...79 il ötdü…Bu gün Məmməd Əmin Rəsulzadənin ən sadiq silahdaşı, “Müsəlman Demokrat Müsavat Partiyası”nın əsasını qoyanlardan biri Abbasqulu bəy Kazımzadənin vəfat günüdür. 1882-ci ildə Bakının Məştağa kəndində anadan olan A.B.Kazımzadə gənc yaşalrında İlk təhsilini mollaxanada almişdır. Lakin sonralar təhsilini rus müsəlman məktəbində davam etdirir.. Siyasətlə məşğul olmağa başlayır. Abbasqulu Kazımzadə, Tağı Nağıyev və M.Ə.Rəsulzadə ilə birlikdə “Müsəlman Demokrat Müsavat Partiyası”nın əsasını qoyur.
Tale ona şərəfli, lakin çətin keşməkeşli bir ömür yazsa da bu çətinliklərin öhdəsindən bacarıqla gəlir. Abbasqulu bəy Müsavat üzvü olmaqla bərabər sonralar Azərbaycan Parlamentinin və Azərbaycan Milli Şurasının üzvü kimi olur. Buna qədər isə o, Cənubi Qafqazda ilk müsəlman sosial-demokrat qrupu olan “Hümmət” təşkilatında fəaliyyət göstərmişdi.
1904-cü ildə çar hökuməti siyasi işlərinə görə Abbasqulu bəyi həbs də edir. Abbasqulu bəy M.Ə.Rəsulzadə ilə Bayıl türməsində həbsdə saxlanılnır. 1911-ci il mayın 15-də Abbasqulu bəy pantürkist ideyaları yaymaqda təqsirləndirilərək yenidən tutulur, və bir ay sonra həmin ilin iyulun 14-də azad edilir.
Əslində Abbasqulu Kazımzadə və digər mühacirlər haqda məlumatlar çox azdır. Təsəvvür edin ki, Abbasqulu Kazımzadə haqqında ilk məlumatlar mərhum tarixçi alimimiz Mövsüm Əliyev tərəfindən bizə çatıb. Uzun müddət naməlum qalan məzarı tanınmış tarixçi araşdırmaçımız Dilqəm Əhməd tərəfindən tapılıb.
Bəs, o vaxt Müsavat Partiyası necə yaranmışdı? Bu haqda M.Ə.Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli Rəsulzadə belə yazırdı: “1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: “Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım. Zatən mərhum Rəsulzadə Əmin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi”.
O vaxt Kazım bəyin M.Ə. Sabirin heykəlinin qarşı tərəfində kitab-dəftər mağazası var idi. Bu mağaza onların gizli yığıncaq yerinə çevrilir. Beləliklə də Tağı Nağıoğlunun bu sözlərindən sonra elə burada 1911-ci ildə muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən ilk adı – “Müsəlman Demokrat Müsavat Partiyası” nı yaranır.
Abbasqulu Kazımzadə Cümhuriyyət dövründəki fəaliyyətinə baxdıqda onun parlamentdə Müsavat fraksiyasında olduğunu və Təsərrüfat quruculuğu komissiyasına rəhbərlik etdiyini görürük. M.Ə.Rəsulzadənin bütün çətin anlarında yanında olub.
Hakimiyyət devrildikdən sonra Məmməd Əmin Rəsulzadə Novxanıdakı bağlarına köçərək burada yaşamağa başlayır. Təbii ki, həmin bağ evinə tez-tez müsavatçılar qonaq gəlirdilər. Bu dönəmdə də Abbasqulu Kazımzadəni Rəsulzadənin yanında görürük. Kazımzadə bu zaman bir növ qasid rolunu oynayarmış. Hər gün Bakıya gedər şəhərdə baş verən xəbərləri Rəsulzadə üçün aparıb – gətirərmiş.
Cümhuriyyət işğal olunanda hamı kimi Rəsulzadənin də taleyinə təhlükələr yaranır. Bu təhlükələr haqda məlumatı da Rəsulzadəyə Kazımzadə çatdırır. Yəni Rəsulzadənin həbsinə qərar verilmişdi. Buna görə də Abbasqulu Kazımzadə təhlüklərdən qorunmaq üçün.Rəsulzadə ilə birlikdə Lahıca sığınırlar. Sonra isə Stalinlə Rəsulzadənin görüşündən sonra qatarda Moskvaya qədər birlikdə getmək istəsələr də bu mümkün olmur. Əslində isə Stalinlə razılaşmaya görə o da Moskvaya getməliydi. Lakin qatar yola düşməyə az qalmış məlum olur ki, Azərbaycan bolşevikləri onun həbsdən buraxılıb Moskvaya aparılmasına kəskin şəkildə qarşı çıxıblar !?
