Əsas məzmuna keç

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA

sevinc feteliyeva ()

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir???

Keçirik mətləbə: «Təzadlar»a təqdim edilmiş şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməyə heç bir zərurət qalmadı. Çünki, qeyd etdiyimiz kimi, sübutlar ortadadır.

 Vacib məqam: Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və mülkiyyət toxunulmazlığı dövlət siyasətinin sarsılmaz əsası olduğu halda, Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə məhkəmənin hakimi Zaur Hünmətovun  «Yelo Bank» ASC ilə əlbir olaraq məhkəmə-hüquq sisteminin bütün uğurlarına rəsmi şəkildə kölgə salması adamı məyyus edir! Axı bu necə ola bilər? Ölkəmizdə hüquqi islahatlar keçirilir, hakim müstəqilliyi və ədalət mühakiməsi, haqq-ədalət bərqərar olmaqda ikən, bu məhkəmə hakimləri hər şeyin üstündən qara xətt çəkir, bütün ümidləri alt-üst edirlər. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi kursa, qanunun aliliyi prinsipinə niyə Tovuz rayon Məhkəməsində məhəl qoyulmasın??? Dövlətin möhtəbər qanunlarına və sənədlərinə məhəl qoymayan, həmçinin Dövlət Ekspertiza Mərkəzinin rəsmi rəyini gizlədən, Auditorlar Palatasının rəylərini vecinə almayan və and içdiyi Azərbaycan bayrağına olan ehtiram və sayğını öz şəxsi maraqlarına qurban verən Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevlə hakim Zaur Hünmətov kimin mənafeyini üstün tuturlar: dövlətin, vətəndaşın, yoxsa qanunlara məhəl qoymayanların???

Hədəfə alınan sərhəd iqtisadiyyatıdır!

…Beləliklə, təqdim edilən sənədlərin dili ilə: 1993-cü ilin avqust ayından etibarən, Ulu Heydər Əliyevin xalqın dəvəti və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra xalqı düşdüyü çətin iqtisadi və sosial problemlərdən çıxarmaq məqsədi ilə Dünya Azərbaycanlılarına müraciətinə ilk cavab verənlərdən biri də Baltikyani ölkələrdəki bütün investitsiyasını ölkəmizə gətirən Naiq Məmmədhəsənov oldu. O, şəxsi vəsaitlərini səfərbər edərək Ermənistanla birbaşa qaynar sərhəd bölgəsi olan Tovuz rayonunda xalqın təminatını ödəmək və insanların sərhəd bölgəsindən mərkəzi şəhərlərə köçməsinin qarşısını almaq üçün:

-160 tonluq un kombinatı;

-25 tonluq çörək zavodu;

-25 min tonluq toxum təmizləmə fabriki:

-Şərab zavodu və 500 başlıq mal-qara fermasını tikib istismara vermişdir! Bununla da 307 nəfərlik yeni iş yeri və 14 milyon manatlıq real istehsalat sahəsi təşəkkül tapmışdır!

Bunları deməklə, o məntiq çıxır ki, aidiyyəti rəsmi qurumların rəhbərləri belə xeyirxah əməl sahibinin, necə deyərlər, başına and içməlidirlər, nəinki ona badalaq gəlməli, tələ qurmalıdırlar. Amma və lakin…

***

Deyirlər, sən saydığını say, gör Tovuz rayon Məhkəməsinin hakimi Zaur Hünmətov və məhkəmənin sədri Qafil Baxşıyev qərarlarında nəyi sayır, nəyi düzüb-qoşurlar… Məsələ ondadır ki, qanunun aliliyini qorumaq etibar edilmiş bu hakimlər cütlüyü «Yelo Bank” ASC tərəfindən qurulan saxta qiymətləndirmə sxemi əsasında o boyda- 14 milyonluq istehsalat sahələrini vur-tut 447 min manata «qiymətləndirərək» ələ keçirilməsi üçün baş-başa veriblər, əlbir olublar! Adam bu yerdə bu hakimlərin tamahına mat qalır və onların yerinə utanıb-yerə girmək istəyir. Niyə? Səbəbini az sonra biləcəksiniz…

qafil

Məhkəmələrdə süni şəkildə süründürülən «Tərəqqi» medallı bir sahibkarın səsi niyə eşidilmir? Yaxud, ildə 2000 müştərisini məhkəmələrə çəkən, adını tez-tez dəyişən «Yelo Bank»ın real siması!

