Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstin torpaqlarını ələ keçirən İsrail ordusunun şimal Qərb Sahilindəki Nablus yaxınlığındakı Kusra şəhərindən fələstinli ailələri evlərini mühasirəyə alaraq çıxarmağa çalışdıqları bildirilib.
Tezadlar.az xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı (FAT) ilə əlaqəli Ayrılıq Divarı (Utanc Divarı) və Yəhudi Məskunlaşmalarına Qarşı Komitənin yazılı açıqlamasında Kusranın Ras əl-Ayn bölgəsindəki fələstinli evlərə israillilərin hücumlarının ailələri təcrid etmək və onları evlərini tərk etməyə məcbur etmək məqədi daşıyan uzunmüddətli mühasirəyə çevrildiyi xəbərdarlığı edilib.
Məlumatda qeyd olunur ki, bazar günündən (9 avqust) bəri israillilər ərazidəki fələstinli ailələrin evləri arasında çadırlar və müvəqqəti tikililər qurublar, sonra yolları daşlarla bağlayıblar və sakinlərin girməsinə, çıxmasına və qonaq qəbul etməsinə mane olublar.
Həmçinin, su və elektrik xətlərinin kəsilməsinin evlərə qida, su və tibbi ləvazimatların çatdırılmasına mane olduğu vurğulanıb.
Nümayəndə heyəti hədəf alınan evlərin Yusuf Əbdülsəlam, Rizik Əbu Reyde və Luey Əbu Reyde ailələrinə məxsus olduğunu bildirib.
Bildirilib ki, basqınlar və evləri ələ keçirmək cəhdləri təxminən dörd ay əvvəl başlayıb və ailə üzvləri ələ keçirmələrin qarşısını almaq üçün onları növbə ilə qoruyublar.
Mühasirə zamanı ailələrin əsas ehtiyaclara çıxışı məhdudlaşdırılıb, yalnız bir Qırmızı Aypara təcili yardım maşını əraziyə daxil olaraq tibbi yardıma ehtiyacı olan gənc qızı təxliyə edib və bəzi ərzaq təchizatı çatdırıb.
Kusra meri Əbdüləzim Vadinin verdiyi məlumata görə, yüksək mövqeyi və panoramik mənzərəsi səbəbindən coğrafi cəhətdən əhəmiyyətli bir yer olan Redəki Ras əl-Ayn Təpəsində qanunsuz məskunlaşma yeri yaratmaq cəhdləri əvvəllər səkkiz dəfə təkrarlanıb.
Nümayəndə heyəti hücumların müvəqqəti bir mövcudluğu daimi məskunlaşma yerinə çevirmək məqsədi daşıdığını bildirib.
Məlumatda qonşu Cəlud kəndində də oxşar vəziyyətin baş verdiyi qeyd olunur və xatırladılır ki, 22 iyulda israillilər üç aydan çox davam edən mühasirədən sonra Mahmud əl-Tubasi ailəsinin evini ələ keçiriblər.
Komitənin məlumatlarına görə, 7 oktyabr 2023-cü il ilə 30 iyun 2026-cı il arasında israillilər Qərb Şəriyəsində 12.506 hücum həyata keçiriblər.
Bu hücumlar nəticəsində 52 fələstinli həlak olub və fələstinlilərin mülkləri və tarlalarında 890 yanğın törədilib. Təkcə 2026-cı ilin iyul ayında İsrail qüvvələri və məskunlaşanlar tərəfindən 2256 hücum qeydə alınıb.
İsrail insan haqları təşkilatı B’Tselem də Kusradakı hadisələrin tək bir hadisə olmadığını və İsrail milislərinin ordunun dəstəyi ilə Fələstin kəndlərinə və şəhərlərinə hücumlarını genişləndirdiyini bildirib.
B’Tselemin direktoru Yuli Novak bildirib ki, “İsrailin Qərb Şəriyəsindəki etnik təmizləməsi hər kəsin gözü qarşısında sürətlənərək genişlənir”.
B’Tselem həmçinin İsrail əsgərlərinin və məskunlaşanların Kusradakı fələstinli evlərin ətrafında ayinlər yerinə yetirdiyini göstərən görüntüləri də paylaşıb.
ELBAR