8 May 2026 / 08:30

Qarabağdakı quruculuq işləri zamanı erməni izi necə saxlanılmalıdır?- TƏKLİF

Bu gün keçmişi tarixi nümunələr əsasında öyrənirik. Bunun bir neçə forması var: arxeoloji qazlntılar, canlı nümunələr, foto və videogörüntülər və s. Bunlar isə isbatlar üçün bəzən yetərli olmur… Məsələn, hər bir ölkənin, dövlətin, xalqın tarixində xüsusi nümunələr var ki, indidən onu gələcək qoruyub saxlamaq lazımdır… Sözümün mətləbi var:  indi Qarabağda gedən bərpa zamanı ermənilərin 30-32 il ərzində dağıdıcı- vəhşi izi itirilir… Hesab edirəm, işğaldan azad edilmiş hər bir kənd və rayonda böyük və ya kiçik sahədə erməni dağıntılarının bir nümunəsi qorunub saxlanılmalıdır… Gələcək nəsil bu tarixə necə inanacaq? Və ya həmin nəsil hardan və nədən biləcək ki, düşmən vaxtilə başımıza hansı müsibətləri gətirib, yurdumuzu necə viran qoyub… Ermənilər deyəcək ki, o video və ya foto süni intellekt məhsuludur, biz belə etməmişik… Onda başlayacağıq sübut axtarmağa?!

Yeri gəlmişkən, tarixçi Yadigar Sadıqlının belə bir statusunu oxudum: “Türkiyənin Şanlıurfa vilayətində yerləşən qədim Harran şəhərinin qalıqları. 1104-cü il mayın 7-də Harran yaxınlığında baş verən döyüşdə türklər ilk dəfə xaçlıları ciddi məğlubiyyətə uğratdılar. 1096-cı ildə başlayan və 1099-cu ildə başa çatan Birinci xaç yürüşü avropalılar üçün uğurlu keçdi. Onlar bir neçə döyüşdə müsəlmanlara qalib gəldilər və Yaxın Şərqdə üç xaçlı dövləti – Qüds krallığı, Edessa (Urfa) qraflığı və Antioxiya (Antakya) knyazlığı yaratdılar. Bundan sonra onlar ətraf ərazilərə ekspansiya etdilər. Antioxiya knyazı Boemund 1104-cü ildə Kilikiyanı ələ keçirdi. Edessa qrafı Balduin isə Harrana hücum edərək şəhəri mühasirəyə aldı. Boemund və Tilbasar hakimi Joslen də Balduinə köməyə gəldilər. Harrandakı müsəlman qoşunu çoxsaylı deyildi. Ciddi müqavimət göstərə bilməyəcəkdilər. Amma bu zaman xaçlılar arasında ixtilaf yarandı. Balduin də, Boemund da şəhəri alandan sonra öz dövlətinə qatmaq istəyirdilər. Bu da mühasirəni uzatdı. Həmin dövrdə Səlcuq imperiyası tənəzzül dövrünü yaşayırdı. Sultan Məlikşahın ölümündən sonra oğlanları Börküyarıq və Məhəmməd Təpər arasında mübarizə gedirdi. Dövlət de-fakto parçalandı, mərkəzi hakimiyyət zəiflədi. Bundan istifadə edən vilayət hakimləri də bir-biri ilə savaşır, biri digərinin ərazisini qoparmağa çalışırdı. Mardin atabəyi Sökmən və Mosul atabəyi Cekirmiş də bir-birləri ilə mübarizə aparırdılar. Amma Balduinin Harrana hücumu onları birləşməyə məcbur etdi. Türklərin Harranın köməyinə gəldiyini eşidən xaçlılar mühasirədən çəkilərək onlara qarşı hərəkət etdilər. Döyüş Harrandan bir neçə kilometr uzaqda baş tutdu. Xristianlar 3 min ağır süvariyə, 9 min piyadaya malik idilər. Müsəlmanların 10 min yüngül süvarisi və sayı məlum olmayan piyada qoşunu vardı.

IMG
 

Döyüş başlayandan az sonra türklər sevimli taktikalarına əl atdılar. Özlərini meydandan qaçırmış kimi göstərdilər və sonra birdən dönüb onları təqib edən xaçlılara hücum etdilər. Düşmənin qaçdığını düşünüb zirehlərini çıxaran Boemund və Balduin üçün türklərin yeni hücumu o qədər gözlənilməz oldu ki, zirehlərini yenidən geyinməyə macal tapmadılar. Xaçlılar ağır məğlubiyyətə uğradılar, çoxsaylı itkilər verdilər. Balduin və Joslen əsir alındılar. Ərəb tarixçisi ibn əl-Əsir yazır ki, atabəy Sökmən xaçlıların silahlarını və bayraqlarını topladı, öz əsgərlərinə xaçlı paltarı geyindirdi və bu hiylənin köməyi ilə ətrafdakı bir neçə qalanı ələ keçirdi. Bununla belə Sökmən və Cekirmiş arasında qənimət üstündə narazılıq yarandı və münasibətləri pozuldu. Əks halda Harran qələbəsinin nəticəsi türklər üçün daha əhəmiyyətli ola bilərdi. Cekirmiş həm Balduinin, həm Joslenin mardinlilərin əsirliyində olmasından narazı idi. Çünki hər ikisinə görə xeyli pul alınacaqdı. Sökmən qalaları alarkən, Cekirmiş də hücum edib Balduini qaçırdı. Sökmən geri qayıdıb əsirini tələb etdi, Cekirmiş imtina edəndə əlini yelləyib dedi: “Qoy bu qələbənin sevinci aramızdakı mübahisəyə görə kədərə çevrilməsin”. Joslen 1107-ci ildə, Balduin 1108-ci ildə pul qarşılığında azad edildilər. Məğlubiyyət Antioxiya knyazlığına xüsusilə ağır təsir etdi. Onun ərazilərinin xeyli hissəsi müsəlmanların və Bizansın əlinə keçdi. Amma xaçlı ekspansiyasının qarşısı tam alınmadı. 1105-ci ildə indiki Livan ərazisində dördüncü xaçlı dövləti – Tripoli qraflığı yarandı. Bununla belə, Harran qələbəsinin böyük önəmi vardı. Xaçlılar qarşısında dalbadal məğlubiyyətə uğrayan müsəlmanlar düşmənin məğlubedilməz olmadığını anladılar və ruhlandılar.

“Tarixçi” teleqram kanalı
SONDA: halbuki ermənilər Qarabağda daşı daş üstünə qoymayıblar, qəbiristanlıqları goreşən kimi eşib qızıl diş axtarıblar, bütün tariximizi məhv ediblər…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!