Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Məmməd Arazlı xatirələr: GÜLXANIM FƏTƏLİQIZININ “Ömürdən yarpaqlar” kitabı-28-Cİ HİSSƏ
(Əvvəli bu linkdə): https://tezadlar.az/memmed-arazli-xatireler-gulxanim-feteliqizinin-omurden-yarpaqlar-kitabi-27-ci-hisse/
11 may – Məmmədin heç kimlə bölüşmədiyi xüsusi fikirləri var. Məsələn əlimə keçən bu kiçik məktubdakı kimi:
“Əzizim Cəfər!
İran prezidentinə yazdığın açıq məktubu oxudum. Mətləb aydındır. İran rəhbərliyi İslam bayrağını qəbul edib ona tərəf addımlayan öz din qardaşlarına əl uzatmaq əvəzinə, əksinə, bizimlə işğalçılıq müharibəsi aparan erməni qonşularına daha doğma münasibət bəsləyir. Bu məsələləri təsdiqləyən açıq faktlar varsa, çox pisdir. Bir məsələ var ki, prezident hələ İran xalqı demək deyil. Mənim yekun fikrim budur ki, İranı bütün bu hadisələrə münasibətdə neytrallaşdırmaq lazımdır. Diplomatik kanalları, danışıqları işə salmaq lazımdır. Münaqişəyə mümkün qədər yol vermək lazım deyil. 09.06. 1992
Məmməd Araz”
22 may – Sevda xanım (bəstəkar) Şəlaləni aradı:
– Sevda xanım, xeyir ola, Şəlaləni niyə axtarırsınız?
– Nəvəm üçüncü sinifdə oxuyur, ona Məmməd müəllimin “Vətən mənə oğul desə” şeirini tapşırıblar. Bizdə olan kitablarında yoxdur, xahiş edirəm, həmin şeiri diqtə edəsəniz, yazım.
Şeiri diqtə etdikcə Sevda xanım deyirdi:
– Sözlərə bax, aman allah, gör necə deyib!
Məmməd xəbər verdi ki, bir türk jurnalisti onu axtarıb.
Türk qonağımız gəlib çıxdı:
– Mənim adım Saleh bəydir – Saleh Okumuş. Trabzon universitetində dərs deyirəm. Azərbaycan yazarlarından birindən müdafiə etmək istəyirəm. Mən sağdan sordum, soldan sordum, Yaşar Qarayev də, Nizami də bene indi yaşar şairlərdən Məmməd Arazı nişan verdilər. Dedilər ki, türk dünyasının ulu şairidir.
Saleh bəyə lazım olan materiallardan qaytarmaq şərtilə bir hissəsini verdim. Saleh suallar da verirdi. Suallardan bəziləri:
Məmməd Cəlil Məmmədquluzadənin adını çəkdi, mən də Cəlilin şəklini ona göstərdim.
Mətbəxdə olduğum üçün cavabını eşitmədim…
25 may – Soruşdum:
– A kişi, Saleh bəylə söhbətində dedin ki, şeirlər məni dağın başından səsləyir, bu necə ifadədir işlətdin?
– Yox, düz demirsən, mən yazanda elə bilirəm ki, dağlar mənim çiynimdən boylanıb baxır, mən həmişə dağların əzəmətindən, onların ucalığından zövq almışam. Belə dedim.
Sənətkar insan da dağlar kimidir. Onun heç bir “sənətkar dağa” bənzəməyən duruşu, vüqarı, iqlimi, ağlığı, yaşıllığı, xəzanı var. Ancaq burada bir mühüm fərq var ki, bu dağın “vulkan müəllifi” də, zəlzələ mərkəzlərini yaradan daxili təkan da, mühitin “iqlim amillərini” müəyyən edən təbiətşünas da sən özünsən. Sənətkar özü-özünü, sənətini dünyaya gətirir.