…Azərbaycan Mərkəzi Bankının rəsmi saytında «Müştəri Şikayət İndeksi»nə görə daim anti-reytinqlə öndə olan bu bankın keçmişi şübhələrlə doludur:

-05.02.1994-ci ildə fəaliyyətə «ULPƏR» KB kimi başlayıb.

-2002-ci ildə imicini gizlətmək üçün sonra adını «Nikoil-Bank» edib (Həmin dövrdə İdarə Heyətinin sədri rəsmi dələduzluq faktı ilə həbs edilib).

-22 noyabr 2019-cu ildə növbəti dəfə girov qalmaqallarını ört-basdır etmək üçün adını parıldayan sarı rənglərlə bəzəyərək «Yelo Bank»  ASC qoyub.

Maraqlıdır ki, bu bank hər il orta hesabla 1200-2400 arası vətəndaşı və sahibkarı süni məhkəmə mübahisələrinə çəkərək müştərilərin vəsaitlərini və mənzillərini əllərindən alır. İndi isə pərakəndə soyğunçuluqdan çıxıb, regionlarda sərhəd zonalarındakı real strateji sənaye və istehsalat sahələrini mənimsəməyə keçmişdir!

Sevinc Feteliyeva

Ən dəhşətlisi isə budur ki, bu bankın «kordinatoru və qoruyucusu» isə Milli Məclisin deputatıdır. Heç bilirsiniz bu deputat kimdir??? Bizə verilən məlumata görə, bu şəxs deputat Sevinc Fətəliyevadır!!! Bu barədə də sonra ətraflı bəhs ediləcək…

Hüquqi və maliyyə tələsi necə quruldu?

…Hər şey 2007-ci ildə «Nikoil Bank»dan (hazırkı «Yelo Bank») sərhəd bölgəsindəki yerli fermerlərdən şərab istehsalı üçün meyvə tədarükü məqsədilə 850 min manat (22% dərəcəsi ilə, 24 aylıq) kredit götürülməsi ilə başlayıb, həmin kreditin təminatı konyak spirti olmuşdir. Siz deyin, Azərbaycanda xarici bankların vasitəsi ilə sərhəd bölgəsində yerli istehsalı, sahibkarlığı- bu şirkətin «Tovuz-Baltiya» MMC-ni göz görə-görə necə müflis etmək, işgüzar nüfuzuna necə zərbə vurmaq olar? Təbii ki, OLMAZ, ÖZÜ DƏ QƏTİYYƏN OLMAZ! Və bu, sadə bir iddia deyil, rəsmi məhkəmə qərarları ilə sübut olunmuş bir HÜQUQİ REZONANSDIR! Amma nə baş verir: qarşı tərəf, yəni sahibkara badalaq vurub tələ quran isə tapılır: «Yelo Bank» ASC (keçmiş «Nikoyl» İKB) ilə icraatda qanunsuzluqlara imza atan Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, hakim Zaur Hünmətov!

SARSILMAZ XRONOLOGİYA:

…Diqqət edin, bank dərhal 6 ay keçməmiş şirkəti məhkəməyə vermişdir. Məhkəmə bankın krediti müqabilində girov qoyulmuş konyak spirtinin bir hissəsini borca tutub, qalan hissəsini girovdan azad etmişdir. Lakin Bank Tovuz rayon icra məmuru Araz Əhmədovla əlbir olaraq məhkəmənin girovdan azad etdiyi konyak spirti saxlanılan anbarları yenidən bağlayaraq, saxta rəy əldə etmiş, «keyfiyyətini itirmiş mal» kimi qələmə verərək, dəyərindən 7-13 dəfə ucuz qiymətə hərraca çıxarmışdır.

