Əsas məzmuna keç

“Azərbaycan 10 noyabr Bəyanatından sonra da regionda davamlı sülhün təmin olunması istiqamətində addımlar atıb”

“Rəsmi Bakı uzun illər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, İrəvanın işğalçılıq siyasəti və çağırışlarımıza məhəl qoymaması problemin həllini mümkünsüz edirdi”. Bu sözləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan Bəyanatın əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladı:

“BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi olsa da, işğalçı qüvvələr Azərbaycan ərazilərini azad etmək niyyətində deyildilər. Azərbaycan dəfələrlə münaqişənin sülh yolu ilə həlli üçün bəyanatlar verdi, çağırışlar etdi. Hətta Qarabağ ermənilərinə mədəni muxtariyyət kimi geniş status verilməsi təklifini də irəli sürdü. Məqsədimiz məsələnin qan tökülmədən həllinə nail olmaq idi.

Lakin rəsmi İrəvanın “Böyük Ermənistan” ideologiyasından və ərazi iddialarından əl çəkməməsi, xüsusilə Nikol Paşinyanın “Qarabağ Ermənistandır.” bəyanatı Azərbaycanın səbrini tükəndirdi. Nəticədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi”.

Ekspert qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın münaqişənin mümkün qədər az itki ilə başa çatdırılmasına yönəlmiş siyasətinin nəticəsi idi:

“Həmin dövrdə Azərbaycan Ordusu sürətlə irəliləyirdi və hərbçilərimiz qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirirdilər. Cəmiyyətdə Azərbaycanın tarixi torpaqlarına, o cümlədən Zəngəzur və Göyçəyə qayıtmaq imkanları ilə bağlı müzakirələr də aparılırdı. Lakin Prezident İlham Əliyev 10 noyabr sənədini imzalamaqla bir daha göstərdi ki, əsas məqsəd dövlətin və xalqın maraqlarını qorumaq, münaqişənin daha böyük itkilərə səbəb olmasının qarşısını almaqdır”.

A.Məsiyev vurğulayıb ki, Bəyanatın müddəaları, o cümlədən Kəlbəcər və digər rayonların hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması baxımından mühüm əhəmiyyət daşıyırdı:

“Kəlbəcərin strateji mövqeyini nəzərə alsaq, orada hərbi əməliyyatların aparılması hər iki tərəfdən ciddi itkilərə səbəb ola bilərdi. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilməsi də həmin dövrün siyasi və hərbi reallıqlarından irəli gələn taktiki addım idi. Zaman göstərdi ki, Azərbaycan nəyi, nə zaman və necə edəcəyini yaxşı bilir. 2023-cü ilin sentyabrında keçirilən birgünlük antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyi tam bərpa olundu və sülhməramlı qüvvələr də ölkəmizi tərk etdilər”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan 10 noyabr Bəyanatından sonra da regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində addımlar atıb:

“Bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın 5 əsas prinsip əsasında sülh gündəliyi ilə çıxış etməsi dövlətimizin regionda sabitliyin tərəfdarı olduğunu göstərdi. Təəssüf ki, Ermənistan 10 noyabr Bəyanatının bütün müddəalarını tam şəkildə yerinə yetirmədi. Xüsusilə sənədin 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında əlaqənin təmin edilməsi məsələsi indiyədək mübahisə mövzusu olaraq qalır.

Hesab edirəm ki, Ermənistanın bu istiqamətdə atdığı addımlar və Qərb ölkələrinin regionda artan maraqları məsələnin həllini mürəkkəbləşdirir. Zəngəzur dəhlizi ətrafında müzakirələrdə yalnız iqtisadi deyil, siyasi maraqlar da mühüm rol oynayır. Bununla belə, Azərbaycan sülhə nail olmaq üçün praktiki addımlar atır. Ermənistana strateji yüklərin daşınması, enerji resurslarının, benzin və dizel yanacağının satılması, eləcə də nəqliyyat əlaqələrinin bərpası istiqamətində təşəbbüslərimiz buna nümunədir”.

Politoloqun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münaqişənin faktiki həlli istiqamətində mühüm mərhələ 10 noyabr Bəyanatının imzalanması ilə başlayıb, amma davamlı sülhün hüquqi əsaslarının formalaşması üçün sülh sazişinin imzalanması vacibdir:

“Baxmayaraq ki, sülh sazişinin mətni üzrə razılıq əldə olunub, onun imzalanması və tam icrası Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsindən asılıdır. Ermənistan öz konstitusiyasında əks olunan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələyə aydınlıq gətirməli, qarşılıqlı ərazi bütövlüyünün tanınması prinsipini hüquqi müstəvidə də təsdiqləməlidir.

İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması və dinc yanaşı yaşamaq prinsipinə sadiqliyi davamlı sülhün əsas şərtidir. Hesab edirəm ki, Azərbaycan həm 10 noyabr Bəyanatının imzalanması, həm də sonrakı mərhələdə atdığı addımlarla regionda əmin-amanlığın və sabitliyin bərqərar olunmasında maraqlı olduğunu nümayiş etdirib. İndi əsas məsələ Ermənistanın da bu istiqamətdə real və əməli addımlar atmasıdır”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…