Dünyada böyük sənət üçün həmişə “boş yerlər” saxlanır. Bəzən yüz illərlə elə boş qalır, sahibini gözləyir: yalnız o yer üçün doğulanı.
…Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içi boş şöhrət yükünə.
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!
Axşamlar Məmməd həmişə evin ətrafında gəzişərdi. Qayıdanda mənə söylədi ki, 64 saylı məktəbin şağirdləri oturduğum yerə gəldilər, məni əhatəyə alıb hamı birlikdə “Vətən mənə oğul desə” şeirimi əzbər dedilər. Və mənimlə şəkil çəkib getdilər.
– Axı bu gün son zəngdir, ona görə də şagirdlərin hamısı dəniz kənarındadır.
27 may – Məmməd, o gün Saleh bəy sənə çoxlu suallar verdi, eşidə bilmədim, nə suallar idi?
– Deyirdi ki, bəzi şairlərin mövzusu dağdan-daşdan gəlir, bəzisi kənddən yazır, bəziləri təbiətdən və sair. Sizə hansı mövzular doğmadır.
Ona cavab verdim ki, mən bir sahədə, bir qolda köklənmirəm, bu mövzuların hamısı mənə doğmadır, yeri gələndə hamısından yazıram, amma ən çox dağlara meyl edirəm – ucalıq, əl çatmazlıq… İkincisi, belə sual verdi ki, kimi özünə ustad sanırsan, kimdən öyrənirsən?
Dedim: – Ustad yox, ustadlar – Nizamini, Nəsimini, Füzulini. İzah etdim ki, fikir şairi kimi Nizamiyə çatan yoxdur:
Qəlbində yaxşılıq olan bir insan,
Cahan tutar, onu tutmaz bu cahan.
Böyük Nizami 800 il bundan əvvəl sənətin baş qəhrəmanını yüksək insanlıqda axtarırdı. Onun axtardığı ideal hökmdar yüksək insan olmalı idi. “Dünyanı becərər ağıllı insan” deyirdi…
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
Nizami bunu X11 əsrdə deyir, Nyuton isə bir neçə əsrdən sonra, – XV1 əsrdə Yerin cazibə qanunundan danışmışdı.
Nizami qürubu ilə keçən bu axtarış Nəsimi üfüqündə yenidən baş qaldırıb, “Mənəm Allah “, “Məndə sığar iki cahan…” – deyir.
Mən yazmışam: “Nə zamansa Nəsimini görəsiyəm”; “Nə vaxtsa dünyanın duru çağında; Yenidən dünyaya qayıdacağam”.
Görəsən, dünyanın duru çağında “Nəsimi olacaqmı?” “Olsa – onu görmək mümkün olacaqmı?”…
Çətin ki, görünsün. Bəlkə ayrı bir Nəsimi olacaq – onun zərrələrindən göyərmiş ayrı bir Nəsimi…
Nə vaxtsa “Dünyanın duru çağında “ dünyaya qayıtmamaq insafsızlıq olardı.
Nə vaxtsa dünyanın duru dəmində,
Yenidən dünyaya qayıdacağam.
Hardasa, nə vaxtsa tökülən dolur
Qum üstə arzular göyərir onda.
Bir ömür arxadan əvvələ doğru,
Yaşayan olacaq mən olmayanda…
Nə yaxşı ümid yeri, güman yeri var. Deməli, hardasa bir ümid ocağı yanır, bir səs hardasa səni çağırır.
“Bu haray, bu od-ocaq “taleyin ümid payıdır”…
– Sabir də həqiqət axtarırdı. Ondan qabaq da, ondan sonra da axtarmışlar. Lakin Sabirin həqiqəti ayrıca bir poeziya dünyası idi. Onun “Amerikasını” ilk dəfə Sabir tapmışdı. Bilirsənmi, – Nizami məktəbi, Füzuli məktəbi və s. məktəblər çox şairləri bədbəxt edib, kölgədə qoyub onları, deyiblər ki, ustadı keçmək olmaz, o sözü ustad dedi, mən deməyim və s.
