ABŞ-da iki ölümcül iynə vurulduqdan sonra sağ qalan ölüm hökmü ilə cəzalandırılan məhbus Krista Payk günlər sonra oyandı. Reanimasiya müalicəsi almağa davam etsə də, ştatda edamlar ilin sonuna qədər dayandırılıb.
Tezadlar.az xəbər verir ki, ona iki ölümcül iynə vurulub, lakin sağ qalıb. Günlərlə komada qalan ölüm hökmü ilə cəzalandırılan məhbus özünə gəlib.
ABŞ-ın Tennessi ştatında edam edilməsi planlaşdırılan 50 yaşlı Krista Payk xəstəxanada oyanıb.
BBC-nin xəbərlərinə görə, Paykın vəkilləri bildiriblər ki, müvəkkilləri hələ də reanimasiya müalicəsi alır.
Vəkillər onun xəstəxanada qandallı saxlanıldığını qeyd edərək, onun sağlamlıq vəziyyətinin qeyri-müəyyən olduğunu vurğulayıblar. “Ən yaxşı halda, bizi uzun bir sağalma dövrü gözləyir”, – deyə onlar bildiriblər.
Hüquq professoru Deborah Denno məhbusun özünə gəlməsinə və danışa bilməsinə təəccübləndiyini bildirib.
Dennonun sözlərinə görə, əvvəllər də məhbusların edam cəhdlərindən sağ çıxması halları olub. Lakin bu hallarda ölümcül maddələrin venadaxili yolla vurulması müəyyən edilə bilmədiyi üçün tətbiq edilə bilməyib. Ekspert qeyd edib ki, bu işi fərqli edən şey kimyəvi maddələrin vurulmasına baxmayaraq məhbusun sağ qalmasıdır.
Uğursuz edam cəhdindən sonra Tennessi qubernatoru Bill Li ştatda edamların icrasını ilin sonuna qədər dayandırdı. Ştat həbsxanasının direktoru da istefa verdiyini açıqlayıb.
Məhbusun yenidən edam edilib-edilməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
ELBAR







