Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 10:49

Bəxtiyar Vahabzadə poeziyasında kamil şəxsiyyət problemi- 3-CÜ YAZI

(Əvvəli 1-ci və 2-ci hissədə) https://tezadlar.az/bextiyar-vahabzade-poeziyasinda-kamil-sexsiyyet-problemi-2-ci-yazi/

https://tezadlar.az/bextiyar-vahabzade-poeziyasinda-kamil-sexsiyyet-problemi-1-ci-yazi/

Bir haşiyə: B.Vahabzadənin “İztirabın sonu” poemasının dəyərini azaltmamaq şərtilə, baxmayaraq müəllif işarə vurur:

Şahnazsa yan otaqda

“Aygün”ü varaqlayır, – deyir.

Mən Əmirxanla Hatəmi müqayisə etməzdim. Əmirxan qadını Aygünü qısqanır. Ziddiyyətlər, ailə konfliktləri də buradan başlayır və insan zəkası və mənəvi harmoniya pozulur. S.Vurğun Əmirxanın öz tələbatlarına müvafiq hərəkət etmə-sini, öz hisslərinə üstünlük verməsində ictimai münasibətlərin xarakterini nəzərə almışdır. Bu isə şəxsi mənafeyi, insanın yaradıcılıq potensialını reallaşdırır. Hatəm də gənc qadınını unudaraq öz sənətinə qapanır. Əlbəttə, Şahnaz hələ çox cavandır, ana olmamışdır. B.Vahabzadə filosof deyildi və öz qəhrəmanının “sxemini çəkməmişdi”. Hatəmin də Əmirxan kimi poemanın qəhrəmanı olaraq mənəvi davranışı dinamik şəkildə inkişaf etməliydi. Hatəm cəmiyyətə yenicə atılmışdır, ailə qurmuşdur, özündə yüksək əxlaqi məziyyətlərin ilk elementlərini hələ mənimsə-məmişdir.

Pedaqogikada belə bir fikir mövcuddur ki, insanların yaxşı cəhətlərini gör-mək çətindir, o, hələ Şahnazı bu mənada tanımamışdır, onun toy məsələsində tək-lifini yerə salmaqda hirslənir və məclisi tək gedir. B.Vahabzadə qəhrəmanının yaxşı cəhətlərini izləyir, musiqi qabiliyyətini alqışlayır. Eləcə də Əmirxana S.Vurğunun simpatiyası olduğu qədərincə B.Vahabzadə təsadüfən yazmamışdır: “Əmirxanın yenidənqurma prosesində ictimai həyat amillərinin təsirini daha aydın, daha canlı göstərmək lazımdır”.

Hatəm toyda şairə Gülpərinin səsinə heyran kəsilir və elə zənn edir ki, onunla evlənsə xoşbəxt olar, sözlərinə mahnı da bəstələyər. Belə məqamlarda o, özünü bədbəxt hesab etmir, buna onun mənəvi haqqı da çatmır, ona görə ki, bəstəkardır, istedadlıdır, Gülpəri ilə tanış olmuşdur. Lakin bir sualın cavabına şair tələsmişdir: Şahnaz toya Hatəmlə gəlsə idi vəziyyət dəyişərdimi?

***

B.Vahabzadə təbiətən musiqilə necə deyərlər “yatıb – duran” insandır. “Muğam” poemasını təsadüfən yazmamışdır: Poemada xüsusən, milli musiqimizə gözəl şeirlər həsr etmişdir:

Zurna haray salır, coşur nağara,

Gah “Koroğlu” çalır, gah “Tərəkəmə”.

Sən ey cavan oğlan, bu havalara

“Köhnəlibdir”, – deyə, gəl, dodaq büzmə!

Bir anlıq səbr elə, qulaq as ona,

Bir bax, nağaranın guppultusuna!

O, düşmən üstünə gedən qəhrəman

Bizim babaların addım səsidir.

O coşğun “Cəngi”lər əllərdə yanan

Misri qılınc səsi, el nərəsidir. –hayqıran şair Qərb musiqisinə də hörmətlə yanaşır.

Motsartı, Şuberti, Şopeni

Səndən az duymaram, az sevmirəm mən.

Ancaq heç bir qüvvə ayırmaz məni

Üzeyirin şirin nəğmələrindən…

Hatəm Şahnazsız – belə demək mümkünsə – Gülpəriyə min könüldən vurulur. O, hey iş otağına çəkilir, nəğmələr çiçək açır onun dodaqlarında. Hey çalır, oxuyur. Bəs Şahnaz nə düşünür, hansı hissləri keçirir? Onu tamam başqa şeylər məşğul edir: Qəzetlərdə boşanan, ölən, təzə filmlər çıxan informasiyaları izləyir.

