29 Dekabr 2025 / 14:45

BU GÜN ONUN DOĞUM GÜNÜDÜR – SADƏCƏ, JURNALİST ELBAR ŞİRİNOVUN…

Dekabrın 29-u “Təzadlar” qəzetinə və eyni adlı xəbər saytına 30 ilədək fasiləsiz xidmət etmiş əməkdaşımızın – ailə üzvümüzün doğum günüdür… 

Ağdamın Novruzlu kəndində doğulub boya-başa çatan  və ali təhsilini indiki Qarabağ Universitetində alan Elbar Şirinov ilk əmək fəaliyyətini, o zamanlar təyinatla göndərildiyi Laçının uzaq dağ kəndlərindən birində – orta məktəbdə parta arxasında müəllim yolu gözləyən şagirdlərinə ədəbiyyat və ana dilimizin tədrisi ilə başlayıb. İxtisasca filoloqdur.

Bu gün adı dilimizdən düşməyən, sayəsində sinələrimizdə (sinələrinizdə) medallar gəzdirdiyimiz (bu barədə sonra), kölgəsinə sığınaraq çox şeylərə nail olduğumuz, yaxud əldə etdiyimiz  – mətbuatımızın ulu babası Həsən bəy Zərdabi kimi onun da jurnalistikaya gəlişi müəllimlikdən keçib. Və o “müəllim” deyə müraciət etdiyimiz şərəfli kəlməni – azərbaycanlıların hörmət əlaməti olaraq xitab etdiyi müraciət formasını həm həyat tərzi, davranışı, xarakteri, həm də peşəsi ilə layiqincə qazananlardandır.

***

Bakıya – “Təzadlar”a gəlişi isə Qarabağın alınmaz qalası olan Ağdamın Ermənistan tərəfindən işğalından, el-obasından köçkün düşdükdən sonra oldu. Tale onun gələcək iş həyatını məhz “Təzadlar”dan keçirdi. Əvvəllər də məqalələr göndərdiyi redaksiyaya bu dəfə iş yeri olaraq müraciət etdi… Və yarandığı gündən məcburi köçkünlərə qucaq açan “Təzadlar” qəzetinin redaksiyası qələminə bələd olduğu, üz-gözündən dürüstlük, mülayimlik, səmimiyyət yağan bu insanı məmnuniyyətlə sıralarına qəbul etdi. Və artıq 30 ilə yaxındır ki, öz doğma iş yerini heç bir yerə dəyişmədən, başqa gəlirli “yuva” axtarmadan, maliyyə sıxıntılarına sinə gərərək bir gün belə “postunu” tərk etmədən çalışır.

***

…O, başı məhkəmə çəkişmələrindən, min bir əzabdan, keşməkeşdən keçəndə də, üzərindən qara yellər əsəndə də 33 yaşı olacaq qəzetin (həm də saytın) səfində dayanıb. Deyərdim ki, vicdanlı, qərəzsiz, ləyaqətli, yaltaqlıqdan uzaq, təvazökar qələm adamı deyiləndə adı çəkiləcək jurnalistlərin ilk  sırasında onun da adı yer almalıdır.

O heç zaman özünü gözə soxmadı, sosial şəbəkə hesablarında kiməsə söz atıb qalmaqal yaratmadı, “qazanda qaynayandan” xəbərdar oldu-olmadı “mənə də bir çömçə ver” tələbində də israr etmədi, yalnız öz işi, üzərinə düşən vəzifəsi ilə məşğul oldu.

Çalışdığı bu illər ərzində saysız- hesabsız məqalələr, müsahibələr hazırladı, problemlərə işıq tutan yazılar müəllifi oldu. Redaksiyaya üz tutan neçə-neçə vətəndaşın şikayət məktubunu araşdırdı, onlara dəstək oldu, bölgələrə ezam olundu – çağırışlara yerindəcə aydınlıq gətirdi. Qəzet dərc olunan günlərdə isə redaksiyanı ən gec o tərk edər, payızın yağışında, qışın qarında, şaxtasında “plyonkaları” mətbəəyə aparar, səhər tezdən redaksiyaya ayrılan qəzetləri masalara qoyar…

***

Elbar Şirinov uzun illər Parlament müxbiri kimi də fəaliyyət göstərib və hazırda qəzetin baş redaktor müavinidir – MEDİA vəsiqəsini daşıyanlardan, həm də vicdanla daşıyanlardan biridir. Uzun illər “Təzadlar”ın “şinel”indən keçən neçə-neçə jurnalistin (bu gün “tanınmış qələm sahibi” kimi təqdim edilən bir çoxu) yazısındakı “eyibləri” aşkar edib, qüsursuz dərc edilməsinə  köməyini əsirgəməyib.