Bu artıq özbaşınalığın son həddi deməkdir! Bankın bu qanunsuz və əndazəni aşmış əməlinə qarşı məhkəməyə şikayət olunur. Məhkəmə yeni qiymətləndirmə təyin edir və ədalət öz yerini tapır: Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəmənin №2-İQT «81»-110//2013 saylı qətnaməsi ilə «Nikoyl» İKB-dən (indiki «Yelo Bank») «Tovuz-Baltiya» MMC-nin xeyrinə 1 milyon 126 min 635 manatın məcburi tutularaq ödənilməsi barədə qətnamə çıxarılır!

Bununla da sakitləşməyən bank rəhbərliyi girovdan azad olunmuş konyak spirtini satmaq məqsədi ilə dərhal Kizlər konyak zavodu ilə bağlanmış 4 milyon 200 min 766 € məbləğində müqaviləni pozmaq məqsədi ilə Dağıstanın «Kizlyar Konyak Zavodu»na rəsmi qaydada yalan və böhtan məzmunlu məktub yazaraq, zavodun beynəlxalq nüfuzuna zərbə vurmuşdur. Şirkət, yəni zavod rəhbərliyi Bankın yazdığı böhtan xarakterli məktubu ilə bağlı məhkəməyə şikayət verir.

Ən nəhayət, Ali Məhkəmənin 26.07.2017-ci il tarixli(iş №2-2(102)-291/17) saylı qərarı ilə bankın bu hərəkəti «…işgüzar nüfuza vurulan ziyan» hesab edilərək və bank hesabından daha 50 000 AZN məcburi tutularaq “Tovuz-Baltiya” MMC-yə təzminat kimi ödənilmişdir!

yelo bank

«BARIŞIQ» TƏKLİFİ ADI ALTINDA TƏLƏ VƏ  YENİ QANUNSUZLUQLAR

Bank № 2-İQT-81/2013 saylı məhkəmə qətnaməsi ilə «Nikoyl» İKB-dən («Yelobank» ASC-dən) vurduğu ziyanla bağlı 1 milyon 162 min 635 manat tutularaq “Tovuz- Baltiya” MMC-yə ödənilməsi ilə bağlı qərardan bu dəfə apellyasiya şikayəti vermişdir. Amma apellyasiya şikayətinin perspektivsiz olduğunu görən bankın rəhbərliyi bu dəfə şirkətə qarşı qəsdən, tələ qurmaq niyyəti ilə barışıq təklifi etmişdir… Bu barışıq zamanı qanunsuz şəkildə tutulmuş vəsaitlərin qalan 173 min manatlıq hissəsi bank tərəfindən silinmişdir. Barişiq zamanı bank «Tovuz-Baltiya» MMC-nin təsisçisi olduğu «Azər-Frans» MMC-yə Sahibkarlığın İnkişafı Fondunun 2 milyon manatlıq krediti ilə bağlı 18.11.2010-cu il tarixli məktubunun üzərindən yeni bir hiyləyə əl ataraq, 2 milyon manat güzəştli kreditə qarşı 3 milyon manat, 5 il güzəştli kreditə qarşı isə 10 il müddətinə güzəştli kredit veriləcəyi şərti ilə “Tovuz-Baltiya» və “Azər-Frans” MMC-lərə qarşı olan bütün iddialarından imtina edəcəyini, eləcə də VİP-xidmət göstəriləcəyini vəd edərək əvəzində şirkətin Bakı Apellasiya Məhkəməsində qaldırdığı 1 milyon 162 min 635 manat ziyanla bağlı tələbindən imtina edəcəyini xahiş etməklə ərizə verilməsini razılaşdırır. Bank yalnız Azərbaycan Milli Bankına (AMB) «Tovuz-Baltiya» MMC-nin icra vərəqindən qalan 173 min manat kredit borcunun «0.00» tam bağlanması barədə 12.11.2013-cü il tarixində son hesabatı verir! Eyni tarixdə bütün əmlaklar “Tovuz-Baltiya” MMC- dən- girovdan çıxarılaraq 3 milyon manat güzəştli kreditin ayrılması məqsədi ilə «Azər-Frans» MMC adına rəsmiləşdirilərək yüklü edilir.

