16 Avqust 2026 / 08:53

İrandan Trampa çox sərt Hörmüz boğazı mesaj: “O, gizlənməli ola bilər”

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyi ilə bağlı açıqlamasına reaksiya verib. Əzizi bildirib ki, Tramp “sonsuz blöfləri” əvəzinə, öz təhlükəsizliyi ilə maraqlanmalıdır.

Tezadlar.az bildirir ki, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Əzizi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına reaksiya verib. Trampın Ankarada keçirilən NATO Zirvəsindən ayrıldıqdan sonra təyyarəsini dəyişməsinə toxunan Əzizi diqqətçəkən bir mesaj paylaşıb.

“O, ÖZ TƏHLÜKƏSİZLİYİ BARƏDƏ NARAHAT OLMALIDIR”

Sosial media paylaşımında Əzizi Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarına toxunub.

Trampın Ankarada keçirilən NATO Zirvə Toplantısından çıxarkən “İranın sui-qəsd təhdidlərindən” yayınmaq üçün yemək maşınında təyyarə dəyişdiyini iddia edən Əzizi bunları bildirib: “Hörmüz boğazı ilə bağlı sonsuz blöfləri əvəzinə, ABŞ prezidenti öz təhlükəsizliyi ilə maraqlanmalıdır, əks halda, yemək maşınında gizlənməli ola bilər.”

TRAMP: “HÖRMÜZ BOĞAZINI ABŞ ƏRAZİSİ ELAN EDƏCƏYƏM”

ABŞ prezidenti Donald Tramp əvvəlki gün verdiyi açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tam blokada tətbiq etdiyini iddia etmişdi.

Tramp iddia etmişdi ki, “İranı tamamilə məğlub etdikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyəm.”

İRANIN ARDICIL REAKSİYALARI

İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi də Trampın açıqlamasına reaksiya verərək deyib: “Hörmüz boğazını tvitlər, təyyarədaşıyan gəmilər, əmrlər və ya seçki çıxışları ilə ələ keçirmək olmaz… İran nə təhdidlərdən, nə də güc nümayişlərindən qorxur.”

Bu arada, Ağ Ev rəsmisi Amerika mətbuatına açıqlamasında Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarının “zarafat” olduğunu bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!