Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Deyirlər ki, Azərbaycanda qulaq gündə bir qəribə qanun (söz) eşitməsə, kar olar. Hər gün nəsə bir “yenilik”, hər gün nəsə ağıla gəlməyən bir təklif… Amma bu dəfə ortaya atılan məsələ insanı həm güldürür, həm də ciddi şəkildə düşündürür. Bəli, vəziyyət belədir ki, artıq “efiri podiuma çevirənlərdən” də pul çıxarmağın yolları tapıldı!
***

Məlumata görə, insan bədəninin “mənəvi dəyərlərə uyğun olmayan şəkildə nümayişini” qadağan edən qanun layihəsi Milli Məclisə təqdim olunub. Qəbul olunacaq, ya yox, hələ bəlli deyil. Amma son zamanlar müşahidə etdiklərimizə baxsaq, çox güman ki, qəbul olunacaq. Layihəyə görə, efirdə açıq-saçıq geyimdə görünənlərə 500 manatdan 1000 manata qədər cərimə tətbiq olunacaq. Yəni, sən efirə çıxırsan, açıq geyinmək istəyirsənsə, problem deyil, pulunu ver və lütətcəbala efirə çıx. Məntiqlə belə çıxır. Bax belə… Tutaq ki, qanun qəbul edildi. Onda maraqlıdır, sabah küçədə, toyda, şənliklərdə açıq-saçıq geyinənləri də cərimələyəcəklərmi? Belə çıxır ki, insanlar hər addımda polislə üz-üzə dayanmalıdır? Hökumətlə “hökumətlik” etməyəcəklər ki… Ona görə də camaat susacaq, cəriməsini ödəyib yoluna davam edəcək. Yekunda da deyəcəklər: “Oy, nə yaxşı qanundur, mentalitetimizi qoruyur.”

Amma mən düşünürəm ki, bu qanun mentaliteti qorumaq üçün atılmış addım deyil. Bu, sadəcə, pul toplamağın yeni üsuludur və əla düşünüblər. Əgər məqsəd doğrudan da efirdə açıq-saçıq geyimlərin qarşısını almaqdırsa, cərimə kəsiləcək şəxs efirə çıxan yox, eləsini efirə buraxan rəhbər cərimə olunmalıdır. Tutaq ki, desinlər: “Açıq-saçıq kadra imkan verən kanal rəhbərinə cərimə düşür.” O zaman görərdik ki, hansı rəhbər öz cibinin zərərinə bu riskə gedər. İnanın ki, o rəhbər öz cibindən pul çıxacağına görə, bir nəfəri də “lüt” kadrı efirə buraxmaz. Bir sözlə, bu üsul işləyərdi. Deməli, məqsəd o deyil.
***

Mənə elə gəlir ki, bu qanun qəbul olunmayacaq. Çünki əgər qəbul olunsa, estetik əməliyyatlar apararaq efirə çıxan o xanımları sıfırdan yığan məşhur klinikaların yarısı bağlanmalı olar və plastik cərrahlar acından ölər… Axı efirdə öz bədən quruluşunu nümayiş etdirən tanınmış simalar həmin klinikaların əsas reklam vasitəsi və çörək ağacıdır. Nəzərə alsaq ki, bu klinikaların hərəsi bir məmura bağlıdır, onda qəti demək olar ki, o qanun qəbul olunmayacaq. Bu “şişirtmə”, “böyütmə”, “pop formalaşdırma”, bədənşəkilləndirmə… əməliyyatlarının böyük hissəsi elə efirdə nümayiş olunan “məhsullar” hesabına populyarlaşır. Nəticədə elə bil ki, ölkə üzrə “pop yarışı” başlayıb və hamısı inkubator cücələri kimi bir-birinə oxşayır. Gözünü televiziyaya dikən hər evdar qadın isə, birdən-birə fərqli bir obrazda bayıra çıxır və adam haqlı olaraq heyrət edir: “Bu da özünü bu günə qoydu?”