Məsələ bununla da bitmir: ”Tovuz-Baltiya”MMC-də bankın hesabatına görə, banka qarşı olan 1 milyon 162 min 635 manat məbləğində iddia tələbindən imtinaya dair Bakı Apellyasiya Məhkəməsinə etiraz ərizəsi təqdim edir, lakin bank bunun ardınca dərhal vədindən qaçır. Beləliklə, bank bu dəfə Sahibkarlığın İnkişafı Fondunun adı ilə müştərilərini manipulyasiya edərək 863 min manat məbləğində 3 aylıq, 18%-li qısamüddətli kredit ayırır və bu dəfə vəd edir ki, fonddan pul gələn kimi bu borc və faizləri kompensasiya olunacaq.

Bank köhnə kredit bağlanmayınca Sahibkarlığın İnkişafı Fondunun 3 milyon manat güzəştli krediti buraxmayacağını da bildirir. «Azər-Frans» MMC borc-xərc edərək, məcbur olub 863 min manatın qalan borcunu məcburən vaxtından əvvəl bağlayır. Amma Bank isə borcun “Azər-Frans” MMC-nin borc qalığının 0.00 olması barədə AMB-yə hesabat təqdim etdikdən sonra, 3 milyonluq krediti vermək üçün əlavə olaraq 4 ipoteka və bir girov müqaviləsi də bağlatdırır. Sən demə, tələ qurulmuş olur: məhz bundan sonra bank rəhbərliyi şirkətin aidiyyəti əməkdaşlarını banka buraxmır, telefonlarına cavab vermir, məktub və mesajlarına cavablamır və s. Beləliklə, bank yeni üzüm bağları salınması məqsədi ilə 3 milyon manatlıq müqavilə üzrə ayrılacaq krediti “Azər-Frans” MMC-yə vermir.

MMC rəhbərliyi bu dəfə məcbur olub 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə bankın bu əməlindən şikayət verir. Məhkəmə şikayətə baxaraq 26.04.2016-cı il tarixində: İş № (2-2)81- 55/2016 saylı qətnamə ilə şirkətin xeyrinə ədalətli qətnamə çıxarır.

Aha, deyəsən, vəziyyət gərginləşir: Bank həmin qətnamədən yenidən apellyasiya şikayəti verir. İşə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 23 avqust 2016-cı il tarixli, İş № 2-2(103)-498/2016 saylı qətnaməsi ilə bankın apellasiya şikayətini rədd edir.

İşə baxın: Məhkəmələrdə uduzan bank sahibkara təzyiq etmək üçün bu dəfə isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə saxta borc iddiası ilə şikayət edir. Lakin Baş Prokrorluğun təyin etdiyi Azərbaycan Respublikası Auditorlar Palatası və ABŞ Beynəlxalq daxili auditorları şirkətin kredit borcu ilə bağlı yoxlama apararaq “Tovuz-Baltiya” və “Azər-Frans” MMC-lərin banka, əksinə, artıq ödənişi olduğunu sübuta yetirir, bununla da bankın iddiası ifşa olunur.

Aparılan Audit yoxlamalarının nəticələri bir daha sübut edir ki, ”Tovuz-Baltiya” və “Azər- Frans“ MMC-lərin banka heç bir borcu olmadığı halda, əksinə, bank sahibkarın hesabından 70 min 347 manat artıq vəsaitini silmişdir. Məhkəmələrdə tamamilə uduzan, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində saxta borc iddiaları ilə bağlı Auditorlar Palatasının rəsmi yoxlamaları ilə yalanları ifşa olunan “Yelo Bank“ rəhbərliyi bu dəfə “Tovuz-Baltiya”, ”Azər-Frans” MMC-lərin Tovuz rayonunda vergi uçotunda olmasından istifadə edərək adiyyəti üzrə yenidən “Azər-Frans”MMC-nin götürdüyü 863 min manat  kreditin tam ödənilərək, bankın özünün Mərkəzi Banka verdiyi hesabata görə gecikən günlərinin sayının “0” gün, borc qalığının isə məbləği “0.00” azn göstərildiyi bir halda, 1 milyon 577 min 526 manat borcu olması ilə bağlı iddia ərizəsi verir.

