Bəxtiyar Vahabzadə poeziyasında kamil şəxsiyyət problemi- 1-Cİ YAZI

Oxunma sayı: 820

 …İnsan – dünyanın xaricində yaşayan varlıq deyil… “İnsan – İnsan dünyasıdır, dövlətdir, cəmiyyətdir!”. Bu fikir K.Marksa aiddir, bu gün də dəyərini itirməyib. Qalır insanın ailədə və cəmiyyətdə tərbiyəsinə. Şəxsiyyətin yetişməsində əsas amil münasibətlərin qurulmasıdır: mənəvi zənginlik, sərvətlərin maddiləşməsi və düşüncələrin emosionallığı, bir də sairin öz yerini tutması!

Şəxsiyyətin daxilən dəyərliyi Dünyanı tam şəkildə, məzmunda və biçimdə təsəvvür etmək imkanı qazandırır. Dünya həm insanlardan asılı deyil, həm də asılıdır, çünki Dünyanı mövcud edən məhz insan cəmiyyətidir. Dünyanın maddi status alması əxlaqda və sərvət yığımında özünü göstərir və bu şəxsiyyətin fəaliyyətində, yaxud bədii əsərlərdə, deyək ki, poeziyanın obrazlarında reallaşır.

Beləliklə, şəxsiyyətin tam obrazını təmsil edən bədii mətn davranışın meyarı rolunu oynayır və əxlaqi idealda sonuclanır. Bir də obrazların (xüsusilə, poemalarda) didaktik strukturu vardır ki, öz elementlərinin tabeliliyi, əxlaqi şüurun bütövlülüyü ilə fərqlənir. Məsələn, kimsəsizə yardımçı olmaq, təmənnasız işə yaramaq, xeyirxahlığa əl qoymaq və s. surətlərin nümunəsində görürük. Belə ki, şəxsiyyət tərbiyəsində ona təsirinin xüsusiyyətini başa düşməyə kömək edir. Unutmayaq ki, hər adamın yaşından asılı olmayaraq sinirləri yerində olmur, düz xətlə getmir. Məşhur psixoloq V.M.Banşikov yazmışdır: “Min illər ərzində İnsanın yaşamaq uğrunda mübarizəsində qələbə əzələ qüvvəsilə və sinir sisteminin cəsarətlilik, qəddarlıq, inadkarlıq kimi kobud xassələrilə müəyyən edilirdi. Son iki-üç əsrdə isə insanın həyat qabiliyyəti demək olar ki, yalnız 3 sinir sisteminin ən incə mürəkkəb mexanizmlərindən asılıdır. Məhz elə bu mexanizmlər daha toxunula biləndir”.

İnsanın mahiyyəti – varlığı onun bioloji təbiətilə yaranmır, fövqəltəbii qüvvə ilə daxil olmur, amma öz-özünə determinləşir. Tarix, sosial – mədəni inkişaf İnsanın – şəxsiyyətin təşəkkül prosesidir. Həyatın mənasının, vəzifəsinin dünyanın dəyişdirilməsi üzrə yaradıcı fəaliyyətin və mənəvi – əxlaqi davranışının gedişində özünü anlayır, yəni insan öz mövcudluğunu təsdiqləyir. Əlbəttə, bu baxımdan dərketmədə müəyyən hesablamalar tapılmalıdır ki, İnsan bunların vasitəsilə fəaliy-yətini əlaqələndirə bilsin, yəni fəaliyyətinin mənası, məqsədi aydınlaşdırılsın. Əks halda insan yalnız öz mövcudluğu ilə öyünərdi, öz fərdi psixologiyasına güvənərdi.

Bədii əsər deyək ki, poeziya ahəngdarlığı ilə, surətlərin davranışı ilə oxucunun ovqatını nizamlayır, yeni müsbət emosiya yaradır, yaxud bərpa edir, deməli, şəxsiyyəti ruhi – mənəvi harmoniyasına təsir göstərir. Şeir oxucu zövqünə düzgün ünvanlanırsa, qavranılırsa yaranan psixi effektin xarakteri həmin əsərin həm məz-munundan, həm də oxucunun – şəxsiyyətin həyata baxışından və s. asılıdır. Bəxtiyar Vahabzadənin bir şeiri nümunəsində fikrimi əsaslandırmaq istərdim; şair həyatda nə qazandı, nəyi itirdi? Bu suala şairin cavabı “Qara saçlar, ağ saçlar”dır, şairin etirafıdır, ana qarşısında baş əyməsidir:

 

Saçlarıma dən düşür, dən düşür, yaman düşür,

Hər baxanda anamın ürəyinə qan düşür.

Bu ağ saçlar, ay ana, səni dərdə salmasın,

Saçımın ağlığından, qanın heç qaralmasın!

 

Alışıram gecələr, masa arxasında mən,

Saçlarım da ağarır, qəlbimin atəşindən.

Sən demə ki, balamın bəlkə gizli qəmi var,

Vaxtsız ağaran saçın özgə bir aləmi var.

 

Ölüm belə qəm deyil bu həyatı duyana,

Mən bu ağ saçlarımla öyünürəm, ay ana!

Qara, şəvə saçları təbiət vermiş mənə,

Mən güvənə bilmərəm onun bu töhfəsinə.

Zəhmət həyatımın ilk bəzəyi sanmışam,

Ağ saçları həyatda mən özüm qazanmışam.

 

Bəxtiyar Vahabzadə bu şeiri 32 yaşında qələmə almışdır; bu yaşdan artıq o, poeziyada az-çox sözünü demişdi. Lakin bu yaradıcılıq uğurlarına tam haqq qazandırmırdı, yazıb-yaratmaq ehtirasında idi.

Kamil şəxsiyyət anlayışı Demokritdən, Sokratdan üzü bizə tərəf nə ilə səciyyələndiyi filosofları, sosioloqları, ədəbiyyatçıları xeyli düşündürmüşdür və cavabı bu olmuş ki, insanda nəyin ən yüksək nemət olması məsələsi. Onlar belə qərara gəlmişlər ki, bu ən yüksək nemətlə, fərəhlə bir müstəvidədir. Mən söz adamlarını zamanın ən kamil filosofu hesab edirəm. Hərçənd, peşəkar fəlsəfəçilər şəxsiyyətlə əxlaqi fəaliyyət subyektinin dəqiq obrazını təsvir etmişlər. Şairlərdən Homer, Hesiod əsərlərində fəzilətə üstünlük vermişlər, ruhi aləmdə ağılı insan hisslərilə eyniləşdirmişlər. B.Vahabzadədə belə məsələlər bədii – emosional yanaşmada daha poetik səslənir. “Xoşbəxtdir o adam ki”, “Zaman”, “Yer öz yerindədir”, “Özümdən qabaq”, “Ömür” və digər şairlərdə fikir – düşüncə insan taleyinin “vaxt ölçüsü”ndə fırlanır, özünü axtarır, insan ömrünə “qənim” kəsilir. Şair yenə şikayətçidir ki:

 

Ömür bizə verilmir

Ancaq yaşamaq üçün.

Ömür bizə verilmir

Dünyanın da dərdini,

Qəmini çiynimizdə

Çəkmək, daşımaq üçün.

Ömür – qəlbin, zəkanın

Min eşqi, min əməli.

Ömür ömürdən sonra

Yaşamağın təməli…

(Davamı var)

Allahverdi Eminov,

Professor

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbəri paylaş

23 May