Xarici işlər naziri Maka Boçorişvili Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili arasında Minskdə keçirilən görüşə münasibət bildirib. Tezadlar.az xəbər verir ki, nazir “İmedi” telekanalının efirində çıxışı zamanı görüşün keçirildiyi məkanla bağlı heç bir etirazlarının olmadığını və görüşün Minskdə baş tutmasını da qəbuledilən hesab etdiklərini deyib. Onun sözlərinə görə, bu formatda görüşlərin keçirilməsi Gürcüstanın və ölkə vətəndaşlarının maraqlarından irəli gələn zərurətdir. Boçorişvili bildirib ki, müzakirəyə ehtiyac duyulan məsələlər təxirəsalınmadan dialoq və müzakirə tələb edir. Bu baxımdan əsas məsələ görüşün keçirildiyi yer deyil, görüşün vaxtında baş tutması və vacib məsələlər üzrə danışıqların başlanması olub.
Xarici işlər naziri qeyd edib ki, son illərdə Gürcüstanın Rusiya ilə münasibətlərində dialoq və danışıqlara qarşı qorxu formalaşdırılmağa çalışılır: “Bu, ən çox və ən ciddi problemlərimizin olduğu ölkədir. Problemlərin həlli və ya aradan qaldırılması barədə danışırıqsa, dialoq olmadan buna nail olmaq mümkün deyil. Buna görə də ilk növbədə danışmaq qorxusunu aradan qaldırmalıyıq. Problemlərin olduğu tərəflə danışmaqda qorxulu heç nə yoxdur. Əksinə, problemli məsələlərin müzakirə edilməsi hamı tərəfindən müsbət qarşılanmalı və qəbul edilməlidir”, – deyə Maka Boçorişvili bildirib.