***

…O, həyatını problemlər, qayğılar cəngində vuruşaraq yaşamaqdadır. 33 ilin qəzeti olaraq yarandığı gündən əməkdaşlarının bir çoxu məcburi köçkün olan, ev şəraiti ağır olan “Təzadlar”ın heç bir əməkdaşı jurnalistlər üçün tikilən binalardan ev almadı, yaxud verilmədi…

Elbar Şirinov da 20 ildən çox yataqxanadakı birotaqlı darısqal mənzilində (qohumuna məxsus) ailəsi ilə yaşadı. Bəlkə də parlament müxbiri olaraq deputatlara yaxınlaşıb öz dərdini deyə, hansısa problemini həll edə bilərdi. Lakin o Parlamentdə şəxsi problemlərini, qayğılarını həll etmək üçün deputatları dəng edən, bayramqabağı, doğum günündə kiməsə zəng edib “bəxşiş” uman jurnalistlərdən deyildi. Sonralar uzun illər yaşadığı ev problemi də qəzet rəhbərliyinin müdaxiləsi və “Qaçqınkom”un köməyi ilə yoluna qoyuldu… Və buna görə də bu quruma böyük təşəkkür düşür.

***

Bəli, Vətən, dövlət qarşısında xidmətləri böyük olan, zamanında Ermənistan mətbuatında ordumuz əleyhinə tirajlanmış aşağılayıcı yazılara (bu gün sinəsinə döyən bəziləri o zaman Azərbaycan ordusu haqqında hədyanlar yazaraq ermənilərə “pas” verirdi) layiqli cavab dərc edən,  bir çox xarici KİV-də erməni dəyirmanına su tökən, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yayımlanmış xəbərləri, o cümlədən bəzi ölkələrin birbaşa dövlətə məxsus qəzetindən – internet səhifəsindən sildirən, hətta həmin qəzetin rəhbərliyindən üzrxahlıq məktubu alan bu qəzetə, açıq deyim, uzun illər Qərbin Azərbaycana göstərdiyi ikili standartlar səviyyəsində yanaşılıb (?). Bunu hamı görürdü, hamı bilirdi  və bir çox sözü yuxarılarda keçənlər də susurdu… Çünki bəzi insanlar  mənafelərinə toxunulduqda ədalət axtarırlar, səs salırlar. İstədiklərini aldıqda, onlar daha sözəbaxan olurlar və susmağa üstünlük verirlər. Bunu görə-görə gəldik… Yalnız MEDİA qurumu yarandıqdan sonra bir neçə dəfə biz də layihədən yararlanmaq şansı qazandıq…

***

…İndi əli kiminsə cibində, kimlərinsə kurasiyasında, himayəsində olmayan media qurumu olaraq uzun illər ayaqda qalmağı bacaran qəzetin və saytın məhz bütün çətinlikləri gözə alan əməkdaşları gecə-gündüz var gücü ilə çalışırlar – onlardan biri də Elbar Şirinovdur.

Saytlardan hər gün özəl yazılar tələb olunan, oxucunu itirməmək – xəbər rəngarəngliyi və bolluğu yaratmaq, eyni zamanda ölkədə və dünyada baş verən hadisələri operativ  şəkildə çatdırmaq üçün mücadilə verildiyi bir zamanda redaksiyaların bir çox əməkdaşı  bayramsız, istirahət günləri olmadan çalışırlar: hətta rayona toy, yas yerinə gedəndə də, bir həftəlik istirahət günlərində də noutbukla, planşetlə səfərə çıxılır. Dediklərim, faktdır və bir çox jurnalistlər də bu faktı təsdiqləyər.

Bütün bu narahat həyat tərzini redaksiyamızın jurnalistləri ödül, mükafat naminə yaşamırlar, öz peşələrini sevərək və bunu vəzifəsi bilərək icra edirlər.

Təkcə Elbar Şirinovun bir il ərzində sayta yerləşdirdiyi xəbərin (o cümlədən özəl xəbər və məqalələr) sayı  17 minə yaxındır. 30 ilin qələm adamıdır, 33 yaşı olacaq qəzetin ştatda olan əməkdaşıdır. İndiyədək heç bir medalla təltifi olmayıb. Zatən, uzun illər jurnalistlərə verilən yüksək adlı medalların “Siyahı”da adı olan qəzetlərdə çalışanlara verildiyini kim bilmirdi ki… “Əməkdar jurnalist” adına illər öncəsi belə layiq olan Asif Mərziliyə bu ad verilməyibsə, başqalarından sitat gətirməyə ehtiyac yoxdur: “kor- kor, gör-gör”. Heç bir mübaliğəsiz!

***

Başa çatmaq üzrə olan 2025-ci il məlum olduğu kimi, jurnalistlər üçün 1875-ci ildə “Əkinçi” qəzetini dərc etməklə Azərbaycan Milli Mətbuatının əsasını qoyan maarifçi babamız Həsən bəy Zərdabinin əməyinin 150 illiyi ilə yaddaqalan oldu… Və məhz bu əməyə qiymət vermək – bilavasitə Azərbaycan mətbuatının cəfakeşləri üçün Prezident İlham Əliyevin Fərmanı ilə “150 illik yubiley medal”ı təsis edildi. Bir daha vurğulamaq istəyirəm: məhz mətbuat sahəsində çalışanlar, xidmətləri olanlar üçündür. Yəni başa düşdüyümüz, Fərmandan anladığımız budur! Bəlkə mən səhv edirəm?!

