Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 Avqust 2026 / 10:50

Ərbəin yürüşü: 1400 ildən sonra da milyonları bir araya gətirən tarix!

…Bu günlərdə dünyanın diqqəti yenidən Kərbəlaya yönəlib. Milyonlarla insan Ərbəin ziyarəti üçün İraqa üz tutur. Bəs bu ənənə nə vaxt yaranıb? Kim bu ziyarətin əsasını qoyub? Və necə olub ki, 1400 il əvvəl baş vermiş bir hadisə bu gün də milyonlarla insanı eyni yolda birləşdirə bilir?
Bəzi hesablamalara görə, zəvvarların sayı 20–25 milyon, bəzi illərdə isə 30 milyondan da artıq olur. Bu səbəbdən Ərbəin yürüşü dünyanın ən böyük illik dini toplantılarından biri hesab edilir.
Bu mərasim necə olub ki, XIV əsr keçməsinə baxmayaraq bu gün də milyonlarla insanı eyni məqsəd ətrafında birləşdirir?
Tarixin başlanğıcı
Kərbəla hadisəsi 680-ci ildə (61-ci hicri ilində) baş verdi. İmam Hüseyn və onun silahdaşları Məhərrəm ayının 10-da – Aşura günü şəhid edildilər.
Şiə mənbələrinə görə, hadisədən 40 gün sonra Peyğəmbərin səhabəsi Cabir ibn Abdullah əl-Ənsari Kərbəlaya gələrək İmam Hüseynin məzarını ziyarət edən ilk şəxs oldu.
Məhz buna görə “Ərbəin” – yəni qırxıncı gün ziyarəti şiə dini ənənəsinin əsas mərasimlərindən birinə çevrildi.
Lakin bu mərasim ilk dövrlərdə bugünkü kimi milyonlarla insanın iştirak etdiyi yürüş deyildi.
Əməvilər, daha sonra bəzi Abbasi hökmdarları Kərbəla ziyarətinə müxtəlif qadağalar qoyurdular. Ziyarət edənlər təqib olunur, bəzən yollar bağlanırdı.
Ancaq bütün bu təzyiqlərə baxmayaraq, Kərbəla ziyarəti yaşadı.
Şiə imamları, xüsusilə İmam Cəfər əs-Sadiq, Hüseynin ziyarətini şiə kimliyinin mühüm hissəsi kimi təşviq etdilər və Ərbəin əsrlər boyu davam edən dini ənənəyə çevrildi.
Müasir Ərbəin
Bugünkü milyonluq yürüş isə əsasən 2003-cü ildən, İraqda Səddam Hüseyn rejiminin süqutundan sonra formalaşdı.
Səddam dövründə Ərbəin yürüşü uzun illər qadağan edilmişdi.
Qadağa aradan qalxdıqdan sonra milyonlarla insan yenidən Kərbəlaya axışmağa başladı və bu mərasim qısa müddətdə dünyanın ən böyük dini toplantısına çevrildi.
İranın rolu
Müasir dövrdə Ərbəin yürüşünün bu qədər böyüməsində İran İslam Respublikasının da xüsusi rolu var.
1979-cu il İslam İnqilabından sonra İran şiə dini ənənələrinin qorunmasını və yayılmasını dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirdi.
Bu baxımdan Ərbəin mərasimi təkcə dini ibadət deyil, həm də şiə dünyasının həmrəyliyini nümayiş etdirən böyük dini və mədəni hadisə kimi təqdim olunur.
İran üçün milyonlarla insanın Kərbəlaya axın etməsi həm də ölkənin şiə dünyası üzərindəki dini və ideoloji nüfuzunun göstəricilərindən biri hesab edilir.
Lakin bu yürüşü yalnız İranın siyasəti ilə izah etmək düzgün olmaz.
Çünki Ərbəinin kökləri İran İslam İnqilabından təxminən 1300 il əvvələ gedib çıxır.
İnsanları hər il Kərbəlaya aparan əsas səbəb dövlət deyil, onların dini inancı və tarixi yaddaşıdır.
Tarixin dərsi
Tarixdə çox imperiyalar yaranıb və dağılıb.
Çox hökmdarların adı unudulub.
Amma Kərbəla hadisəsi 1400 ildən artıqdır ki, yaşayır.
Bu, göstərir ki, bəzi hadisələr təkcə tarix kitablarında qalmır.
Onlar xalqların kollektiv yaddaşına çevrilir.
Məhz buna görə Ərbəin artıq yalnız dini mərasim deyil.
O, həm də tarix, mədəniyyət, kollektiv yaddaş və sivilizasiya hadisəsidir.
Bəlkə də bu hadisənin ən maraqlı tərəfi budur:
Dövlətlər bəzən tarix yaradır. Amma elə tarixlər də var ki, əsrlər sonra dövlətlərin siyasətinə təsir göstərir.
Kərbəla hadisəsi məhz belə tarixlərdəndir.
680-ci ildə baş vermiş bir hadisə bu gün də milyonlarla insanı eyni yolun yolçusuna çevirir, Yaxın Şərqin dini, mədəni və siyasi həyatına təsir göstərməkdə davam edir.
Bu isə göstərir ki, bəzi ideyaların və bəzi tarixi hadisələrin ömrü hökmdarların ömründən, dövlətlərin sərhədlərindən və əsrlərin dəyişməsindən daha uzun olur…
Elbəyi HƏSƏNLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!