Millət vəkili Elnarə Akimova bu gün parlamentdə dərsliklərdəki ciddi qüsur vı çatışmazlıqlarla bağlı çıxış edib. Tezadlar.az xatırladır ki, o, bu barədə sosial media platformasındakı paylaşımında yazıb.
Sitat: “Məni narahat eləyən dərsliklər məsələsi ilə bağlı bu gün Milli Məclisdə çıxış etdim. Sitat: “Hörmətli komitə sədri, hörmətli həmkarlar və hökumət nümayəndələri!
Bugünkü büdcə müzakirələri bizim sadəcə rəqəmlərə deyil, eyni zamanda cəmiyyətimizin gələcəyini müəyyən edən strateji prioritetlərə baxışımızı ortaya qoymalıdır. Təhsilə ayrılan hər bir manat dövlətin gələcəyinə qoyulan sərmayədir. Bu sahədə nə qədər uğurlu olacağıqsa, gələcəyimizi sabahkı nəslə daha aydın, daha əmin arxayın həvalə edəcəyik. Amma əvvəlcə biz o şəraiti, o sağlam mühiti onlara yaratmalıyıq.
Son günlər televiziya efirlərində və sosial şəbəkələrdə məktəb dərsliklərinin vəziyyəti, oradakı ciddi məzmun qüsurları və texniki yararsızlıqlar müzakirə olunur. Özüm də bu müzakirələrdə yaxından iştirak etmişəm, ictimaiyyətin narahatlığını haqlı hesab edirəm. Valideynlər, müəllimlər və mütəxəssislər həyəcan təbili çalırlar. Məncə aidiyyəti qurumlar, xüsusilə Təhsil Nazirliyi səviyyəsində bu haqlı tənqidlərə adekvat reaksiya, sağlam izahat və ya məsələnin həllinə yönəlmiş addım göstərilməlidir.
Hörmətli həmkarlar, məhz büdcə müzakirələri zamanı bu məsələni qaldırmağımın səbəbi odur ki, dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Suveren dövlətimizin milli-mənəvi dəyərlərinin keşiyində duran, uşaqlarımıza düzgün tarixi, milli kimliyi və ana dilini aşılayan dərsliklər bizim strateji təhlükəsizliyimizdir. Bunu cənab Prezident də YAP-ın 8 -ci qurultayında, eləcə də VII Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunda etdiyi çıxışlarında da xüsusi olaraq qabartdı, sağlam, güvənli gələcəyin formalaşması üçün təhsilin önəmini önə çəkdi. Təhsil ümummilli məsələdir. Bir yəhudi aliminə sual ediblər ki, niyə görə sizin içinizdən bu qədər Nobel mükafatçıları çıxır? Cavab verir ki, çünki biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdiririk. Məncə, bu yöndə düşünməliyik.
Bu gün əgər ayrılan milyonlarla manat vəsait nəticəsində cəmiyyətdə haqlı etiraz doğuran, qüsurlu və səthi mətnlərlə dolu dərsliklər ortaya çıxırsa, deməli, hardasa həm də ciddi nəzarət boşluğu var. Bu vəsaitlər daha səmərəli, daha məqsədyönlü xərclənməlidir.
Buna görə də təklif edirəm ki:
* Parlamentdə Elm və Təhsil Nazirliyi və müvafiq qurumlarla birlikdə mütəmadi ictimai dinləmələr keçirib mövcud irad və təkliflər dinlənilsin, birlikdə həll yolları axtarılsın.
*Eyni zamanda dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı komitəyə ətraflı və şəffaf hesabat təqdim edilsin.
* Ekspertiza komissiyası yaradılsın: Dərsliklərin qiymətləndirilməsi prosesinə ictimaiyyətin, tanınmış alimlərin, əsl mütəxəssislərin və ziyalıların real təsiri təmin edilsin ki, məzmun keyfiyyətinə nəzarət güclənsin.
Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir. Dövlət büdcəsini dəstəkləyirəm və dqqətinizə görə təşəkkür edirəm!”







