Əsas məzmuna keç

Qırmızı yuxu – Racu Şıxlı

(povest)

(Əvvəli:2.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli-2/

1.https://tezadlar.az/qirmizi-yuxu-racu-sixli)

Anamın bu suala verəcəyi cavabı gözləmədən hıqqına-hıqqına dedim:

–Polkovnik Poladzadə

Cəbirə xanım anama əhəmiyyət verməyib, mənim çarpayıma yaxınlaşdı, masamın üstündə spirtli suda, ağzı təmiz tənziflə bağlanmış, yalnız termometrin çölə çıxmış arxa hissəsi üçün açılmış xırda dəlikli bankadan termometri götürüb eynəyini burnunun üstündən üzüyuxarı qaşqasına doğru itələdi. Termometrə baxdıb, əlində sirkələdi.

–On beş dəqiqə saxla

Termometri mənə uzadıb, ədayla palatadan çıxdı. Anam cəld termometri əlimdən alıb, qoltuğumun altına yerləşdirdi.

–Gözlərinə qurban olum. Ağrıların artıb? Bəlkə tibb bacısına xəbər edim gəlib bir ağrıkəsici vursun?

–Kecəcək, ay anam. Damarlarımda indi qan yerinə ağrıkəsici axır.

–Can, dərdin mənə gəlsin, qara göz balam! Sənin nəfəsin daraldıqca mənim ruhum az qalır bədənimi tərk etsin.

–Maşallah, ay ana, oğlun əsgər olandan sən də şairə olmusan…

Hər ikimiz xısın-xısın güldük. Anam geri dönüb, digər çarpayıllarda yatan əsgərlərə baxdı nəsə demək istəyirdi amma gördü ki, əsgərlər üzlərini palatanın divarına çevirib yatışıblar. Mənə baxdı, astaca çarpayımdan aralanmış stulu çarpayıma bitişdirib oturdu. Şəfqətli əlini alnıma sürtərək iki qaşımın arasını asta-asta ovuşdurmağa başladı. Mən hiss etmişdim anam üzünü digər palata yoldaşlarıma tərəf çevirəndə nə demək istədiyini. Odur ki, güclə nəfəsimi dərib dilləndim.

–Baş gizir Cəbirə xanım xarakteridir bu. O, həmişə burdakı  xəstələrlə belə davranır. Sual verir amma cavabını eşitmək istəmir.

–Səni də incidib, anan ölsün – deyə anam həyəcanla gözlərimə dikildi.

–Yox, ay ana. Mən onu ilk dəfə idi görüdüm. Palata yoldaşlarım danışırdılar ki, hər öz növbəsində bax beləcə üsullardan istifadə edərək gündəmdə qalır. Qismətdən bu gecə də  yanımda olmağın onun növbəsinə dəng gəlib – deyib, anamın fikirini dağıtmağa çalışdım. Amma ağrı bütün bədənimi elə bürümüşdür ki, elə bil dönər bıçağı ilə bədənimi doğrayırdılar. Nə qədər narahatlığımı anamdan gizlətsəm də bu ana ürəyidir. O hər şeyi duyar, balasının dırnağı kəsilərsə onu hiss edər. Narahat olar ki, niyə dırnağını artıq kəsiblər. Nur üzlü anam yorğun gözlərini eləcə gözlərimə zilləmişdi. Bilirdi ki, ağrılarım artıb. Stulda qurcalanıb ayağa qalxdı. Palatanın qapısına tərəf iti addımlarla gedib, qapını açıb dəhlizə çıxdı. Guya yatmışam kimi gözlərimi yunmuşdum ki, anam ağrılarımı gözlərimdəki ifadədən hiss etməsin. Birdən dəhlizdən gələn qalın bir səs məni diksindirdi: “Mülki vətəndaşların dəhlizdə gəzməsi qadağandır!” Cəbirənin gobudcasına dediyi cümlə hələ tamamlanmamışdı ki, anam cəld içəri keçib, qapını dalıyca çırpdı. Əlini ağzına sıxıb, yanıma qaçdı. Stulda oturub, sinəmi ovuşdurmağa başladı. Anama nəzər edib, azacıq dodaqlarımı yanlara qaçırıdım. Üzümdə gülüş hissini formalaşdırmağa çalışırdım.

–Narahat olma, ay anam. Buradakı həyat mülki həyatın şərtlərinə uymaz.

–Başına dönüb, ay oğul, axı ağrıyırsan. Məni arxayın etmək üçün gözlərini yumursan ki, sənin ağrıdan qıvrıldığını hiss etməyim. Amma vallah bu ürək sənsiz bir an belə döyünməz…

Anam cəld başını yana çəkdi ki, gözlərindən çənəsinə süzülən yaşları görməyim.

