11 Mart 2025 / 14:39

Azərbaycanda Kinostudiya “ölüb”, dəfn edən lazımdır: RASİM BALAYEVDƏN CİDDİ NARAHATLIQ

Azərbaycanda son 30 ildə üzə çıxarılıb xarici rejissor və tamaşaçılara göstərilməli bir filmimizin olmaması həmişə ürək ağrısı ilə müzakirə edilib. Bircə misal: Ermənistanın 30 illik işğalını və Qarabağdakı viranəliyini özündə əks etdirən bədii filmimizin olmaması buna sübutdur. Niyə müharibə görməyən ABŞ-ın istehsal etdiyi müharibə filmləri dünyanı mat qoyur, amma müharibədə dəhşətlər yaşamış Azərbaycanda ortalığa çıxarılmalı bir samballı filmimizin olmaması təəssüf doğurur.

***

Martın 10-da “Cinema Talks” çərçivəsində keçirilən panel müzakirədə də bu məsələ araşdırılıb, ağrılar dilə gətirildi. Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əlisa Cabbarovla Kino Agentliyinin direktoru Orxan Fikrətoğlu arasında bu səbəbdən gərginlik yaşanıb. Əlisa Cabbarov deyib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-biri ilə yola getmədiklərini də vurğulayıb: “Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu cavabında deyib: “Statistikaya əsaslanmaq lazımdır. Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev jurnalistlərə açıqlamasında daha sərt danışıb: “Kinoya ayrılan və xərclənən pullar şəfaf olmalıdır. Məsələn, bu gün “Azərbaycanfilm”ə pul vermirlər. Niyə? O boyda studiya qalıb göz dağı kimi. Əgər studiya varsa niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul verirlərsə bu açıqlanmalıdır…”.
 “Təzadlar” xatırladır ki, vaxtilə kino məbədi olmuş Cəfər Cabbarlı adına Kinostudiya uzun illərdir boş dayanıb, pul ayrılmır. Vaxtilə kinostudiyanın həyətindən kabab iyi gəlirdi, kino çəkilişlərinə baxış bu tüstüdə itib-batırdı. Vaqif Mustafayev özünün rejissorluğu ilə bir film çəkəndən sonra çəkilib durdu kənarda.
“Təzadlar” dəfələrlə təklif verib və tənqidindən də qalmayıb ki: əttökən, bayağı teleseriallara, keyfiyyətsiz və məzmunsuz bədi filmlərə ayrılan pulların hesabına xarici ölkələrdən rejissorlar dəvət edib normal bədii film çəkmək olar. Allahın erməniləri, gürcüləri elə filmlər çəkirlər, özümüzün imkanlarımıza baxanda təəssüflənməyə bilmirik… Bir sözlə, Azərbaycanda C.Cabbarlı adına kinostudiya ölüb, dəfn edən lazımdır… “Ölü” yiyəsi olan Mədəniyyət Nazirliyi isə…
Nə isə…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!