25 Noyabr 2025 / 13:05

AZƏRBAYCANLI AYŞƏNİN SƏRHƏDLƏR TANIMAYAN İSTEDADININ SƏDASI

Təbrizli Məhəmmədzadələr ailəsi dünya elm, sənət, musiqi xəzinəsinə layiqli töhfələr bəxş etməkdədir

Mən – professor Kubra Əliyeva elmi-tədqiqat işlərimlə əlaqədar bir neçə dəfə İran İslam Respublikasında olmuşam. Və bu ölkəni, o cümlədən paytaxt Tehranı daha yaxından görmək, tanımaq o zaman nəsibim oldu ki, yanımda akademik təhsil alan təbrizli Mojgan Ebrahim qızı Nikbaxtedlonun – rəssam xanımın dəvətini reallaşdırdım, bir aya yaxın müddətdə İranı və Cənubi Azərbaycanı gəzdim.

40-a yaxın Avropa ölkələrində, Amerikada olan bir tədqiqatdçı kimi qeyd etmək istəyirəm ki, İran öz memarlığı, incəsənəti sayəsində heç də Avropa ölkələrinin mədəniyyətindən geridə qalmır. Ən çox diqqətimi cəlb edən də memarlıqda tikinti üsulları oldu. Məlum olduğu kimi, İran Türkiyə və digər ölkələr kimi seysmik zonada yerləşib. Buna görə də Tehranda, Təbrizdə və digər şəhərlərdə tikilən müasir evləri çox möhkəm dəmir dayaqlarla qurur, sonra isə daş və kərpiclə tikirlər ki, bu da binaların möhkəmliyini artırır. Bundan əlavə, Mojgan xanımın çalışdığı Təbriz Universitetindəki təhsil sisteminə də diqqət yetirdim. Ən çox nəzərimi cəlb edən dizayn sahəsi oldu ki, son dövrlərdə Azərbaycanda da incəsənətin bu sahəsinə çox geniş yer verilmişdir. Ən çox bəyəndiyim İranda – Təbrizdə və Tehrandakı muzeylər idi. Və bu muzeylərdəki rəssam işlərinin səviyyəsi o qədər yüksək idi ki, təəccübümü gizlədə bilmirdim. Çünki, oğlumun yaşadığı Amerikada Nelson muzeyində son 15 ildə eksponatların dəyişildiyini görməmişdim. Həqiqətən, orta əsrlərdə olduğu kimi, bu gün də incəsənətin müxtəlif sahələrində, o cümlədən rəngkarlıq, miniatür, portret və digər sahələrdə də saysız-hesabsız rəssam tələbələrin işlərinə rast gəldim. Bundan əlavə, İranda Müasir İncəsənət Muzeyində qadın rəssamların heykəltaraşlıq işlərinin də necə yüksək səviyyədə müasir sənət tendensiyalarına aid dünya miqyasında görkəmli üslubları özündə əks etdirən formaların da şahidi oldum.

Tehrandakı xalça muzeyi. İran. 2009

Ərdəbildəki müqəddəs Şeyx Səfi kompleksi. İran. 1995

O ki qaldı azərbaycanlıların yaşadıqları Təbrizə, Ərdəbilə, həmin ərazilərdə şəxsi tikililər, yəni müasir bağçalı binalar, çox yığcam və yaşıllığı daha çox olan evlər diqqəti cəlb edirdi. Ən çox maraqlandıran məqamlardan biri, Tehranın mərkəzində tikilmiş Xalça muzeyi də öz memarlıq üslubuna görə diqqəti lap kənardan cəlb edirdi. Baxmayaraq ki, orada olduğum dövrdə xalçaların kolleksiyası o qədər də zəngin deyildi, halbuki dünya muzeylərinin tekstil kolleksiyasının məhz Azərbaycan və İran incəsənəti nümunələri ilə zənginliyi halında bu muzey o qədər də diqqət çəkmirdi. Mənim üçün maraqlı məqamlardan biri də, Tehranda “Bazarça” adlanan satış sahəsinin, həmin məkanın ayrı-ayrı kiçik satış nöqtələrində hər rəssamın, sənətkarın gözəl sənət əsərlərini satmaq hüququnun olması idi.

