***
Bu gün Azərbaycanın ən müasir və nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADA Universitetinin yaranmasının 19-cu ildönümüdür! Bu illər ərzində ADA, beynəlxalq standartlara uyğun təhsil modeli, innovativ yanaşmaları və elmi mühitiylə ölkənin təhsil sistemində xüsusi yer tutub.
Tezadlar.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial media hesabında bildirib.
“Mən xoşbəxtəm ki, bu universitetdə Education Management (Təhsilin idarə olunması) ixtisası üzrə magistr təhsili almışam. ADA-da keçirdiyim illər mənim üçün yalnız akademik biliklərin deyil, həm də müasir idarəetmə prinsipləri, strateji düşüncə və qlobal təhsil sistemlərinin incəliklərini öyrənmək baxımından misilsiz bir təcrübə oldu. Bu ali məktəb mənə yalnız nəzəri biliklər deyil, həm də real həyatda tətbiq edilə biləcək liderlik bacarıqları, analitik düşüncə və müasir idarəçilik metodları qazandırdı.
Bu möhtəşəm gündə ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevi, eləcə də universitetin bütün professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini səmimi-qəlbdən təbrik edirəm! Sizlər Azərbaycan təhsilində yeni bir səhifə açaraq, universitet mədəniyyətini tam fərqli səviyyəyə yüksəltmisiniz. ADA – sadəcə bir universitet deyil, bilik və inkişaf mərkəzidir!
Azərbaycanın ən müasir təhsil ocağı olan ADA-nın uğurları davamlı olsun!”, – deyə o qeyd edib.
JASMİN