üçüncü mərhələsinə qədəm qoymuşuq – yəni kadr potensialının təmizlənməsi və gücləndirilməsi mərhələsinə. Birinci mərhələdə struktur və idarəetmə modeli quruldu, ikinci mərhələdə qanunvericilik bazası formalaşdı. İndi isə məsələ şəffaflıq və keyfiyyət üzərindədir.
Tezadlar.az xəbər verir ki, bunu tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi təhsil sistemini “artıqlardan”, yəni prosesə xələl gətirən, müəllim adına kölgə salan, qanunsuzluqları adətə çevirən şəxslərdən təmizləyir.
“Son bir ayda bunun konkret nəticələrini görürük:
region və Bakı məktəblərində direktor, direktor müavinlərinin vəzifədən azad edilməsi və töhmət alması artıq sistemin ciddi şəkildə sağlamlaşdırılma mərhələsinə keçdiyini göstərir. Əsas səbəb – əsassız pul yığımları, məktəb idarəetməsindəki səriştəsizlikdir. Fond, süpürgə, kağız, katric, ksq, bsq adı altında toplanan bu vəsaitlər təhsil mühitində etimadı sarsıdır, müəllimin nüfuzunu zədələyir”, – deyib.
Kamran Əsədov problemin kökünü resurs çatışmazlığında, idarəetmədəki boşluqlarda görür.
“Amma günahı təkcə müəllimdə və ya direktorda axtarmaq doğru deyil. Çünki bu problemin kökü resurs çatışmazlığı və regional təhsil idarəetmə mexanizmlərindəki boşluqlardan qaynaqlanır. Dövlət hər il məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə milyonlarla manat ayırır, lakin bu vəsaitlərin bəzən “kağız üzərində” qalması nəticəsində məktəblərdə real çatışmazlıqlar yaranır.
Nəzərə alaq ki, ölkədə 4430 məktəb və 1,6 milyon şagird var. Hər fənn üzrə ayda keçirilən KSQ və BSQ üçün milyonlarla kağız, katric, printer və digər resurs lazımdır. Bu da təbii olaraq əlavə maliyyə yükü yaradır. Amma bu yük valideynin cibindən yox, sistemin resurs idarəetməsindən qarşılanmalıdır.
Təhsil haqqında Qanunun 34-cü maddəsi, Təhsilin İnkişafı Strategiyasının 3.2.2 bəndi və Ümumi təhsil haqqında Qanunun 24.1.4 bəndi aydın şəkildə göstərir ki, valideynin məktəbə dəstəyi yalnız könüllü şəkildə ola bilər. Məcburi pul yığımı qanun pozuntusudur.
Bu gün Elm və Təhsil Nazirliyi bu qanunların icrasını təmin etməklə təhsildə ədalət, şəffaflıq və məsuliyyət mühitini bərpa edir. Nazirliyin məqsədi cəza vermək deyil – sistemi sağlamlaşdırmaqdır”, – deyə qeyd edib.
O, məktəblərdəki pulyığmanın qarşısını almaqla bağlı təklif də verib:
“Problemin həlli istiqamətində KSQ və BSQ-nin elektronlaşdırılması, məktəblərin texniki bazasının yenidən yoxlanması və işlək vəziyyətə gətirilməsi həm kağız israfını, həm də əsassız pul yığımını aradan qaldıra bilər.
Bu gün təhsildə baş verən təmizlənmə prosesi cəsarətli, prinsipial və dövlətin maraqlarına xidmət edən addımdır”.
Təhsil eksperti sonda bir daha vurğulayıb ki, Elm və Təhsil Nazirliyi uzun illərin yığılıb qalan problemlərini açıq şəkildə həll etməyə başlayıb:
“Bu, artıq “islahat” deyil — bu, sistemin yenidən doğulmasıdır”.
Y.Məmmədli