Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 15:47

“HİMAYƏDAR” ŞEFİNƏ ARXAYIN OLAN KİÇİCİK “PADŞAH”CIQLAR…

(İctimai-psixoloji və mənəvi aspektlərdən baxış bucağı)

 Tarix boyu formalaşmış idarəetmə təcrübəsi, müxtəlif ictimai-siyasi sistemlərin təhlili və gündəlik həyat müşahidələri bir həqiqəti dəyişməz şəkildə təsdiqləyir. Təəssüflə qeyd etmək olar ki, avtoritar meyllərin güclü olduğu mühitlərdə yalnız bir nəfərin iradəsi deyil, eyni zamanda həmin iradəyə xidmət edən “kiçik insancıq mexanizmləri” sistemi də formalaşır.

Avtoritar idarəetmə sistemlərinin ən diqqətçəkən və qıcıq yaradan elementlərindən biri də “himayədar” şefin kölgəsində böyüyən, lakin özünü müstəqil güc sahibi kimi təqdim etməyə çalışan “kiçicik padşahcıqlar”dır.

Bu tip insanlar ikili davranış modeli ilə seçilirlər. Onlar yuxarıya doğru sonsuz itaət, aşağıya doğru isə sərtlik, qabalıq, göstəriş vermə, izahat istəmə və hətta qəddarlıq da nümayiş etdirirlər. Rəhbərin qarşısında sədaqət, mütilik, yazıqlıq , səmimilik və təvazökarlıq maskası taxan bu şəxslər, kollektiv daxilində özlərini hökmran kimi aparır, səlahiyyətlərini şişirdir, özlərinə qeyri-rəsmi təsir dairələri yaradır və psixoloji təzyiq vasitələrindən istifadə edirlər.

Bu fenomen təkcə idarəetmə problemi deyil, həm də ciddi sosial-psixoloji məsələdir. Çünki belə davranışın kökündə çox vaxt şəxsi komplekslər, özünə inamsızlıq, mənəvi boşluq və dəyər sisteminin deformasiyası dayanır. İnsan öz daxilindəki zəifliyi gizlətmək üçün güc simulyasiyası yaradır, “himayədar”ın gücündən borc alaraq saxta nüfuz qurmağa çalışır. Heç bir səlahiyyətləri olmasalar da, şeflərinin adından yararlanırlar. Əməkdaşlar da onların yuxarılara xəbərçiliyindən ehtiyatlanaraq, onların əl-qol açmalarına bilmədən yardım edirlər.

Belə ” yekələnən” şəxslərin fəaliyyət istiqamətləri adətən oxşardır:

  • həmkarlar arasında ayrı- seçkilik salaraq süni ierarxiya yaratmaq;
  • qeyri-rəsmi nəzarət mexanizmləri qurmaq;
  • məlumatları təhrif edərək “yuxarıya” ötürmək;
  • şayiə və intriqa vasitəsilə xoşlarına gəlməyənləri, tabe olmayanları rəqib kimi əzmək, zəiflətmək;
  • şəxsi maraqları ümumi maraqlardan üstün tutmaq və s.

Lakin bu davranış modelinin ən böyük paradoksu çox vaxt onun qısamüddətli olmasıdır. Çünki “himayədarlıq” institutu özü sabit deyil. Tarix sübut edir ki, şəxslərə bağlı qurulan münasibətlər sistemi gec-tez dağılır. Hakimiyyət dəyişir, vəzifələr itirilir, münasibətlər yenidən qurulur. Bu dəyişikliklər baş verdikdə isə “kiçicik padşahcıqlar”ın süni dayaqları da bir anda yox olur.

Onlar üçün ən ağır an məhz həmin keçid dövrüdür. Çünki:

  • qazandıqları “hörmət” real deyil, qorxu və məcburiyyət üzərində qurulub;
  • qurduqları əlaqələr səmimi deyil, maraq üzərində formalaşıb;
  • formalaşdırdıqları imic dayanıqlı deyil, şəraitdən asılıdır. Və s.