– Yox, əzizim, mən bir ədəbiyyat müəllimi kimi sənin sözlərinlə razılaşmıram. Onlar o cazibədən çıxa bilməyiblər, yəni özlərinə yeni cığır tapa bilməyiblər. Bax, indi cavanların dilindən sən də eşitmisən, mən də. Məmməd Araz məktəbi deyirlər, sənin üslubunda yazanlar çoxalıb, cazibəndən çıxa bilmirlər. Ancaq bu o demək deyil ki, onlar sənə hörmət edib səni keçmək istəmirlər. Özün bilirsən ki, elə deyil. Nizami məktəbinin davamçıları da elə.
30 may – “Millət” qəzetindən Məmməddən müsahibə götürmək istədiklərini bildirdilər. Vaxt axşam saat 6-ya təyin olundu. Sualları mənə yazdırdılar. Dedilər ki, Məmməd müəllim bu suallara cavab hazırlasın:
AMİP-in təşəkkül tapdığı günləri necə xatırlayırsınız?
Təşkilat komitəsi yaradıldığı vaxt ən yadda qalan hadisə.
O vaxt respulikada siyasi-ictimai vəziyyət bir o qədər də yaxşı deyildi, yəni sovet DK tərəfindən terror aktlarının və həbslərin gücləndiyi bir vaxtda sizi ailə üzvlərindən kimsə siyasi mübarizədən çəkindirməyə çalışıbmı?
Xalq hərəkatının geniş vüsət aldığı bir vaxtda sizi AMİP-ə gətirən nə idi?
Sualları Məmmədə oxudum. O, səhhəti ilə əlaqədar olaraq suallara cavab verməkdən imtina etdi və cavabını müxbirə çatdırdım.
Axşam Firəngiz telefonla Məmmədə vəziyyətindən danışdı:
– Qərar çıxarmışdılar ki, dövlət Xəlilin qəbrinin üstünü götürsün, amma qərara əməl edən yoxdur. Xəlilin qəbri elə beləcə qalıb. Gündəliklərini bilmirəm hara verim. Mənə köhnə bir maşın veriblər. Heydər Əliyevin qəbuluna düşə bilmirəm. Kömək edən də yoxdur.
Hə, belə-belə işlər, kişi. Dünyanın belə işləri də olur. İki eşşəyin arpasını bölə bilməyənlər pulla oynayır, ölkəni tanıdan, tarixdə qalan sənət adamları isə… yazıqlar olsun, sizin əsl sənət adamlarınıza.
31 may – Söhbət yenə Xəlildən düşdü. Məmməd dedi:
– Sənətin qəribəlikləri var, öldün hər şey yaddan çıxır; sənətkarın etdiyi yaxşılıqlar, pisliklər, ad-san, şöhrət də… Ancaq təmiz poeziya qalır. Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rza da, Osman da, Əhməd Cəmil də və s. Bir insan kimi etdiyi yaxşılıq da, pislik də onunla torpağa gedir, amma poeziyası, yəni şeriləri qalır. Süleyman Rüstəm süfrəsi açıq kişi idi, yaddan çıxıb.
– Məmməd, deyirsən ki, poeziyası qalır, mən Nəbatini çox sevirəm, lakin adını çəkəni görmürəm, onun adını ancaq ədəbiyyat fakültəsində oxuyanlar bilir. Xalq isə tanımır, təbliğat olunmur, televizora alışıblar, kim oradan təbliğ olunur, onu tanıyırlar.
– Elə demə, yaxşı şeirləri oxuyur, bir-birinə ötürürlər və əzbər yadda saxlayırlar. Özün öz dilinlə dediklərimi təsdiq edirsən. Sən ki, Nəbati ilə bir dövrdə yaşamamısan. Deməli, poeziyanın vurğunusan, “Gəlsin gəlməsin” rədifli şeiri dillər əzbəridir.