–Anam, əgər birdə ağlasan atama deyəcəm yanımda qalmağına sənin üçün icazə almasın.

Bu sözü eşitmişdi ki, anam cəld gözlərində torbalanan yaşı əllərinin dalı ilə sildi, burnunu çəkib, mənə tərəf çevrildi.

–Yox, qağamın goru ağlamıram. Heç əsgər anası da ağlayar…

Sonra fikrimi dağıtmaq üçün sözünə bir balaca gülüş qatmaq istədi.

–Elə bilirsən bayaq yatmağına inanmışdım? Gözlərini yumsan da kirpiklərin tərpənirdi, qara göz balam!

Hər ikimiz xısın-xısın gülməyə başladıq. O gecə səhərə doğru bədənimdəki ağrılar şiddətləndi. Ana ürəyi bu ağrının sancısını hiss etmişdi. Cəld dəhlizə doğru qaçdı. Bu səfər nədənsə Cəbirə qışqırmamışdı. Gəlib bir sakitləşdirici vurub getmişdi. Bir tərəfdən yuxu məni girləyirdi, digər tərəfdən də gözlərimi yunmaq istəmirdim ki, anama doyunca baxım. Anam da hərdən əlləri ilə saçımı, alnımı, üzümü oxşayıb, dodaqlarının altında astaca zümzümə edirdi. Anamın zümzüməsi üçün elə darıxmışdım. İndi heç istəmirdim yuxu məni aparsın. Doyunca qulaqlarımı anamın şirin laylasına kökləyib, gözlərimi onun mələk simasına dikmişdim. “Kənddə ikimərtəbəli, hər mərtəbəsində dörd otaq olmaqla ümumilikdə səkkiz otaqlı idi evimiz. Düşmən mərmisi eyvanımızdan həyətə uzanan şəbəkə işləməli sürahisi olan daş pilləkənimizi dağıtdığına görə atam taxtadan yöndəmsiz pilləkən düzəltmişdi. Qardaşımla mən həyətdə, fındıq ağaclarının dibində oturub, torpağı nerjavik qaşıqla qazırdıq, hərdən bir-birimizə baxıb gülürdük. Həmin günü başımızı yandırıcı şüaları ilə döyəcləyən günəş qeyri adi görünürdü. Mavi səmada qıpqırmızı idi günəş… Sonra anam ağappaq nənəmdən qalma yanları bənövşəyi butalı kəlağayıları səliqəylə bir-bir ipəzordan asdı. Amma ipəzoru bağladığımız tut ağacından qara xar tutlar kələğayının üstünə tək-tək düşüb, ağappaq parça üzərində qıpqırmızı ləkələr yaradırdı. Anam buna əhəmiyyət verməyib, eləcə bizim oyunumuza baxıb gülürdü. Sonra mən qardaşımın əlindən tutub, həyətimizin qonşu həyətinin çəpərinə bitişik, çiy kərpicdən babamın tikdiyi toyuqların hininə girdik. Toyuqlarımız yumurtadan kəslimişdilər. Birtək qırmızı qanadlı, qara çil-çil toyuğumuzdan savayı. Maşallah nə az nə çox düz dörd yumurta yumurtlamışdı. Yumurtanın ikisini mən, digər ikisini  isə qardaşım əlinə götürüb, hindən çıxdıq. Mən qayqanağı xoşladığım üçün anam həmişə mənə yumurta qayqanağı bişirirdi. Yenicə əlimizdəki yumurtaları anamıza verməyə hazırlaşırdıq ki, birdən uğultu səsi, başımızın üstündən “Qırat” yağış kimi səpələnməyə başladı. Bu erməni dığalarının bizimlə ədavəti görünür bitməmişdi hələ də. Anam cəld bizim qarşımızda diz çöküb, ikimizin də başını qolları arasına alıb sinəsində gizlədi. Qardaşım ağlamağa başladı. Qorxudan əlindəki yumurtaları yerə çırpdı. Qəribə idi. Yumurtaların sarısı qıpqırmızı rəngə çevrilmişdir”  Gözlərimi açanda başımın üstündə anamı, atamı, polkovniki və bir də məni fizoterapiyaya aparmaq üçün hazır dayanmış toppuş, şirin tibb bacısını gördüm. Bu sabah heybətli polkovnik hərbi geyimini ağ həkim xalatı ilə əvəzləmişdi. Tam fərqli görünürdü. Heç elə bil heybətli, enlikürək, zəhimli baxışlı Poladzadə deyildi.

–Əsgər möhkəm olmalıdır! Bu gün özünü daha yaxşı hiss etməlisən ki, sabaha bir şeyin qalmasın.