“YELO BANKIN” MƏHKƏMƏDƏN SƏNƏD GİZLƏTMƏSİ VƏ ALDATMA OYUNLARI-DEPUTATIN MÜDAFİƏÇİLİYİ…

…Tovuz  Rayon Məhkəməsi işin mürəkkəbliyini nəzərə alıb, 11.09.2019-cu ildə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edir. Ekspert bankdan kreditin uçotunun aparıldığı müvafiq ssuda hesabatlarından çıxarışları tələb edir. Bəs  bank nə edir? «Yelo Bank» tam 14 ay ərzində ekspertin verdiyi çoxsaylı vəsatətlərinə uyğun (№ 26653,№ 28452,№25458 və sair vəsatətlər) tələb etdiyi sənədləri (müvafiq ssuda hesablarından çıxarışları, faizlərin dayandırılması ilə bağlı idarə heyətinin qərarını) məhkəməyə verməkdən yayınır  və gizlədir. Çünki sənədlər ortaya çıxsaydı, bankın saxtakarlığı tam olaraq rəsmiləşdiriləcəkdi. Halbuki 2020-ci ildə rəyin əldə edilməsi üçün sənədlərin ekspertizaya çatdığı tarixdən 1 ay müddət verildiyi halda, 14 ay ərzində dövlət ekspertiza mərkəzinin çoxsaylı vəsatətlərində göstərilən sənədlər verilmədiyindən ekspert məcbur olub №28458 saylı rəyi ilə Bankın borcla bağlı iddia məbləğinin müəyyən edilməsinin mümkünsüzlüyü barədə rəy vermişdir.

***

”Yelobank” ASC rəhbərliyi isə yenə də sakitləşmir və ekspertin bu rəyindən sonra onun sonuncu yalan və aldatma şansının da baş tutmayacagını görüb bu dəfə mübahisənin Tovuz rayon Məhkəməsində keçirilməsinə etiraz edir, işin Gəncə Kommersiya Məhkəməsində baxılmasına nail olur.

Beləcə, bu dəfə işə Gəncə Kommersiya Məhkəməsində işə baxan hakim Ali Məhkəməyə işin adiyyatı üzrə baxılmasınun mümkünlüyü ilə bağlı sorğu verir. Ali Məhkəmə işin Gəncə Kommersiya Məhkəməsində deyil, aidiyyət üzrə Tovuz Rayon Məhkəməsində baxılması barədə qərar verir. Elə hər şey də bundan sonra başlayır. 13 iyun 2022-ci ildə Tovuz Rayon Məhkəməsinin hakimi Zaur Hünmətov işin mürəkkəbliyini nəzərə alıb, məhkəmə-mühasibatlıq və müstəqil qiymətləndirmə ilə bağlı rəylərin əldə edilməsi üçün iş üçün yenidən ekspertiza yeni təyin edir, icraatı ekspert rəyləri təqdim edilənədək -1 ay ərzində dayandırır.

HAKİM ZAUR HÜNMƏTOVUN «HÜQUQİ NİHİLİZMİ»!

…Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri hakimin bu qərardadı ilə bağlı yenə də vəsatətlər verərək bankdan müvafiq ssuda hesablarından çıxarışları və digər maliyyə sənədlərini tələb etsələr də, «Yelo Bank» nə az, nə çox-düz 7 ay ərzində sənədləri ekspertə təqdim etmir. Nəticədə ekspert 2-ci dəfə bankın borcla baglı iddiasına rəy verilməsini mümkünsüz sayır.  Hakim Zaur Hünmətov isə fürsəti əldən vermir və sizcə, belə olan halda nə etməli idi? Təbii ki, ədalətli qərar qəbul edərək sənədləri gizlətdiyi üçün banka qarşı qanuni tədbir görməli və sahibkarın xeyrinə qətnamə çıxarmalı idi. Amma görün hakim Zaur Hümbətov nə etdi: hakim bu dəfə də həddini aşır və 28.02.2023-cü il tarixli qətnaməsində (səhifə 13-14) yazır ki, «Ekspert rəyinin əldə edilməsi mümkün olmasa da, bankın mülki dövriyyəsinin sabitliyini təmin etməklə bağlı böyük rolun olmasını nəzərə alaraq, həm də və prosesual qənaət prinsipi baxımından işin ekspertizaya göndərilməsini zəruri hesab etmirəm!».

