16 Dekabr 2025 / 12:19

“Biz Donbası vermək istəmirik, amma amerikalılar kompromis axtarırlar”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin həm de facto, həm də de iure Donbası Rusiyanın tərkibi kimi tanımadığını açıqlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə o, Ukrayna mediasına verdiyi müsahibədə bildirib. Zelenski deyib: “Rusiya mövqeyini dəyişməyincə, onlar bizim Donbasımızı istəyirlər. Bizim mövqeyimiz praktik, realist və ədalətlidir. Donbasımızı vermək istəmirik. Amerikalılar kompromis axtarır və bizə azad iqtisadi zonanı təklif edirlər. Lakin azad iqtisadi zona Rusiya Federasiyasının rəhbərliyini nəzərdə tutmur”. Prezident həmçinin bildirib ki, Ukrayna Donbasın müvəqqəti işğal olunmuş hissəsini Rusiyanın tərkibi kimi tanımır: “Biz həm də iure, həm də de facto Donbası Rusiyanın torpağı kimi tanımırıq. Ərazi məsələsini müzakirə edirik, amma hələ konsensus əldə olunmayıb”, – deyə o vurğulayıb. Zelenski sənədlərin tamamlanmasından sonra ABŞ Prezidenti Donald Trampla görüşün mümkünlüyünü istisna etməyib. Onun sözlərinə görə, Ukrayna sənədləri tamamlandıqdan sonra ABŞ tərəfindən yaxın günlərdə Rusiyayla məsləhətləşmələr keçiriləcək və sonrakı mərhələdə komandalar arasında görüşlər təşkil olunacaq. Prezident həmçinin bildirib ki, hazırda referendum müzakirə edilmir. Lakin atəşkəs razılaşması əldə olunarsa, Ukrayna hökuməti seçkilərə hazırdır. Sitat: “Seçkilər üçün hazırlıqdayıq. Ukrayna xalqının buna hazır olması üçün qanunvericilərin əməkdaşlığı vacibdir. Ən önəmlisi isə legitim seçkilərin keçirilməsini təmin etməkdir. Bunun üçün təhlükəsizlik infrastrukturu zəruridir”.

Müharibə isə davam edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!