Yazıçının intiharı… Səbəb nə idi? İndi keçmişi idealizə edənlər çoxdur. Onu yaşayanların amacını anlamaq çətin deyil: adam keçmişdə gənc olur, güclü olur, cəsarətli olur… Amma kemişi yaşamadan onu vəsf edənlərin istəyi müəmmalıdır…
***
…İlk kitabım (“Göyəm kolları”-hekayələr) on illik “növbədən” sonra işıq üzü gördü. Daha beş il keçəndən sonra ikinci kitabım (“Dünyanın rəngi”- povest və hekayələr) nəşr edildi… Amma söhbətimin mövzusu bu deyil.
O vaxt “Azərnəşr”in 3-cü qatında “Gənclik” nəşriyyatı yerləşirdi. 80-lərin ortaları idi. Yolumu nəşriyyatdan salmışdım. Şöbə müdirinin otağının qabağına xeyli adam yığışmışdı. Bir adam əsəbi halda, boğuq səslə, əl-qolunu ölçərək uca səslə əlindəki vərəqlərdən nəsə oxuyurdu. Ayaq saxlayıb diqqət yetirdim. Hiss olunurdu ki, adam bədii yazı oxuyur. Arada gözünü kağızdan çəkib hirsli halda replikalar da deyirdi: “Deyirsiniz ki, tələbatı ödəmir. Nədir sizin tələbatınız? Bəzi abzasların yanına sual və “quş” işarələri qoymusuz. Elə həmin yerləri oxuyuram, görün çatışmayan nədir?”
Və yenə oxusuna davam edirdi. Qısaca bir mətndə samballı cümlələr, təravətli dil, bədii təsvirlər qələm sahibinin yetkinliyindən, istedadından xəbər verirdi…
Sonra o, kağızı qoltuğuna vurub az qala yana-yana üzünü dəhlizdəki “dinləyicilərə” tutub dedi: “Belə də cəmiyyət olar, belə də haqsızıq olar? Yazıçı nə yazmalıdır ki, hamının xoşuna gəlsin?”
Mən tanışlardan bu orta boylu, tökmə bədənli, qalın bığlı, əsəbi görkəmli adamın (o, yadımda belə qalıb) kimliyi ilə maraqlandım. Dedilər ki, Rahim Dünyamalı adlı nasirdir. İmzası tanış idi. Almaxlarda, dövri mətbuatda maraqlı hekayələrini oxumuşdum. Onu ilk və son dəfə orada gördüm. Sən demə, nəşriyyata gəlibmiş ki, kitabının plandan çıxarılmasının səbəbini öyrənsin. İndi də hirslənib irad tutduqları yerləri ucadan oxuyur, ona qarşı yönələn “ədəbi ittihamları” alt-üst edirdi…
Mən nəşriyyatın redaktoru Zəminə Cavanşirdən (şair Rasim Kərimlinin həyat yoldaşı idi) soruşdum ki, Rahimin kitabının nəşr edilməməsinin səbəbi nədir, kim buna mane olur? Zəminə xanım ah çəkib dedi: “Eh, qardaş, rəhmətlik Füzuli demiş, “Kərəm əhlində zər yox, zər əhlində kərəm”.. Özün müəllifsən, bilirsən ki, kitabların başına nə “oyunlar” gətirirlər. Biz plana salıb göndəririk “Nəşrkom”a, “Nəşrkom” MK-ya… Hələ mən bilən, oradan da planı-prospekti və ya annotasiyanı “dobro” almaq üçün Moskvaya göndərirlər… Bəyəm bir adamdan asılıdır ki?”
Deyilənlərdə həqiqət payı vardı. Elə özümün bədii mətnlərimdən görürdüm ki, böyük ixtisarlar edilir, iradlar bildirilir, süjetlərin və ya dialoqların dəyişdirilməsi tələb olunur… Bir sözlə kitabların qol-qanadını (hacıleyləyin qanadlarını kəsib “indi quşa oxşadın”-deyən Molla Nəsrəddin kimi) kəsib-doğrayan redaktorların içində qorxulu bir “senzura” olurdu…
Bir sözlə, sistem adamları, adamlar da sistemi yaratmışdı.
Sonralar, Sovet sistemi çökəndən sonra Rahimin maraqlı əsərləri nəşr olundu. Yazıçı Rahim Dünyamalı 1995-ci ildə öz doğma elində- Qubada intihar etdi, özünü ov tüfəngi ilə vurdu. İntiharın dəqiq səbəbini bilmirəm. Amma orasını dəqiq bilirəm ki, onu bu yola çəkib aparan üzləşdiyi haqsızlıqlar olub. Dediyi sözlər yadımdadır: “Belə də haqsızıq olar?”
FİRUZ MUSTAFA,
yazıçı