4 Noyabr 2025 / 08:49

Cənubi Afrika hələlik Rusiya və ABŞ liderləri arasında G20 sammitində görüşü təsdiqləməyib

ABŞ prezident Donald Trampın tədbirdə iştirak etməyəcəyini açıqlayıb

İyirmilik Qrupunun (G20) hazırkı sədri kimi Cənubi Afrika noyabrın sonlarında Yohannesburqda keçiriləcək G20 sammitində Rusiya və ABŞ liderləri arasında görüşü rəsmi olaraq təsdiqləyə bilmir.

Tezadlar.az bildirir ki, bu barədə Cənubi Afrika prezidentinin sözçüsü Vinsent Maqvenya Finlandiya prezidenti Aleksandr Stubbın belə bir görüş təklifi ilə bağlı sualına cavab olaraq məlumat verib.

“Bu mərhələdə belə bir görüşün təsdiqi yoxdur”, – Maqvenya deyib.

Daha əvvəl “Yle” qəzeti Stubbın Cənubi Afrikada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsini təklif etdiyini bildirib. Finlandiya prezidentinin sözlərinə görə, dünya hazırda o qədər ciddi çətinliklərlə üzləşir ki, bir çoxları belə bir görüşə ehtiyac hiss edir.

G20 sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək. ABŞ daha əvvəl Trampın sammit üçün Cənubi Afrikaya səfər etməyəcəyini və nümayəndə heyətinə vitse-prezident J.D. Vensin rəhbərlik edəcəyini açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!