4 Noyabr 2025 / 09:02

Qəzetlərimizi hörmətə qaldıranlar və hörmətdən salanlar

…Mətbuat Şurasının sədri dəyərli Rəşad Məcidin Azərbaycanda qəzetlərin taleyinə fatihə vermə ruhlu statusunu oxudum, açığı, dilxor oldum… Əvvəla, niyə Azərbaycanda qəzetləri bu hala gətirmişik? Uzun illər Əli Həsənovun KİVDF adlı qurumun vasitəsilə qəzetləri büdcədən yemləmə siyasəti qəzetləri və yaradıcı kollektivləri tənbəlləşdirdi. Lətifəsi hamımızdan uzaq, qonşum hər gün pişiyinə sosiska vı kolbasa verirdi, dedim, vermə, siz onun siçan ovlama hüququnu və cəsarətini əlindən alırsınız… Hər ay dövlət büdcəsindən yüz min manatlarla pul standart şərtlər daxilində qəzetlərə veriləndə düşünmək lazım idi ki, bir gün bu cür tənbəlləşən qəzetləri heç kim əlinə almayacaq!
Qəzet arxivdir! Amma o arxiv elə olmalıdır ki, gələcək nəsil orda keçmişini görə və axtarıb öyrənə bilsin! Necə ki, yüz illər keçmişin solğun vərəqlərində nəyisə hələ də axtarırıq.
Dünya elektronlaşıb, TikTok- laşıb, FB və X-ləşib, amma dünya həm də qəzet oxuyur. Çünki dünyaya qəzeti oxutduranlar var!
Bu gün bir nəsil var ki, inanın, hər həftənin 1- ci günü zəng edirlər ki, “Təzadlar” sabah çıxır?
Bilirsiz, qəzetlərə yox, jurnalistlərə sərbəstlik və azadlıq ermək lazımdır ki, yaza bilsin! Necə ola bilər ki, biz Azərbaycanın azadlığı uğrunda canımızı- qanımızı verir, mübarizə aparırırq, amma azad fikirliliyimizi qoruya bilmirik?! Mən ağzına və ağlına nə gəldi yazmağı demirəm, təmiz, peşəkar yazmadan danışıram!
Bax azad fikirliliyimizi qoruma barədə düşünmədiyimiz üçün də bu gün yazılı medianın fatihəsini verməyə molla axtarırırq!
Amma xilas yolu da yox deyil: qəzetin qəzet olması üçün jurnalistlər gözüqıpıqlıqdan xilas olmalıdır! Bİz qəzetlərə oxucu kimi yanaşmalıyıq, onu oxutmalıyıq! Onda qəzetin qazancı da, pulu da, hörməti də olacaq! Bu hörmət həm də jurnalistlərə aiddir…
Asif MƏRZİLİ
Aşağıdakı yazını da oxuyun, nəticə çıxarmaq üçün!
https://tezadlar.az/tezadlarin-arxivinden-qezetler-nece-ve-nede-oxunur/
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!