Bu, qanuna hörmətsizliyin, məhkəmə ədalətinin, hakim peşəkarlığının sıfırlanması deməkdir! axmaqlığın son həddi də sayıla bilər! Yəni, hakim Zaur Hünmətov bununla da açıq-aşkar deyir ki Azərbaycan Milli Bankının (AMB) Kredit reyestri xidmətində şirkətin-sahibkarın kredit borcunun “0.00” azn, gecikən günlərin sayının “0” olmasını təsdiq edən Çıxarışı və həmin Çıxarışı möhür və imzası ilə təsdiq edən ASAN xidmətinin möhür və imzası ilə verilmiş Çıxarışını, həmçinin Maliyyə Nazirliyinin Ekspertiza mərkəzlərinin, Ekspert rəylərinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi audit rəylərinin nəticələrinin onun üçün heç bir önəmi yoxdur! Həmçinin o, bankın mülki dövriyyəsinin sabitliyinin təmin edilməsindəki böyük rolunu üstün tutur. Niyə? Axı «Banklar haqqında» AR Qanunun 41-1.1-ci maddəsinə və AMB-nin müvafiq Əsasnaməsinə görə, Reyestrə məlumatlar məhz bankların özləri tərəfindən daxil edilir və bu  rəsmi informasiya bazası hesab olunur!

Eyni qərardaddan ikili standartla istifadə…

Hakim eyni bir qərarla həm borcun məbləğini  təyin edir, həm də girovun qiymətləndirilməsi barədə qərar verir. O da məlum olur ki, hakim  qiymətləndirmə hissəsində bankın maraqlarına xidmət edərək, əmlak dəyərinin müqavilə dəyərindən 5,3 dəfə və sonuncu real dəyərindən isə 30 dəfə aşağı göstərən uydurma rəqəmi əsas götürmüş, mühasibat-uçot hissəsində isə verilmiş ekspert rəyini gizlətmişdir. Bu məhkəmənin və hakimin tərəfkeşliyinin rəsmi sübutu deyilmi?

İcra mərhələsində baş vermiş kütləvi qanunsuzluq-Notariat sövdələşməsi!

…Tovuz rayon Məhkəməsinin qətnaməsində ən dəhşətli məqam isə budur ki, ipoteka predmeti olan əmlakın hərrac yolu ilə satılması qət edilir. «İcra haqqında» AR-nin Qanunnun 53, 54 və 64-cü maddələrinə görə, məhkəmə qərarında hərrac göstərilibsə, deməli, əmlak mütləq açıq hərraca çıxarılmalıdır. Lakin icra məmuru məhkəmə  qətnaməsinin tələbini kobud surətdə pozaraq 14 milyonluq əmlakı ucuz qiymətə- birbaşa «Yelo Bank»a təhvil verir… Təsəvvür edirsinizmi bun ə deməkdir???

qafil

Mülkiyyətin hərracsız talan edilməsinə məhkəmədən hüquqi zəmin…

…Hakim Zaur Hünmətov qətnamədə əmlakı açıq hərrac yolu ilə satılmasını qət etsə də, rəqəmləri və girov dəyərini bilərəkdən elə təhrif etmişdir ki, icra məmuru və notarius da bu qətnaməyə istinad edərək 14 milyonluq şərab zavodunu, un kombinatını cəmi 447 min 342 manata birbaşa bankın adına keçirmişdir. Məsələ bununla da bitmir, hətta burda maraqlar necə itilənirsə, hətta Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev bu mülkiyyət mənimsənilməsinin baş memarı kimi çıxış edir! «Məhkəmlər və hakimlər haqqında» AR Qanunun tələblərinə görə, məhkəmə sədri digər hakimlərə örnək olmalı, qanunun aliliyini qorumalı ikən, görün necə bir qanunsuz və ədalətsiz yol tutur! Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyev isə tabeliyindəki hakim Zaur Hünmətovla inzibati və hüquqi əlbirliyə gtirərək ədalət mühakiməsini şəxsi maraqlarına alət etmiş, dövlət Reyestrini və Ekspertiza institutlarının imicini də ayaq altına atmışdır.