Axı nəyə lazımdır bu qədər iyrənc vizuallar? “Quyruqlu qoyun” kimi özünü efirə çıxarmağın cəmiyyətə nə xeyri var? Hamı da yaxşı bilir ki, bu görüntülərin arxasında hansı “məqsəd” dayanır. Bəli, açığını desək, bunun bir adı var: “Səsi, sənəti olmadığından bu yolla özünü reklam edib sponsor tapmaq”. Axı bunun başqa nə adı ola bilər ki?! Pop düzəltmək, bədəni, dodağı şişirtmək, sonra da efirə çıxıb nümayiş etdirmək… Sanki efirlər bəzilərinin şəxsi reklam meydanına çevrilib. Ona görə də düşünürəm ki, bəlkə də bu qanun, bilərəkdən qəbul olunmayacaq. Çünki qəbul olunsa, həm bəzi sahələr öz reklam imkanını itirəcək, həm də bu “külli miqdarda gəlir dairəsinin” fəaliyyəti dayanacaq.
Bilmək olmaz, bəlkə də tam əksi baş verəcək və qanun qəbul olunacaq. Çünki o qanunu qəbul edəcək insanların arasında yetərincə abır-həyanı qoruyan, mentalitetimizə hörmər edən və ona sayğı göstərənlər də var. Artıq adam çaşıb qalıb, nə fikirləşəcəyini də bilmir. Axı məntiqli olanla edilən arasında ciddi fərq var. Yenə də deyirəm: məsələnin adı var, büdcəni bu dəfə, əsasən də şou əhli xanımlardan yığılacaq cərimələr hesabına doldurmaq.
Maraqlı vəziyyət yaranır: sən 500 manat cəriməni ödəyirsən və elə həmin açıq geyimdə yenidən efirə çıxırsan. Yəni, pulu verən mentaliteti pozmaqda davam edir. Bu necə dəyərlərə xidmət etməkdir? Əgər doğrudan da mentalitet qorunmalı idisə, əvvəlcə kanallara tapşırılardı ki, belə kadrlara efir verilməsin. Əvvəl efir siyasəti sərtləşdirilər, sonra da lazım gələrsə, əlavə mexanizmlər tətbiq edilərdi. Amma bu addım atılmayıb və birbaşa vətəndaşa cərimə kəsilirsə, sual yaranır: bəs məqsəd nədir?
***

Bu layihəni ortaya atanlar çox yaxşı bilirlər ki, məsələnin kökündə pul dayanır. Gecə-gündüz oturub fikirləşirlər ki, daha hansı yeni sahədən necə “gəlir” götürmək olar. Axtarırlar, tapırlar, sonra da qanun layihəsi kimi təqdim edirlər: “Bax, burada yaxşı pul var. Bu üsulla da babat gəlir əldə etmək olar”.
Bir də işin ən acınacaqlı tərəfi odur ki, bu proses həm də dolayısı ilə “həciləri də vurur”. Özləri üçün nəzərdə tutduqları cərimə 500 manat idisə, bu qanun qəbul edilərsə, 1000 manata yüksələcək. Yəni, əsas güc “həci”nin üstünə düşəcək. O da belə deyəcək: “Buyur, bu da mentalitetin qiyməti”. Yəni, pulunu verən, efirə də necə istəsə elə də çıxacaq, imicini də saxlayacaq, mentaliteti də “cibində daşıyacaq”.
Nəticədə belə qənaət ortaya çıxır: biz artıq mentalitetimizi də pula satırıq. Bir sözlə: pulunu ver, mentaliteti, yəni papağını yerə sox. Elə bu qədər açıq və acı həqiqət.
***
Eh, pul, pul… Sən nə böyük qüvvəsənmiş ki, dəyərləri də əyirsən, qaydanı da dəyişirsən, mentaliteti də, qanunu da satın alırsan. Görünən odur ki, bu gedişlə cəmiyyət də, efirlər də, dəyərlər də “pulun istəyinə uyğun” formalaşacaq və necə ki formalaşır…
Elşad FƏRMANOĞLU