İran ərazisində yaşayan azərbaycanlıların əksəriyyəti ali təhsil almaq imkanına malikdirlər, iş yerləri ilə təmin olunublar. Mətbəxlərində isə həm Şimali Azərbaycandakı yeməklərlə bərabər, fars yeməklərində də ən çox ədviyyatdan istifadə edirlər. Tanış olduğum istər fars, istər azərbaycanlılarla çox gözəl münasibətlər qurduq, bu günlərdə çox təəssüf edirəm ki, artıq quru sərhədlər açıq olmadığına görə, bir daha səfər edə bilmədim.

Nəzərinizə çatdırım ki, 2025-ci ildə Azərbaycanda vaxtilə ali təhsil almış və  doktorluq diplomu müdafiə etmiş Umbulbanu Həmidovanın – 25 ilə yaxındır Ərzurumda Atatürk Universitetinin Gözəl sənətlər bölümündə doktor-dosent kimi çalışaraq gələcək üçün rəssamlar hazırlayır – qonağı olduğum zaman Ərzurumun İslam dövrü memarlıq abidələrini, Müasir Arxeologiya Muzeyini də gəzib xeyli material toplaya bildim, universitetinin zəngin kitabxanasından bəhrələndim.

Ərzurum, Atatürk Universiteti Gözəl sənətlər bölümü, 2-ci kurs tələbələri ilə

Qeyd etmək istəyirəm ki, Ərzurum “Universitetlər şəhəri” adlanır. Vaxtilə Atatürk məhz Ərzurumda təhsilin geniş yayılması üçün müxtəlif sahələri özündə əks etdirən universitetlər yaradılmasını tapşırmışdı. Şəhərin demək olar ki, yarısı ancaq universitet binalarından ibarətdir. Təhsil ocağının şöhrət qazanmasının əsas səbəblərindən biri də dünyanın müxtəlif ölkələrindən məşhur alimlərin, pedaqoqların dəvət edilməsidir. Burada Bosniya, Makedoniya, Rusiya, Ukrayna, İran, Azərbaycan və digər ölkələrdən gələn müəllimlər daha yüksək keyfiyyət və reytinq üçün xeyli işlər görmüşlər. Həmin səbəbdən universitetdə təhsil alanların səviyyələri daha yüksəkdir.

Məhz Ərzurum Universitetində olarkən xaricdən gələn müəllimlərin bir çoxu ilə ünsiyyət qurdum, hətta ailə üzvləri ilə yaxından tanışlıq şəraitində toy, ad günü məclislərinə qatıldım. Qeyd etmək istəyirəm ki, Ərzurum əhalisi çox qonaqpərvər, istiqanlı və mehribandır. Mənim üçün onlardan ayrılmaq çox çətin idi və həmin insanları heç zaman unutmayacağam. Belə ki, əslən Təbrizdən olan, bədii keramika sahəsində məşğul bir rəssam-mütəxəssis kimi Dr. professor Mehdi Məhəmmədzadə hocamız və ailəsi ilə yaxından tanış oldum. Tanışlığımızın səbəbi Mehdi Muhammədzadənin qızının konsertinə dəvət almağımız oldu.

Artıq bir neçə ildir ki, Atatürk Universitetində çalışan, akademik təhsilini Fransanın Sarbonno Universitetində başa vuran Dr. professor Mehdi Məhəmmədzadə Makı şəhərindəndir (Güney Azərbaycanda Ağrıdağ ətəklərində yer alır). Uşaqlıqdan bəri teatra və rəsm çəkməyə həvəs göstərirmiş, ilk təhsilinə Tehranda başlamış, akademik biliklərini isə Parisdə tamamlamış, İrana döndükdən sonra 15 il Təbriz Sənət Universitetində çalışmışdır. 8 il özü qurduğu Gözəl sənətlər fakültəsinin dekanı olmuş, onun ardından isə 7 il Təbriz Sənət Universitetində rektor köməkçisi vəzifəsini icra etmişdir. Onun təşəbbüsü ilə Təbriz İncəsənət Universitetinin “İslam əl sənəti” məcmuəsinin nəşrinə başlanılmışdır.

