Qulaq hər gün bir şok xəbər eşitməsə… o söz! “Azərbaycanda məhkəmə hakimləri ömürlük təyin olunsun!” deyən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, dəfələrlə Azərbaycanda hakimlərin ömürlük təyin olunması məsələsini qaldırıb: “Əgər Konstitusiyamıza görə dövlət hakimiyyətinin həyata keçirilməsi hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilirsə, hakimlərə də yaş həddi təyin olunmamalıdır. Əgər hakimlər üçün ömürlük təyin etmiriksə, heç olmasa bütün məhkəmə hakimləri üçün eyni yaş müəyyən olunsun. Bundan başqa, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edirik. Hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxılmalıdır. Hakimlərin intizam məsuliyyətinə cəlb etməklə onu vəzifəsindən kənarlaşdırmaq olmaz. Ali Məhkəmə tərəfindən onların əməlinə qiymət verilərsə, bu halda vəzifələrindən uzaqlaşdırıla bilərlər. Ədalətin təmin olunması həm də iqtisadiyyatın inkişafı deməkdir. Güclü məhkəmə hakimiyyəti mülkiyyət toxunulmazlığının təminatı deməkdir. Ona görə də bu istiqamətdə işləri davam etdirməliyik”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur. Həmçinin Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.
Görünür, Qüdrət Həsənquliyev Amerika məhkəmə sistemində çalışan və ədalət mühakiməsinə hörmət gətirən hakimlər haqqında çəkilmiş bədii filmlərə çox baxır… Bəli, hakimlər ömürlük təyin edilsin, yəni ölənəcən! Amma o halda ki, baxdığı işə zaval olmasın, kiminsə tərəfini tutmasın, telefon zəngi ilə qərar qəbul etməsin, mütləq mənada müstəqil olsun! Bu Azərbaycan reallığında mümkündürmü??? Ən sadə misal: İş adamı Nazim Tahirov 7 ildir Rusiyadan gətirdiyi metal boruların “Cənnət Park” MTK tərəfindən ələ keçirilməsi cəhdini Konstitusiya Məhkəməsi səviyyəsinədək qaldırıb, qərar da alıb ki, bu borular onundur. Amma aşağı məhkəmə hakimləri Konstitusiya Məhkəməsinin bu qərarını heçə alırlar… Halbuki Konstitusiya Məhkəməsinin qərarı müzakirə predmeti deyil və dərhal icra edilir! Qanunda belədir, reallıqda isə… Dediyimiz kimi, aşağı məhkəmə ən yuxarı məhkəməni saymır… 7 ildir bir mülki iş üzrə mübahisə ola bilərmi??? Məhkəmə karuseli olan ÖLKƏDƏ hakimi ömürlük təyin etmək nə deməkdir?!
ADAMA GÜLƏRLƏR…
A.Məmmədli