Milyonçunun pullarının son aqibəti

Oxunma sayı: 297

Ağa Musa Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində kasıb bir ailədə anadan olmuşdur. Musa Nağıyevin anası evdar qadın, atası isə saman satan idi. Atası vəfat edəndə Musaya heç bir miras qalmamışdı. O vaxt Musa 25 yaşında idi.

Musa Nağıyev necə milyonçu oldu?

Təbiəti etibarı ilə zirək adam olan Ağa Musa kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaq istəyirmiş. O, bir neçə il qəpik-qəpik pul yığaraq axırda lazım olan məbləği düzəldib və Bibiheybətdə torpaq sahəsi almağa müyəssər olub. Torpağı suvarmaq üçün quyu qazmağa başlayanda taleyi onun üzünə gülür: o qədər də dərin olmayan quyudan neft fəvvarə vurur. Musa gecə-gündüz quyunun başından aralanmadan, ən ağır işləri özü görür, elə fəhlələrə də dinclik vermir. Bu fontan hamballıqla dolanan Musanı neft sənayeçisi Ağa Musa Nağıyevə çevirir.

Gəliri artıqdca o, Sabunçuda, Ramanada və Suraxanıda yeni yataqlar alır və istismarına başlayır. O, istehsalın təkmilləşdirilməsi məsələsini də unutmur. Başqa neft sənayeçilərindən nümunə götürən Nağıyev Qaraşəhərdə əvvəlcə kiçik neft emalı zavodu tikdirir, sonra onu genişləndirir. Bir müddət sonra Xəzərdə onun ilk gəmisi fəaliyyət göstərməyə başlayır.

 “Zaqafqaziya balıq sənayesi cəmiyyətinin” ilk təsisçisi

1906-cı ildə Bakıda balıq sənayesinin inkişafında da Ağa Musa Nağıyevin böyük rolu olub. Balıq vətəgələri üzrə hərracda küllü miqdarda kapital sərmayə qoymaqla o, ən iri vətəgələrin xeyli hissəsini ələ keçirmişdir. Buna görə o, 1909-cu ildə “Zaqafqaziya balıq sənayesi cəmiyyətinin” ilk təsisçisi olmuşdur.

Neft kralından miras qalan binalar

Ağa Musa Nağıyev millətin dövləti olmadığı zamanda bir dövlətin görəcəyi işləri həyata keçirib. Neftdən əldə etdiyi gəlirin xeyli hissəsini millətinin tərəqqisinə sərf edib. Qotik üslubdakı “İsmailiyyə” binasını (1908-1913) oğlu İsmayılın xatisinə tikdirmişdir. Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanındakı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilmişdi. Bir neçə xəstəxana (1 saylı Şəhər Klinik Xəstəxana – Semaşko, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu – OMD) tikdirmiş və Bakıya Şollar suyunun çəkilməsinə xeyli vəsait qoymuşdu. Memarlıq üslubu ilə şəhərə xüsusi gözəllik verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binası onun rabitəçilərə qoyduğu mirasdır.

Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də dövrün cəhalət girdabında boğulan xalqının maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldilməsinə sərf etmişdir. Neft milyonçusu kapitalına və tikdirdiyi binalarının sayına görə Bakı milyonçuları arasında seçilib. Məhz bu keyfiyyətlərinə görə car Nikolay II onu “Neft kralı” adlandırıb.

Musa Nağıyevin təltifləri

Savadsızlığın hökm sürdüyü bir dövrdə gənclərin maariflənməsinə xüsusi diqqət yetirən Ağa Musa, uzun müddət yarımçıq qalmış Realnı məktəbinin (indiki Dövlət İqtisad Universitetinin binasının) tikintisini başa çatdırmaqla bərabər burada məktəbəqədər sinfin yaranmasına nail olub. Ağa Musa Nağıyev bu müəssisəyə himayədarlıq etməklə, həmçinin 25 müsəlman qızının təhsil haqqını da ödəməyi öhdəsinə götürmüşdür. Məhz bu qayğıkeşliyinə görə Ağa Musa Nağıyev III dərəcəli “Müqəddəs Stanislav” ordeni, 1910-cu ildə isə çar II Nikolay tərəfindən “Zolotaya şeynaya medal na Andreyevskoy lente” medalı (Andreyev lenti ilə boğazdan asılan qızıl medal) ilə təltif olunmuşdur.