Nəticədə bu şəxslər çox zaman tək qalır, kollektiv tərəfindən qəbul olunmur və sosial nüfuzlarını sürətlə itirirlər. Dünənə qədər “güclü” görünənlər, bir anda ən zəif hala düşürlər, yazıqlaşırlar, məzlumlaşırlar. Bu kontekstdə əsas məsələ yalnız tənqid deyil, həm də çıxış yolunun göstərilməsidir.

Hər bir insan seçim qarşısındadır:

  • ya müvəqqəti üstünlük naminə mənəvi dəyərlərdən imtina etmək,
  • ya da uzunmüddətli hörmət və etibar qazanmaq üçün şəxsiyyət olaraq qalmaq.

Ləyaqət, şərəf, vicdan və prinsipiallıq yalnız fərdi keyfiyyətlər deyil, həm də sosial kapitaldır. Bu dəyərlər üzərində qurulan münasibətlər daha dayanıqlı, daha etibarlı və daha uzunömürlü olur.

Bu gün “himayədar”a arxalanan hər kəs özünə bir sual verməlidir:

Sabah həmin himayədar olmadıqda mən kiməm?

Əgər cavab yalnız vəzifə, status və ya kənar dəstək üzərində qurulubsa, bu, ciddi təhlükə siqnalıdır. Əgər cavab şəxsi keyfiyyətlərə, peşəkarlığa və mənəvi bütövlüyə əsaslanırsa, deməli, insan doğru yoldadır.

Unutmaq olmaz ki, cəmiyyətlərin inkişafı yalnız güclü liderlərlə deyil, eyni zamanda prinsipial, ləyaqətli və müstəqil düşüncəli fərdlərlə mümkündür.

“Kiçicik padşahcıqlar” isə bu inkişafın qarşısını alan görünməz maneələrə çevrilirlər. Bu səbəbdən də çağırış sadə, lakin dərin məna daşıyır:

Özünüzə qayıdın. Saxta güc illüziyasından imtina edin.

Müvəqqəti himayəni əbədi dəyər kimi qəbul etməyin. Çünki zaman hər şeyi yerinə qoyur – həm həqiqi dəyərləri, həm də saxta obrazları.

Unutmayın ki, tarix heç vaxt susmur. O, hər dövrdə insanlara özünün eyni həqiqətini fərqli dillərdə və formalarda pıçıldayaraq deyir ki: “Saxta güc uzunömürlü olmur.” İnsan cəmiyyətinin müxtəlif mərhələlərində – istər saray mühitində, istər sovet bürokratiyasında, istərsə də  bizi əhatə edən müasir idarəetmə strukturlarında – qeyd etdiyimiz  tip insanlar dəyişməz olaraq qalır: “Şefin”ın kölgəsinə sığınaraq  böyüyən, lakin özünü “böyük adam” zənn edən “kiçik padşahcıqlar” həmişə olub,  təəssüf ki, həmişə də olacaqlar.

  1. Kölgədə böyüyənlərin psixologiyası

Atalar demişkən: “Özgə kölgəsində böyüyən ağacın kölgəsi olmaz, kökü olsa da, dayaz olar.” Kölgədəki bu insanlar öz güclərinə deyil, başqasının mövqeyinə arxalanırlar. Onların davranış modelindəki yuxarıya – sədaqət, aşağıya – sərtlik, bərabərlərə – paxıllıq hissi  xarakter deyil, komplekslərin idarə etdiyi davranış sistemidir. Bir aforizm bunu çox dəqiq ifadə edir:
“Zəif insan güc tapanda ilk növbədə ədaləti unudur.” Çünki o, gücü qazanmayıb – sadəcə ona müvəqqəti sahib olub.

  1. Kiçik “padşahcıq”ların gündəlik portreti

Gəlin real həyatdan bir mənzərə təsəvvür edək. Bir idarədə orta vəzifəli bir şəxs var. Rəhbərin yanında sakit, hətta bəzən həddindən artıq təvazökar, sədaqətli görünür. Lakin rəhbərin yanından çıxan kimi dəyişir: səsi qalınlaşır, tonu sərtləşir, münasibəti kobudlaşır. O, artıq başqa birisidir. Klassik deyim bu mənzərəni çox gözəl açıqlayır: “Qapı arxasında şir, qapı önündə pişik.” Belə insanlar kollektivdə qorxu yaratsa da, hörmət qazanmır. Çünki: “Qorxu səssizlik yaradır, hörmət isə səmimiyyət”.

