8 Aprel 2026 / 00:56

Pakistan ABŞ-ı İran üçün verilən müddəti iki həftə uzatmağa çağırdı

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampı İrana verilən müddəti iki həftə uzatmağa, İran hökumətini isə Hörmüz boğazını iki həftə açmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, sosial media paylaşımında Şərif ABŞ və İran arasında danışıqların “güclü şəkildə irəlilədiyini” bildirib.

Şərif paylaşımında “Yaxın Şərqdə davam edən münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylər davamlı, güclü və effektiv şəkildə irəliləyir və yaxın gələcəkdə nəzərəçarpacaq nəticələrə gətirib çıxarmaq potensialına malikdir” deyib.

“Diplomatiyanın öz axarında davam etməsinə imkan vermək üçün prezident Trampdan son müddəti daha iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm. Xoşməramlılıq jesti olaraq Pakistan iranlı qardaşlarımızdan Hörmüz boğazını iki həftə açmalarını səmimi qəlbdən xahiş edir”, – Şahbaz Şərif əlavə edib.

Baş nazir Şərif “bütün müharibə edən tərəfləri” regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq məqsədilə “diplomatiyanın müharibəyə qəti şəkildə son qoymasına” imkan vermək üçün iki həftəlik atəşkəsə riayət etməyə çağırıb.

Trampın təhdidi

Tramp dünən “Fox News”-a verdiyi açıqlamada İrana qarşı misli görünməmiş hücum planı ilə bağlı “Bu, saat 20:00-da baş verəcək” deyib.

O, həmçinin sosial mediada paylaşım edərək deyib: “Bu gecə böyük bir sivilizasiya məhv ediləcək və heç vaxt geri qaytarılmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!