ABŞ administrasiyasının Zelenskinin London səfərinə mənfi münasibəti üzə çıxdı

ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskinin London səfərini sülh danışıqlarını təxirə salmaq cəhdi hesab edir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Ukraynalı rəsmilərdən biri nəşrə bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Zelenskini tez bir zamanda hərəkətə keçməyə məcbur etməyə çalışır. Bu arada, avropalı tərəfdaşlar Ukrayna prezidentini ehtiyatlı və səbirli olmağa çağırırlar.

Qeyd olunur ki, Ağ Evdəki bəzi rəsmilər bundan qıcıqlanır və Avropa nümayəndələrinin sülh sazişinin əsas maneəsi olduğuna əmindirlər.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Zelenskinin Avropa liderləri ilə görüşməklə yalnız bir məqsədinin olduğu fikrini bildirmişdi: ABŞ sülh planını pozmaq.

E.ŞİRİNOV

Xəbəri paylaş