III. Şayiə, xəbərçilik və mənəvi deqradasiya

Atalar sözünə görə: “Dilin sümüyü yoxdur, amma sümük sındırar.” “Kiçik padşahlar”ın da ən güclü aləti məhz dildir: məlumatları təhrif etmək, şayiələr uydurmaq, nsanları bir-birinə qarşı qoymaq. Onlar unudurlar ki, “Başqasına qazılan quyu, ilk növbədə qazanın özünü gözləyir.” Həyatda belə hallar saysızdır. İntriqalar, donoslar, qeybətlər – hamısı qısa müddətli qazanca, uzunmüddətli məhvə gətirib.

  1. Tarixin dəyişməz qanunu: Himayə əbədi deyil

Ən böyük yanlışlıq budur: “himayədar”ın daim qalacağını düşünmək. Halbuki həyatın sərt qanunu belədir: “Bu günün hakimi sabahın adi insanıdır.”

Bir hadisə:
Uzun illər rəhbərə sadiq olan bir məmur vardı. Hamıya yuxarıdan aşağı baxır, özünü toxunulmaz hesab edirdi. Bir gün rəhbər dəyişdi. Yeni rəhbərlik gəldi. Dünən “qorxulu adam” olan bu şəxs, bu gün heç kəs tərəfindən ciddiyə alınmadı. Nə baş verdi? Sadəcə, onun “gücü” yox oldu. Çünki o güc ona məxsus deyildi. Bir aforizm də bu fikri belə yekunlaşdırır:
“Başqasının çiynində ucalan, onun düşməsi ilə yerlə bir olar.”

  1. Şəxsiyyət və qul dilemması

Burada əsas məsələ sosial yox, mənəvi seçimdir. İnsan hər gün, hər davranışında seçim edir: ya rahatlıq naminə susur, ya da ləyaqət naminə risk edir. Atalar deyir: “Əyilən başı qılınc kəsməz, amma o baş artıq dik dura biməz.” Bəs insanın məqsədi sadəcə “başı kəsilməməkdirmi”?
Yoxsa ləyaqətlə yaşamaqdamı? Necə deyərlər:

Əyildin – yük oldun çiyinlərinə,
Susdun – söz oldun özgə dilinə.
Qorxdun – həmişə kölgədə qaldın,
Amma heç vaxt özün olmadın…

  1. Sosial nəticələr və təhlükə

Bu problem tək fərdi məsələ deyil. Bu, sistemli problemdir. Çünki, belə insanlar sağlam mühiti pozur, istedadlıların qarşısını kəsir, ədaləti zəiflədir, cəmiyyətdə inamsızlıq yaradır. Bir məşhur fikir var: “Pis rəhbərdən daha təhlükəlisi, pis rəhbərə sədaqətli zəif xarakterli insanlardır.” Çünki onlar sistemi içəridən çürüdür.

VII. Çıxış yolu: Özünə qayıdış

Bütün bunların fonunda yeganə düzgün yol var: özünə qayıtmaq. Özünə sual vermək: Mən kiməm?, Mənim dəyərim nəyə əsaslanır?, Mənim gücüm mənə məxsusdur, yoxsa başqasına?

Atalar sözü ilə desək: “Özün ol ki, sözün də özünə yaraşsın.”

Zaman hər şeyi süzgəcdən keçirir. Saxta nüfuz da, süni hörmət də, borc alınmış güc də gec-tez yox olur. Qalan isə yalnız budur: XARAKTER, LƏYAQƏT, VICDAN.

Və yekun çağırış:

Kölgədə böyümək asandır,
Amma günəş altında dayanmaq iradə tələb edir.

Qul olmaq – qorxunun nəticəsidir.
Şəxsiyyət olmaq isə  cəsarətli  seçimdir!

Qul olmaq, itaət etmək seçim deyil – zəiflikdir!

Şəxsiyyət olmaq isə seçimdir – və bu seçim cəsarət tələb edir!

Heç vaxt qul olmayın — Şəxsiyyət olun!

 Əlövsət Qaraca (Əliyev)

(Xüsusi olaraq “Təzadlar” üçün)

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!