Dövrünün ən zəngin milyonçusu

Sonralar varlanan Musa Nağıyev var-dövlətdə  nəinki  Hacı Zeynalabdin Tağıyevdən geri qalmırdı, hətta ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin var-dövləti beş-altı milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var-dövləti 10 milyonlarla qızıl pula çatmışdı.

“O, milyonçunun oğlu, mən isə samançının oğluyam”

Bir dəfə bir qəbul zamanı Ağa Musa Nağıyevi xeyriyyə aksiyasında iştirak etməyə dəvət edirlər. O, məcməyiyə az bir məbləğdə pul qoyur. Bunu görən xeyriyyəçilər baxışırlar və bu, Ağa Musanın nəzərindən yayınmır. “Nə olub?” – deyə o, nəzakətlə soruşur. O zaman onlar deyirlər ki, bir az əvvəl onun oğlu bundan 3 dəfə artıq pul ianə edib.

Musa Nağıyevə isə cavab olaraq bildirib:

– Nə olsun, burda təəccüblü nə var ki? O, milyonçu oğludur, mən isə samançının oğluyam.

Milyonçunun pullarının son aqibəti

Deyilənə görə o vaxtlar məşhur milyonçu Musa Nağıyevin ümumi sərvəti 690 milyon qızıl puldan çox olub. Musa Nağıyev, pullarından təxminən 413 milyonunu İsveçrə bankında yerləşdirib, geridə qalan 277 milyondan çox qızıl pulu isə Bakıda dənizkənarı yerlərin birində xüsusi olaraq düzəldilən anbarda gizlədib. Anbarın kodunu isə yalnız milyonçunun özü bilib.

İsveçrə bankında qızıl pulların saxlandığı seyfin xaç formasında olan açarın da məhz sözügedən anbarda saxlanıldığı güman edilir. Lakin üzərindən illər keçməsinə baxmayaraq, hələ də anbarın harada olması barədə dəqiq məlumat yoxdur. Belə ki, sovet dövründə çoxlu sayda qızıl axtaranlar onun yerini tapmağa çalışsalar da, lakin buna nail ola bilməyiblər. Hələ də bu anbar içərisindəki mirasla öz gizliliyni qoruyur.

Məqamında bildirim ki, bugünə qədər Musa Nağıyevin varisləri, nəvələri hələ də Musa Nağıyevdən qalan mirasdan pay ala bilməyiblər. Çünki həm İsveçrə  bankının kodu, həm də anbarın yeri öz müəmmalığnı hələ də qorumaqda davam edir.

Son vəsiyyəti yerinə yetirilməyən milyonçu

Sonda onu da qeyd edim ki, Musa Nağıyev 1919-cu ilin martın 4-də 77 yaşında vəfat edir. Lakin  onun vəsiyyəti ölümündən sonra yerinə yetirilmir. Belə ki, M.Nağıyevin vəsiyyətində bildirilirdi ki, onu gənc ikən dünyasını dəyişən sevimli oğlu İsmayılın yanında – İraqın Kərbəla şəhərində dəfn etsinlər. Amma o dövrdə vəziyyətlə əlaqədar olaraq onu Çəmbərəkənddə dəfn edirlər.

Lakin 1931-ci ildə qəbirstanlıq dağıdıldığı üçün məzar Çəmbərəkənddən Biləcəri qəbirstanlığına köçürülür. Təəssüflər olsun ki bu hal bir daha təkrarlanır. Belə ki, qəbiristanlıq 1938-ci ildə sökülür. Bu səbəbdən Musa Nağıyevin məzarının qalıqları Biləcəridə dağın başında növbəti dəfə yenidən dəfn edilir.

RÖVŞANƏ 

Xəbəri paylaş

23 May