Lakin təəssüflər olsun ki, 33 ilin qəzetindən cəmi bir nəfər ştatda olan əməkdaşına bu medaldan pay düşdü… Hələki ortada heç bir siyahı yoxdur! Amma sosial şəbəkələrdəki toy-nağaradan sonra kimlərin bu ödülə layiq görüldüyü – verildiyi ortaya çıxdı. Əlbəttə, redaksiyada – mətbuat sahəsində uzun illər xidməti olan Elbar Şirinov da ştatda olan, MEDİA-nın tələblərini yerinə yetirən jurnalistlərdən biri olaraq kənarda qaldı. Yenə də susmaq olardı, amma bu  adamlar kimlər idi? Onlar necə və hansı yolla, nə səbəbə medal ala bildirlər ki, bizlər və bir çox jurnalist kənarda qaldı?!

Əsasnamədən isə əməllicə sui -istifadə olundu. Aralarında kimlər yox idi: təlimçi, sənətşünas, qoruq işçisi, opera müğənnisi, QHT rəhbərləri, mədəniyyət və elm sahəsi üzrə elmlər namizədləri, şairlər, qəzeti satış köşkü görməyən – saytını tanıyanın olmadığı “jurnalist”, fond  rəhbəri,  necə deyərlər,  bu cərgədə bircə “ambardar Məmmədxan” yox idi… Yubiley medalı alanlar sırasında kənd təsərrüfatı işçiləri – əkinçilər, maldarlar… olsaydı, vallah, bu qədər təəccüblənməzdik. Bu dəfə də deyərdilər ki, maarifçi babamız Zərdabi “Əkinçi”də əkinçilikdən, maldarlıqdan yazılar dərc edib də…

***

Baş verənlər haqlı olaraq media cameəsini silkələdi və həm də bu medal bəzi həmkarları da üz-üzə qoydu: bir-birinin xətrinə dəydilər, hərə özünü daha layiqli bildi, eyni zamanda ilhamını oxucularından alan bir çox qələm əhlini ruhdan saldı: çünki tələbə mükafatlandırıldı, müəllim kənardan baxdı.. Elə zənn edin! Təsəvvür edin, təcrübəsi qədər yaşı olmayanlar 150 illik yubiley medalı ilə ödüllənidirildilər. Medala aidiyyəti olmayan sahələrin adamlarına bu medalı verdilər, sanki ölkədə jurnalist qıtlığı imiş… Başqa sahələrdə çalışanlardan “jurnalist, yazar” düzəltdilər… Təki hesabat versinlər… Fərman yerinə yetirildi!

Yaxşı, bəs mədəniyyət işçilərinin bayramı olan – 5 aprel Beynəlxalq Mədəniyyət Günü, Akademiyanın yaranma günü-yubileyləri, təhsil işçilərinin  – 5 oktyabr Müəllimlər Günü, noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü və digər peşə bayramları –  günləri nədən ötrüdür?

Frank Sinatra  deyirdi ki, “ən yaxşı qisas böyük uğurdur”. Mən şəxsən istəməzdim ki, bir çoxunun sosial şəbəkələrdə  özünü reklama yönəlmiş bu medal göstərisi, yaltaq paylaşımları – sicilləmə təşəkkürnamələri layiqli jurnalistlərin əlini sevimli peşələrindən soyutsun, ruhdan salsın. Hamı bilir kim kimdir: sosial şəbəkədə hansısa qurumun yaltaq təbliğatçısıdırmı, şantajçı “problem” ortaya qoyub “xox gələnidirmi”, var olduğunu fotoları ilə duyurandırmı?!

Bu dəfəki ödülləndirməyə bir çox qələm əhlinin münasibəti isə göz önündədir. Və hamını yalnız bir sual düşündürür: yubiley medalı hansı kriteriyaya və meyarlara uyğun verilməliydi və verildi? Bu suala cavab tapan bizə də desin…

***

Həyatımda heç bir kəsə doğum günü münasibətilə belə təbrik yazmamışam, amma bu gün bu təbriki yazmalıydım: bildiyim, dərk etdiyim, gördüyüm, hiss etdiyim çox şeyi yazmalıydım.  Əslində, bildiyim çox şeyi həm də yazmadım… Bu şad günü çox da qəmgin notlarla davam etmək istəmədim, çünki bu gün oxucularının tanıdığı və minnətdar olduğu, həmkarlarının hörmət etdiyi jurnalist Elbar Şirinovun doğum gündür.

Bu günün və bu yazının xüsusi səbəbkarı – əsl dost, gözəl insan, nümunəvi şəxsiyyət, ləyaqətli qələm sahibi, həmkarım Elbar Şirinovu təbrik edirəm,  can sağlığı, hər zamankı kimi, heç nədən sınmamağı, mübariz olmağı və gələcək həyatında yaradıcılıq uğurları arzulayıram.

Mark Tven yazırdı ki, həyatınızdakı ən vacib iki gün: doğulduğunuz gün və səbəbini anladığınız gündür! Əminəm ki, Elbar Şirinov bu səbəbi çoxdan anlayıb.

Yasəmən MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!