Bu gün- sağalmaz və uzun sürən xəstəlikdən dünyasını dəyişən dəyərli həmkarımız, cəsarətli jurnalist Əvəz Zeynallı canı-qanı ilə sevdiyi Vətən torpağına tapşırıldı… Açıq deyirəm, onun xəstəliyi uzun müddət ərzində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan jurnalistikasının ağsaqqallığına və “media kapitanlığı”na iddialıların onu arxasız qoymasından, həyan olmamasından qaynaqlanırdı… Həyat yoldaşı Məlahət xanım xatırlayar, Əvəz bəy ilk dəfə həbs olunanda və redaksiyası məhkəmə icraçıları tərəfindən nəzarətə götürüləndə dərhal ofisində oldum… Sonra ailəsinə, həyat yoldaşım Yasəmən xanımla birgə, baş çəkdim… Halbuki həmin vaxtlar Ramiz Mehdiyevin qorxusundan nə Mətbuat Şurasından kiminsə, nə də “media kapitanları”ndan kimlərinsə o qapını döyməsi şəxsən mənə məlum deyil… Əvəz bəy həbsdən çıxandan sonra isə onunla qol- boyun olanlar çox idi… Olsun! Gec də olsa, olması yaxşıdır, amma…
Nəyi demək istəyirəm: bəziləri indi yazır ki, niyə hökumət Əvəz bəyə sahib çıxmadı? Məgər ona uğrunda imic və hörmət qazandırdığı müstəqil və ya qeyri- müstəqil media adına iddialılar, yenə də Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi… sahib çıxdımı? Mən zəng edib xəlvətcə hal- əhval tutanları demirəm… Var idimi? Amma Əvəz bəyin son xəstəlik mübarizəsində yenə də xalqın kasıb- kusubu ona dəstək oldu! Amma dəstək olmalılar susdu! Amma susmalı deyildilər!
Ən sonda: bunu mütləq deməliyəm, bilmirəm, bəlkə də deməməli idim, bir çoxları xüsusi vurğu ilə yazır ki, Əvəz Zeynallı Azərbaycanın yeganə danışan dili, cəsarətli söz deyən qəhrəman jurnalisti idi! Qəti etirazım yox! Amma düşünürəm: axı Azərbaycanda yetərincə cəsarətli söz deyən qələm adamları da yox deyil! Məgər biz- mən öz adımdan danışıram, 34 illik “Təzadlar”lığımızda cəsarətsiz söz deyənmi olmuşuq? Yəni, cəsarətli, kəsərli söz deyən olmaq üçün daha nə lazım idi: yazdıqlarımıza görə həbs edilirik, “Bayıl”da yatırıq, haqsızlığı görürük, qapımıza killer göndərilir, evimiz benzin tökülərək yandırılır, ardınca maşınımız yenə də benzin tökülərək tamamilə yandırılır, çoxsaylı məhkəmələrə verilirik, cərimələr ödətdirilirik… Biz daha nə etməliydik?
Bəli, Əvəz bəy çox haqsızlığa məruz qaldı, sonda xəstəliklə və bundan betər haqsızlıqla mübarizə apardı, amma…
Allah rəhmət eləsin! Mən çox istərdim ki, ona vaxtlnda sahib çıxmalı- arxa durmalı və jurnalistika kapitanlığına- ağsaqqallığına iddialılar heç olmasa bundan sonra onun ruhu yaşayacaq ailəsinə, qız balalarına həyan olsunlar! Axı indi Ramiz Mehdiyev zəhmi və qorxusu yoxdur!
Asif MƏRZİLİ