2026-cı ilin yeni inanılmaz məhkəmə mübahisəsi- baş rolda hakim və sədr Qafil Baxşıyev!

…İcra prosesində tərtib edilmiş saxta protokolların etibarsız hesab edilməsi və onların arasında verilmiş sənədlərin ləğvi tələbi ilə şirkət yenidən Tovuz rayon Məhkəməsinə müraciət etmişdir. İşi şəxsən Tovuz rayon Məhkəməsinin sədri və  hakim Qafil Baxşıyev öz baxışına götürərək 14 avqust 2026-cı il tarixli «e-2(5-163(-1653-2026)» saylı qətnamə ilə iddianı məqsədli və qərəzli şəkildə təmin etməmişdir. Beləliklə, məhkəmədə açılmalı düyün yenə də bağlı qalır. Bu düyünün açılması üçün isə ekspertizalar, audit rəyləri, qiymətləndirilmələr, xüsusən də ipoteka dövründəki qiymətləndirmə, məhkəmə qərarı ilə aparılmış qiymətləndirmə, sonuncu qiymətləndirmə, Azərbaycan Mərkəzi Bankının Kredit reyestrindən çıxarış sənədi, eləcə də ASAN xidmətin möhür və imza ilə təsdiq etdiyi borcun olmaması barədə çıxarış, eləcə də bankın qanunsuz və əsassız iddiaların ləğv edilməsi, bu səbəbdən hakim Zur Hünmətovun və hakim, məhkəmə sədri Qafil Baxşıyevin sübutlara və prosessual tələblərə qanunsuz münasibəti vahid xronologiyada yoxlanılmalıdır!

Artıq iş o yerə gəlib çıxıb ki, hakim Zaur Hünmətovun və Tovuz rayon Məhkəməsinin sədri Qafil Baxşıyevin bu məsələlərdəki prosessual davranışlarının, ekspert rəylərinə münasibətlərinin, iş materiallarının tamlığının, dövlət reyestri məlumatlarının qiymətləndirilməsinin və əmlakların bankın mülkiyyətinə qanunsuz olaraq keçirilməsinə nail olmağa çalışan icra məmurunun hərəkətlərinin Məhkəmə-Hüquq Şurası tərəfindən obyektiv və sənədli şəkildə araşdırılması tələb olunur! Əgər hər şey qanuna uyğun aparılıbsa, bunu mötəbər sənədlərlə sübutu mümkündür. Yox, əgər əksinə, qanuna uyğun aparılmayıbsa, söhbət artıq bir sahibkarın əmlakından deyil, məhkəmə qərarına, dövlət ekspertizasına, dövlət reyestrinə, ASAN xidmətə, Auditorlar Palatasına və mülkiyyət hüququna ictimai etimadın itirilməsindən gedir…

***

Sonda: baş verənlərlə bağlı iş adamı və «Azər-Frans» MMC-nin və «Tovuz-Baltiya» MMC-nin rəhbərliyi Tovuz rayon Məhkəməsinin sonuncu qtnaməsindən və İcra məmurunun qanunsuz əhərəktlərindən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib… Və onlar inanır ki, həmişə məsələyə ədalətli qərarları ilə seçilən Gəncə Apellyasiya Məhkəməsi bütün bu hüquqi dolaşıqlığa və qanunsuz hərəkətlərə son qoyan qərarını verəcək!

(Davamı var)

-Bəs Milli Məclisin deputatı Sevinc Fətəliyevanın ”Yelobank” ASC-nin xeyrinə qəbul edilmiş qanunsuz məhkəmə qərarlarında rolu nə dərəcədir???

«Təzadlar»ın Araşdırma Qrupu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…