Mehdi müəllimdən fərqli olaraq, ailə üzvləri və yaxın qohumlarının əksəriyyəti ali təhsilli həkimdir. Lakin ailədə təhsilini rəssamlıq sahəsi ilə bağlayanlar da var. Qızları doğulduqdan evdə sənət əsərləri və sənətlə bağlı kitablarla dolu mühitdə böyüdülər. Sənətlə əlaqəsi olmayan makılı Mirvari xanım belə, qızlarının sənət aləminə, həvəsinə mane olmayıb, hətta hər zaman dəstək verib. Buna görə də böyük qızı Rizvan viola (kaman) çalmağa, sonra isə eyni zamanda Təbrizin görkəmli  göz həkimlərindən olan əmisi Arazın məsləhəti ilə tibb sahəsində təhsil almağa başladı, sonra isə davamını Türkiyədə başa vurdu.

Təbriz Pezvak Akademiyasının girişi

Özü söylədiyi kimi, kiçik qızı Ayşən Məhəmmədzadə Fransanın Sarbonno Universitetində akademik təhsili alan zaman dünyaya gəlmişdir. Parisdə yaşamasına baxmayaraq, qızlarına türkcə ad seçməkdə israrlı olublar. İranın Parisdəki səfirliyinin yeni doğulan uşağa Ayşən adının qeydiyyata alınmasında yaratdığı çətinliklərə baxmayaraq, ailə israr və inadla sonda məqsədinə çatıb.

Mehdi hocamız eyni zamanda Cenevrə (İsveçrə) və Parisdə Sorbonna Universitetində akademik təhsilini İslam dünyasında rəssamlıq istiqamətində almışdır. Doktorluq işini başa vurub Təbrizə qayıtdılar. Çox qəribədir ki, Ayşənin böyük bacısı bu şəhərdə kaman sahəsi üzrə dərs alıb. Buna görə Ayşən də artıq bir az böyüyəndən sonra musiqiyə olan istəyini bildirdi. Anasının və babasının dəstəyi ilə Təbrizdə həm rəsm, həm də musiqi öyrənməyə başladı. Yəni həm məktəbə gedib dərs oxuyur, həm də musiqi təhsilini davam etdirirdi. Təbrizdə yaşadıqları illərdə Ayşən nəinki musiqi ilə ciddi məşğul olurdu, eyni zamanda rəngkarlığa da aid işlər ərsəyə gətirərək, sərgilərdə iştirak edirdi. O, gözəl şeirlər bilir, ədəbiyyata da həvəs göstərirdi. Hətta poeziya yarışmasında İranın indiki Prezidenti, o vaxt parlamentin üzvü olan  Məsud Pezeşkiyandan da mükafat alıb.

İran Cümhur Başkanı Məsud Pezeşkiyandan ədəbiyyat üzrə mükafat alarkən

Musiqi təhsilinə isə 8 yaşından etibarən Təbriz Pezvak Akademiyasında başlayıb. Onun ilk musiqi müəllimi Fərid Şeyxülislami olmuşdur.

