Əsas məzmuna keç

HİCAB PROBLEMİ MƏKTƏB VƏ AZADLIQ MÜSTƏVİSİNDƏ: İNANCIN SƏRHƏDLƏRİYLƏ TƏHSİLİN MISSİYASINA BAXIŞ

(Dünyəvi təhsil, dini etiqad, məktəbli forması və müasir cəmiyyətin mənəvi inkişafı haqqında düşüncələr…)
Birinci hissə
Son günlər Azərbaycanda təhsil müəssisələrində hicab məsələsinin yenidən ictimai müzakirələrin mərkəzinə çıxması yəqin ki, təsadüfi hadisə deyil. Söhbət zahirən bir geyim elementindən getsə də, əslində müzakirənin arxasında daha mürəkkəb suallar dayanır:
dünyəvi dövlət nədir, dünyəvi təhsil hansı prinsiplərə əsaslanmalıdır, dini inancın şəxsi həyatdakı yeri haradır, uşağın seçimi ilə valideynin iradəsi arasında hansı sərhədlər mövcuddur, ümumiyyətcə müasirlik dedikdə nəyi və necə başa düşürük?
Bu suallara emosiyalarla, ittihamlarla, qarşılıqlı təhqirlərlə cavab vermək asandır. Çətin olan isə məsələnin tarixi, dini, fəlsəfi, hüquqi, pedaqoji və ictimai mahiyyətini dərindən, obyektiv və birlikdə araşdırmaqdır.
Bir çox ziyalılar kimi, mənim də mövqeyim özüm üçün aydındır:
təhsil dünyəvi olmalıdır, məktəbli formasının tətbiqini dəstəkləyirəm. Ancaq bu formaya keçid düşünülmüş, mərhələli, izahlı və insan ləyaqətinə hörmət əsasında həyata keçirilməlidir və keçirilə bilər.
İslam dininə və Allaha inanan insanlara hörmət edirəm. Lakin dinin siyasi məqsədlər üçün istismarını, dini fanatizmi, ifratçılığı və insanın azad düşüncəsinə müdaxiləni qəbul etmirəm.
Bu mövqelər bir-birinə zidd deyil. Əksinə, onların uzlaşdırılması sağlam cəmiyyətin əsas şərtlərindəndir.
Hicaba geyimdən daha artıq məna
Hicab haqqında mühakimə yürütməzdən əvvəl onun nə olduğunu mənbələr üzrə anlamağa çalışaq.
Qeyd olunur ki,
ərəb mənşəli “hicab” sözü ilkin mənasında pərdə, örtük, maneə, ayırıcı sədd kimi mənalar daşıyır. İslam dini ənənəsində bu anlayışın mənası zamanla genişlənmiş, qadın və kişinin davranışında həya, iffət, geyim və dini əxlaq məsələləri ilə əlaqələndirilmişdir.
Müasir gündəlik dildə isə hicab çox vaxt müsəlman qadınının saçını və boynunu örtən geyim formasını ifadə edir.
Bununla belə, hicabı bütün müsəlmanların eyni cür başa düşdüyü, bütün İslam cəmiyyətlərində eyni şəkildə tətbiq edilən dəyişməz bir geyim qaydası kimi təqdim etmək də doğru olmaz. Dini mətnlərin şərhi, yerli adətlər, tarixi şərait və şəxsi dini yanaşmalar arasında fərqlər mövcuddur.
Örtünmə ənənəsinin tarixi də İslamın yaranması ilə başlamır.
Mənbələrə görə Qədim Mesopotamiya, Yaxın Şərq və Aralıq dənizi hövzəsində müxtəlif örtünmə formaları mövcud olmuşdur.
Ayrı-ayrı cəmiyyətlərdə geyim insanın sosial mövqeyini, ailə vəziyyətini, dini mənsubiyyətini və ictimai statusunu göstərən vasitələrdən biri olmuşdur. Bəzi tarixi dövrlərdə müəyyən örtünmə formaları sosial təbəqələrə görə fərqləndirilmiş, başqa dövrlərdə isə dini və əxlaqi normalarla əlaqələndirilmişdir.
Deməli, baş örtüyünün tarixi yalnız dinin tarixi deyil; həm də cəmiyyətin, ailənin, adətlərin, sosial münasibətlərin və insan bədəninə münasibətin tarixidir.
Burada vacib bir məqam var: tarixi kökləri araşdırmaq hansısa geyim formasını nə avtomatik olaraq doğru, nə də yanlış edir. Tarix bizə mənşəyi izah edir, lakin müasir dövrdə onun necə tətbiq olunmalı olduğunu müəyyənləşdirmir.
İslamda hicab
İslamda örtünmə məsələsini müzakirə edərkən Quranın mətnini, dini şərhləri və müsəlman cəmiyyətlərində formalaşmış ənənələri bir-birindən fərqləndirmək lazımdır.
Quranda mömin kişilərə də, qadınlara da baxışlarını və davranışlarını tənzimləmək, iffəti qorumaq barədə müraciətlər vardır.
Mənbələr qeyd edir ki, Nur surəsinin 30–31-ci ayələrində bu məsələlər, Əhzab surəsinin 59-cu ayəsində isə qadınların geyimi ilə bağlı müddəalar yer alır. Bu ayələrin təfsiri və onların konkret geyim qaydalarına necə tətbiq edilməsi barədə dini ədəbiyyatlarda müxtəlif izahlar mövcuddur.
Ənənəvi İslam hüququnda qadının saçını örtməsi, bir qayda olaraq, dini öhdəlik kimi qəbul edilib. Bununla belə, hicabın forması, sərhədləri və ayrı-ayrı hallarda tətbiqi barədə müsəlman alimləri və müasir şərhçilər arasında fərqli yanaşmalar da var.
Bu müzakirədə iki ifratdan uzaq durmaq lazımdır. Bir tərəfdən, hicabı İslamla əlaqəsi olmayan təsadüfi bir geyim elementi kimi təqdim etmək düzgün deyil. Digər tərəfdən, hicab taxmayan hər bir qadının inancını, əxlaqını və Allaha münasibətini şübhə altına almaq da dini mühakiməni insan üzərində hökmranlıq vasitəsinə çevirməkdir.
Mənim üçün insanın Allaha inamı onun geyiminə baxmaqla ölçülə bilməz. İnamın səmimiyyəti insanın vicdanında, əməllərində, başqalarına münasibətində, ədalətində, mərhəmətində və məsuliyyətində də özünü göstərməlidir.
Əgər insan başını örtür, amma başqasının haqqını tapdalayırsa, yalan danışırsa, haqsızlıq edirsə, bu zahiri görünüş onun əməllərini doğrultmur. Eyni zamanda, başını örtməyən insanı da yalnız bu səbəbə görə mənəviyyatsız hesab etmək olmaz.
Dini inanc insanın daxili dünyasına aid olan mənəvi dəyərdir; onun zahiri əlamətləri isə insanın bütöv xarakterini əvəz edə bilməz.
(Ardı var)
Əlövsət Qaraca- Əliyev,
Professor
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…