PAK MƏHSƏTİ GƏNCƏVİ- RƏFAİL HÜSEYNOV YAZIR

…Böyük Səlcuqlar dönəminin ən qüdrətli mütəfəkkir şairlərindən olan Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri (1145-1221) müsəlman şərqində təsvvüf ədəbiyyatının ən misilsiz örnəklərindən sayılan 6500 beytlik “İlahinamə” məsnəvisində MƏHSƏTİdən söz açarkən onu “PAK CÖVHƏR” deyə təqdim edirdi, Sultan Səncər sarayında yüksək ehtirama malik olmasını, “dəbir” məqamına ucaldığını xəbər verirdi (Məhəsti-ye Dəbir, an pak couhər, Müqərrər bud piş-e təxt-e Səncər).
Nizami Gəncəvi yaşca böyük müasiri və həmşəhərlisi Məhsətinin dərbardakı şeir məclislərinə dəvət edilərkən yazdığı “HƏR QƏZƏLİNƏ XƏZİNƏLƏR BAĞIŞLANDIĞINI” təsdiqləyirdi (Səti yo Məhsəti ra bər ğəzəlha, Şəbi səd gənci bəxşi əz məsəlha).
Məhsətinin əri Pur-e Xətib – Xətiboğlu təxəllüslü Tacəddin Əmir Əhməd də zamanının ən güclü və nüfuz sahibi şairlərindən idi və böyüklüyünün, şöhrətinin sübutu üçün ən azı bu yetər ki, farsdilli fəlsəfi şeirin mərkəz simalarından olan Sənai Qəznəvi (1080–1131) onun şeirlərinə nəzirələr yazırdı (İn həmin vəznəst ke Pur-e Xətib-e Gənce qoft, “Noubəhar aməd, neqara, bade-ye qolnar ku?).
Köhnə və sınanmış həqiqətdir – “AXAR SU MURDAR GÖTÜRMƏZ”!
Doqquz əsrdir ki, Məhsəti və onun söz dünyası bizimlədir, saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir.
Müasirlərinin müqəddsəs hesab etdikləri, sayğı ilə “şeyx”, “mövlana”, “həkim” adlandıdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin “pak”, “üstün mənəviyyat və zəka sahibi”, “zahiri və batini gözəlliklərin məcmusu” saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər?!
Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar.
Ürəyinizi bulandıran nələrinsə millətə zərəri olduğunu sezincə isə heç vaxt laqeyd qalmaq olmaz!
Millətin, əsrlərin sınağından keçərək DƏYƏRə çevrilmiş şəxsiyyətləri və irsi yalnız sərvətimiz deyil, MİLLİ NAMUSUMUZdur.
Hansı qeyrətli vətəndaş namusuna kəc baxılmasına susar?!
Susarsan, yenə edərlər. Susdurarsan yerlərini anlayar və sonra qımıldanmağa cürət etməzlər!”
“MÜZƏFFƏR XALQ” adını başacan daşımaq istəyiriksə, gərək beləcə barışmaz, bizə qarşı haqsızlıqlara və həqarətlərə səbretməz olaq!
MƏHSƏTİ GƏNCƏVİ haqdakı iki hissəli bu filmi 12 il əvvəl – 2013-də Azərbaycantelefilmdə çəkmişik.
Məhsətiylə bağlı hər sualın cavabı bu filmdə var.
Vaxtınız olsa, baxın!
Rəfail Hüseynov,
Akademik, millət vəkili
Xəbəri paylaş