Təsəvvür edin ki, Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərirlər; Həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka deyilən meydanındakı məşhur Butırka zindanına salınır və bir müddət burada “staj” keçdikdən sonra qapıları açıb, onu küçəyə atmışdılar.
Doğrudur, sonralar Stalin, Rəsulzadənin xahişi ilə Abbasqulu bəyə iş tapmaqda kömək edir. Stalin onun əvvəllər məşğul olduğu dəftərxana məmulatı ticarətinə münasib olaraq yeni yaranmaqda olan komissarlığında təchizat məmurluğu verilməsi üçün Berzanovskiyə təlimat verir.
Təbii ki, burada qalmaq qorxulu idi. Abbasqulu bəy Məhəmədəli bəylə birlikdə gizli yolla Ənzəliyə, oradan da Türkiyəyə getməyə qərar verirlər. Bu haqda məlumatlara digər bir mühacirimiz Əziz Alpoud “Həyatımın hekayətləri” kitabında rast gəlirik..
Qeyd etdiyim kimi onun M.Ə.Rəsulzadə ilə münasibətləri yüksək səviyyədə olub. Təsadüfü deyildi ki, Rəsulzadə “Stalinlə ixtilal xatirələri” adlı əsərində Abbasqulu bəylə nələr yaşadıqlarını qeyd edir: “İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaşım Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu. Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq”.
Rəsulzadə ilə yoldaşlıq, dostluğa sadiqlik, birgə mübarizə istəyi Abbasqulu bəyin Türkiyədəki mühacir dövründə də davam edir
Burada Abbasqulu Kazımzadənin Rəsulzadənin dəstəyi ilə “Odlar Yurdu”və “Bildiriş”qəzetlərinin təsisçisi olduğunu öyrənirik. Kazımzadə 1932-ci ildə isə Berlində çıxan “İstiqlal”, 1934-cü ildən nəşrə başlayan “Qurtuluş” jurnallarındaAbbas Eldəniz imzası ilə maraqlı yazılarla çıxış edir.
Onun vəfatını təsdiqləyən həkim Cümhuriyyətin 100 tələbəsindən biri olmuş Dr. Həmid Ataman olub.
…Dəfn xərcləri üçün isə 144 lirə alınıb və bu pulu Məhəmmədəli Rəsuloğlu ödəyir. Elə məzar sahibi kimi də o,göstərilir.
Məzarlıq kağızına qol çəkənlər Abbas bəyin həyat yoldaşı Müzeyyen İldeniz və yaxın dostu Məhəmmədəli Rəsuloğlu olub.
Məzar daşına böyük şair Namiq Kamalın
“Ölürsəm görmədən milləttə ümid etdiyim feyzi,
Yazılsın sengi qəbrimə vətən məhzun,mən məhzun”
sözləri həkk olunur.
Bu gün onun vəfatından 48 il ötür. Mən həmişə düşünmüşəm ki, zamandan aslı olmayaraq milli şüurun formalaşması yolu millət davası edənləri tanımaqdan keçir. Ona görə də mərhum tarixçimiz Mayis Alizade demişkən, “Siyasətdə və dövlət idarəçiliyində “bərabərlik” fəlsəfəsini topluma bəxş edərək onu müsəlman tayfası olmaqdan çıxarıb millət edən bu insanları millət unutmamalıdır.”
Bu fikirlə razılaşmamaq mümkün deyil.
Yuxarıda qeyd etdiyim ki, 2019-cu ildə A.B.Kazımzadənin məzarını tanınmış araşdırmaçı
Dilqəm Əhməd tapıb. Məzarın cidddi təmirə ehtiyacı olsa da bildiyim qədəri ilə indiyə kimi nə Azərbaycan hökuməti, nə Azərbaycan Kültür Dərnəyi, nə Türkiyə Anıtlar Dərnəyi… məzarın təmirində maraqlı deyillər.
Bu məsələ niyə görə heç kimi düşündürmür?!
Sözsüzlük cavab deyildir.