Nə üzündə qayğı var,

Nə qəlbində həyəcan.

Onun zəhləsi gedir

Kədərli mahnılardan.

Şahnaz bu cür tərbiyə almışdır. Evdə tək qalanda bir mahnı belə, oxuma-mışdır.

Qəlbində gizlənməmiş

Nə bir arzu, nə bir sirr.

Onun məhəbəti də

Nifrəti də bilinmir.

 Hatəm, sanki tənhalaşmışdır, Gülpərinin şeiri üzərində “yanıqlı romans” yazmaqdadır. Hatəm ilhamla yazdığını çalmaq istər, yeganə dinləyicisi Şahnaz ola bilər və bu sevincli duyğu ilə Şahnazı oyatmaq istərsə, heyif. Şahnaz bu məqamlarda sanki müqəvvadır. “Qoy yataq, – pıçıldayır. – gecdir”. Hatəm sözlərinin peşi-mançılığını çəkir. Yeganə anası oğluna qulaq asır, fərəhlənir.

Baxdı, baxdı oğluna

Şirmayi dillər üstə

uçan barmaqlarına.

Asta-asta oxudu,

Hatəm oxudu yenə

Sözlər bir mizrab kimi

Toxundu ananın da

Qəlbinin tellərinə…

Şahnaza anbaan dəyişmək xasiyyəti yad deyil, gah Hatəmə yovuşur, gah onu xoş gəlmələrlə danışdırır, gah da qəlbi buza dönür. Hatəmsə bu günlərdə, saatlarda Gülpərini düşünür, onun qəlbini ovlayan bu qızla evlənməyə dəyərmi? Yenə tərəddüdlər, tərəddüdlər, Şahnaza qarşı küskünlük. Hatəm də adekvat olaraq Şahnaz ba-rədə qərarını təsdiqləyir ürəyində.

Hatəm də ürəyində

fikirləşdi: “Düz dedin.

Sən Nərgizə qızılgül,

gecəyə gündüz dedin.

Mənlə yaşadınsa da

ürəyimə yad oldun.

Sən mənə sirdaş deyil,

sadəcə arvad oldun!”

Poemada Hatəm, necə deyərlər, dəymədüşər xarakterdə təsvir edilmişdir. Yuxarıdakı qənaətə gələrək peşimanlayır da: “Mənim pak ürəyim var, qoy o ləkələnməsin”.

Qorxuram ağlım çaşa,

ehtirasa baş əyəm,

Qorxuram iradəmə

sahib ola bilmərəm”. – deyə tərəddüd edirsə, “evdə haraylar yüksələndə” Gülpərini unutmur:

Durardı göz önündə

heykəli Gülpərinin.

Sızlardı ürəyində

bir inilti, birinin.

  Hatəmin poemada effermerliyi – əxlaqi tərbiyəliliyə ər və arvad arasındakı fərqli dünyagörüşü şərtləndirən bir amil kimi nəzərə almalıyıq. Çünki ər-arvad münasibətlərində daxili istəklərin və motivlərin formalaşması səviyyəsidir. Hatə-min bir insan kimi formalaşmasının mühüm meyarı davranışındakı sərbəstliyidir və burada iki cəhəti nəzərə almalıyıq: birincisi, onun əxlaqi səbatlılığıdır, xırda hisslər-dən uzaqlaşa bilməməsidir (Gülpəriyə dərhal uymasıdır), ikincisi, Şahnaza olan “yeni münasibətin oyanmasıdır”. Şahnazı isə ana olmaqla ərinə qayğılı olmaq hissi maraqlandırır və bu, onun şəxsi iztirablarına son qoyur. Hatəm kamilləşməyə doğ-ru gedir. O, Gülpərinin görüşünə tələsir, lakin qarşıda arvadı və onun qız öv-ladı dayanır, dediyi “Xəstəyəm” yalanın iztirabını yaşayır.

Digər haşiyə: B.Vahabzadə poemada analıq qüdsiyyətini qiymətləndirmə-sidir. Əsərin ən dərin hissiyyatı oyadan yeridir.

Duyğular dəyişdi… Uşaq olandan

Şahnazın yuxusu ərşə çəkildi.

Körpənin mənasız qığıltısını

Dünyanın ən dərin mənası bildi.

Körpə ağlayanda onun səsindən

Şahnaz vəcdə gəlir, tez kövrəlirdi.

Körpənin saçından, gül nəfəsindən

Ona qızılgülün ətri gəlirdi..