8 yaşında ilk piano dərsləri, piano hocası Fərid Şeixülislami

Ayşən 13 yaşına qədər Təbrizdəki Paşvök və Ark məktəblərində piano öyrənciliyini davam etdirdi. 2022-ci ildə ailəsi ilə birgə Ərzuruma gəldikdə, yəni Payamüzik Akademisində piano çalışmalarına davam etdi. Bu dəfə onun müəllimi Azərbaycanın görkəmli piano müəllimlərindən professor Hekmət Məhərrəmova, daha sonra tələbələrindən biri, Doğukan idi. Ayşən Şərq və Qərb musiqisini eyni anda ifa bacarıqlarını öyrəndi. Dünya bəstəkarlarının əsərləri, İran, Türkiyə və Azərbaycan piano bəstəçilərinin mahnılarını öyrəndi. Hətta Payamuzik Akademisində Atatürkün məşhur “Yurdda sülh, cahanda sülh” devizi altında təşkil olunmuş konsertdəki 2 saatlıq çıxışında bütün insanlara sülh və əmin-amanlıq arzuladı: “Dünya, insanların bir-birini anlaması, saygı göstermesi ve birlikte mutlu bir şekilde yaşamasıyla daha güzel bir yer haline gelir. Hepimiz farklıyız, ama farklılıklarımızı kabul ederek daha güçlü bir toplum olabiliriz. Tüm bu değerler, bir toplumun huzur içinde varlığını sürdürebilmesi için gereklidir. İşte bu yüzden, Atatürk’ün söylediği gibi, ‘Yurtta sulh, cihanda sulh’… Bu, hem kendi ülkemizde hem de tüm dünyada barışın hakim olması gerektiğini anlatan çok derin bir mesajdır.”

Hazırda Ayşənin 16 yaşı var, Ərzurumdakı Nevzat Qarabağ Liseyinde üçüncü sınıf öyrəncisidir. Musiqinin digər sahələrində də bacarığını göstərmiş, ana dili olan Azərbaycan türkcəsinin, bəzən də İstanbul türkcəsi, farsca və ingiliscə də kifayət qədər sərbəst şəkildə danışır, eyni zamanda riyaziyyata da çox bağlıdır. Son 5 ildə “SASMO Uluslararası Matematik Olimpiadası”nda 5 dəfə gümüş və bürünc medallar qazanmışdır.

Diğər ədəbiyyat və sənət sahələrində də fəaliyyət göstərmiş, tələbə yarışmalarında beynəlxalq yarışmalarda dərəcələr əldə etmişdir.

Ayşən Ərzurum Payamuzik Akademiyasının piano müəllimləri ilə

Ayşənin 21 iyun 2025-ci il tarixli, Ərzurum Payamuzik Akademisinin Fransşubert salonunda keçirilən son konsertində iştirakım zamanı – 2 saat davamlı olaraq Azərbaycan, İran, Türkiyə və Avropa bəstəkarlarının əsərləri səsləndirildi. Azərbaycandan Emin Sabitoğlu, Səid Rüstəmov, İrandan Anuşiravan Ruhani, Türkiyədən Fazil Sayın bəstələdiyi əsərlər səslənməklə bərabər, Lüdviq Bethoven, Fridrix Şopen, Motsart, Antoni Vivaldi, Muzyo Klementi, İyohan Sebastiyan Baxın əsərləri də ifa edildi. Həqiqətən, 16 yaşlı bir qızın iki saat ərzində bu qədər əsərləri peşəkarlıqla ifası bizi, şəxsən məni valeh etdi. Ayşən Mehdi qızı Məhəmmədzadəyə cansağlığı, xoşbəxtlik və gələcək işlərində uğurlar diləyirəm!

Ayşən, onun valideynləri və Payamuzik Akademiyasının professorları ilə görüş

Mən bir azərbaycanlı, sənət sahəsinin bilicisi kimi, dünyanın bir çox ölkələrində – İspaniya, Fransa, Moskva, Amerika və s. konsertlərdə iştirak edib dinləmişəm. Həqiqətən 16 yaşlı azərbaycanlı gəncin fenomen ifasını dinləyəndən sonra onların valideynlərinə təşəkkürümü bildirirəm! Valideynləri qədər sevinirəm və Ayşənə söyləyirəm ki, yolun açıq olsun, tez bir zamanda səni dünya tanıyacaq. Səninlə fəxr edirəm!

KÜBRA ƏLİYEVA,

sənətşünaslıq üzrə elmlər doktoru,  professor, Əməkdar incəsənət xadimi,

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi

(Bakı, Azərbaycan)

aliyeva_kubra@mail.ru

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!