Nəbati istəməz sənsiz dünyanı,
Neylər izzəti, şöhrəti, şanı.
Heç nəyə qalmayıb daha gümanı,
Bu baş o meydana gəlsin, gəlməsin…
– “Nəbati istəməz sənsiz dünyanı”… Bəli, poeziyadır, ürəyi titrədir və Nəbatinin yaxşılıqlarını, pisliklərini bilmirsən, amma şeirlərini bilirsən. Xəlil də qorxmazdı, alovlu natiq idi, yaxşı nitqi vardı, o vaxt hökumət çinovnikləri ondan qorxurdular. İndi bilirlər ki, Xəlil yoxdur, danışa bilmir, ona görə də biganədirlər.
4 iyun – İnqilab Nadirovun təşkil etdiyi Binəqədi zəhmətkeşlərinin görüşünə getdik. Əvvəlcə İnqilabın otağında “Koka-Kola” şirkətinin prezidenti olan türklə görüşüb tanış olduq. Türk dedi:
– Mənim babamın və atamın da adı Məhəmməddir. Bizlər Mehmet deyərik, sizlər isə Məmməd deyirsiniz. Ad sarıdan da görürsünüz ki, yaxınıq. Bizlərin sizə çox hörmətimiz var.
Görüşü neftçilərin mədəniyyət sarayında keçirirdilər. Başlıq belə idi: – “Ürəklərdə bir Məmməd Araz var”. Çəkiliş üçün Telli xanım gəlmişdi. Binəqədi rayon məktəblilərinin hazırladıqları proqram əsasında musiqi, şeir və oyun havaları ilə tərtib edilmiş gecə başa çatdı. Rəssam Cabbar Quliyev Naxçıvandan çəkilmiş bir tablonu təqdim etdi və dedi:
– Sənə təqdim etdiyim bu rəsmi özüm çəkmişəm. Bu, Vətən torpağının bir hissəsidir və mənə əziz olduğu kimi, bilirəm ki, sənə də əziz olacaq.
Sonralar isə Asif Mərzili bu gecə haqqında belə yazacaq: “Bəli, Məmməd Araz ömrünü damla-damla şeirlərinə köçürüb; xalqın, millətin dərdinə bürünə-bürünə və ürəyinə yığa-yığa! Təbii olaraq düşünməyə məcburuq! Məmməd Araz ürəyinin tutumu nə qədərdir ki, o boyda Azərbaycanın dərdi bu boyda şair Məmməd Araz ürəyinə necə köçə bilər? Və bu qədər dərdi ürəyində və sinəsində daşıyan və bu dərddən çərləyən Məmməd Araz niyə də xəstə düşməsin?!
Həm də düşünürük:
Səhhəti göz qabağında olan şairin dərdə dözümü millətimizə sirayət eləsə, necə olar? Həm də, görünür, M. Arazı bu qədər xəstəlikdən və Azərbaycanın Qarabağ dərdindən çəkdiyi sıxıntılara dözdürən xalqın böyük şairinə sonsuz xeyir duaları, bir də təmənnasız sevgisidir...”
Jurnalistin bu səmimi ürək sözlərindən yan keçə bilmədiyimə görə bir hissəsini gündəliyimə yazdım.
İnqilab Nadirov görüşü belə yekunlaşdırdı:
– Xalqın odunda deyil, xalqın oduna yanan Məmməd Araza uzun ömür, Azərbaycan nisgillərindən çəkdiyi dərdində səbr və dözüm, bir də çağdaş Azərbaycanımızda baş verənlərə münasibətində hövsələ arzulamaqla səmimi olaraq deyirəm, Məmməd Araz, mən demirəm ki, allah mənim ömrümdən kəsib sizin ömrünüzə calasın, amma deyirəm ki, allah sizin öz ömrünüzü özünüzə çox görməsin!
(Davamı var)
Təqdim etdi: Asif Mərzili