Uşağın ailədə doğuluşu xoş və gözlənilən möcüzədir, ən kəskin konfliktləri buz kimi əridir. Şahnaz gənc ərini anlamasa da, körpəsindən sonra tamam dəyişir, özü də inandırıcı situasiyalarda.

Başqa duyğular ilə

Şahnaz indi yanırdı.

Gün-gündən daha artıq

Hatəmə bağlanırdı.

Uşağın sifətində

həm özünü, həm də ki ,

Hatəmi görürdü.

Eşqini, sevincini

O, qəmini görürdü

Sevməyib gəlmişdi o,

ərə, həqiqətdi bu,

İndi isə o, sevirdi…

Bəli, məhəbbət hər şeyə qadir anlamdır, o, qranit daşı parçalamağa qadir qüvvədir. Şahnaz artıq arzusuna qovuşmuşdur, bəlkə də onu düşünmüş ki, Hatəmi sevsin, onu ata kimi sinəsinə körpəsi kimi sıxsın. Gənc analar həmişə bu xəyalının gerçəkləşməsini istər, gələcək ailə səadətini burda axtarar. Bu məqamda yadıma böyük rus pedaqoqu K.D.Uşinskinin kəlamları düşdü: “İnsanın bütün arzularını yerinə yetirin, ancaq onun həyat məqsədlərini əlindən alın, onda görərsiz ki, o, nə cür bədbəxt və zəif bir məxluqa çevrilir. Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir”. Şahnaz qızı Sədaqətdən sonra özünü tənha, yalnız hiss etmir, daha sonra sevgi çırpıntılarının səsinə cavab verəcəkdir, “Aygün”də olduğu müəllif ricəti kimi. Aygün düşündüyü kimi:

Yox!  Bu ola bilməz!.. Aygün bir daha

Sözünü çeynəyib qaytarmaz geri…

Ümidlə, ümidlə baxım sabaha

Mənim ürəyimdir onun son yeri…

Mənimdir o meyxoş, o dolğun çiçək.

Sevəcək, sevəcək o dilbər məni.

Mənimlə bir yerdə dövran sürəcək,

Ayırmaq olarmı səsdən nəğməni?

Hatəm körpəsindən sonra peşimanlayır, vicdan əzabı içində sarsılır. Bunu o, bacarır, şair də qəhrəmanının bu halətindən sarsılır:

Bu qaynar dodaqlar, bir saat əvvəl,

Bakir bir yanaqda yanmayırdımı?

Qaldım öz içimə özüm məəttəl,

Əhdini, eşqini Hatəm qırdımı?

 Yox, yox! Bu mümkünmü?

Mən ki, gülmüşəm

Gündə bir budaqda yurd salanlara.

 

Bu, bir həqiqətsə neylədin, Hatəm,

Sənin sözün hara, əməlin hara?..

Hatəm də öz növbəsində sarsıntı keçirir, oxucuya elə gəlir ki, Hatəm atdığı risqli addımı qeyri – ixtiyari atmışdır, Gülpərinin bir öpüşünün “qurbanı” olmuşdur. Qıza deməyə cəsarət edərmi desin ki, keç təqsirimdən, səni aldatmışam, riyakaram mən. Mənim arvadım da, uşağım da var. Bu ovqatda Hatəm vicdanın səsini eşidir öz timsalında:

Mənim qızımı da aldadacaqdır?..

Onda dözərəmmi?.. Yox, bu çətindir.

Burda söz vicdanın, ədalətindir, –fikirlər – tərəddüdlər içində çapalayır.

***

Bəxtiyar Vahabzadənin “İztirabın sonu” poeması insan xarakterinin “gizlin” qatlarını üzə çıxardır, müxtəlif situasiyalarda effemerlik nüanslarına işarələr vurur və eyni zamanda insan hisslərinin müqəddəsliyinə toxunur. İnsan hisslərinə biganə qalmamağı aşılayır. Lakin bu hiss dünyaya göz açan övladın qarşısında sarsıla da bilir. Şairin ötən əsrin 50-ci illərində qələmə aldığı poema üzünü XXI əsrə tutur: övladını çamurluğa tulazlayan, gələcək taleyini düşünməyən, xüsusilə, ataların qeyrətsiz vicdanına işarədir. Övlad naminə xırda konfliktlər üçün ailənin dağılması cəmiyyət qarşısında ən böyük günahdır, intim hisslərin naminə övladları məchul gələcək həyata etibar etmək yaramaz. Unutmayaq ki, Bəxtiyar Vahabzadə poeziya-sında bir pedaqoq olaraq kamil şəxsiyyət tərbiyəsinin bədii həllinə cavab ver-mişdir…

Allahverdi Eminov,

Professor

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!