Polkovnik “sabaha” sözünü elə inandırıcı dedi ki, elə bildim tam sağalmışam artıq sabah məni evə yazacaqlar. Atam astaca mənə yaxınlaşıb, alnımdan öpdüsə də danışmadı. Sükutu anamın asta, həlim səsi pozdu:

–Gör əsgər balamın yanına kim gəlib?

Yastığın ortasında çuxura düşmüş başımı qaldırıb, yana baxdım ki, bacım atıldı üstümə. Qolları ilə başımı elə qucaqlayıb, bağrına sıxdı ki, onsuzda nəfəs almaqda çətinlik çəkirdim indi az qaldı ki, boğulam.

–Ay qızım, yavaş, boğdun qardaşını.

Anamın bu sözünə palatada hamı güldü. Mən ilk dəfə idi ki, polkovnik Poladzadəni gülümsəyən gördüm. Açığı polkovnik gülümsəyəndə elə balaca, səmimi görünürdü ki, heç deməzdin zəhmindən yer yarılan heybətli zabitdir bu. Poladzadənin təmkinli və ciddi olmağı təbii idi. O, hərbiçi idi. Hərb qanunlarında zabitlər gülməz. Onların zəhmindən düşmən ordusu siçan deşiyi axtarmalıdır. Bacım bərk-bərk qucaqladığı boynumu qollarının arasından çıxartmağa niyyətli kimi görünmürdü. İki daşın arasında qulağıma pıçıldadı:

–Bilirsən sənə nə gətirmişəm? Qara dolma…

Mən yarpaq dolmasını çox sevirdim. Anam həmişə evdə mənim uşaqlığımı xatırlayanda deyirdi ki, mən uşaq vaxtı hamıdan küsəndə ağlayıb, deyərmişəm ki; “mənə qara dolma bişirin yeyim, barışım sizinlə” Ona görə də evdə hamının dilinə düşmüşdü bu söz. Yarpaq dolması bişən kimi, bacım, qardaşım, atam hətta anamın özü də mənim dilimcə; “Qara dolmamız da bişdi…” – deyirdi. Amma mənə təəccüblü gəldi ki, anam dünəndən yanımdadır. Bəs bu qara dolmanı bu hay-harayda kim bişirib. Bacımın buna gücü çatmazdı, ona görə ki, o hələ balaca idi. Atam da inanmıram mətbəxə keçib, döşündə önlük yemək bişirsin. Elə bu müəmmalı sualı bacıma vermək istəyirdim ki, atam qımışdı. Qalın, üst dodağını tamamilə ötrmüş bığlarının altından dodaqlarını qaçırıb dedi:

–Ananın qara dolmasına oxşamasa da, bişirmişəm. Yəqin bəyənərsən.

Atamın ikinci cümləsini tamamlamağa macal verməyən bacım, cəld özünü atdı ortaya.

–Ata, bişirmişəm yox, bişirmişik!

Atam bu sözdən sonra az əvvəlki etirafına düzəliş etdi.

–Hə, bacın yarpaqları açıb dəstələyirdi, mən də bükürdüm.

Artıq polkovnik Poladzadə bizim ailəyə o qədər doğmalaşmışdır ki, o, yanımızda olanda belə çəkinmədən evimizdə olanlardan şirin-şirin danışırdıq. Bu gün bolluca gülmüşdü polkovnik. Nədə olmasa forması əynində deyildi. Polkovnik Poladzadə bu fürsəti dəyərləndirib, özünü mülki həyatın sanki bir ömür doymaq istəməyəcək guşəsinə atmışdı… Lənətə gəlmiş ciyərlərim. Elə bərk sıxılırdı ki, anidən hamının kefinə acı soğan doğradı. Anam cəld əlini belimə salıb məni yataqda yarım vəziyyətdə qaldırdı və həyəcanla polkovnikə səsləndi. Mən ilk dəfə idi ki, anamın yüksək səs tonunu eşidirdim.

–Ay həkim, balamın rəngi qaçdı. Dodaqları ağardı…

Polkovnik anamın həyəcandan böyüyən gözlərinə, titrəyən dodaqlarının arasında köpüklənən ağız suyuna əhəmiyyət verməyərək, soyuqqanlı jestlərlə yanında dayanmış şirin, toppuş tibb bacısına sarı çevrildi. Polkovnikin bu durumu təbii idi. Axı o Azərbaycan Ordusuna xidmət edən tibb-polkovniki idi. Zabit təmkinli, yeri gələndə ürəyini daşa bağlamağı da bacarmalı idi…

–Reanimasiyaya qaldırın!

Bütün hərəkətlər ani oldu. Bir göz qırpımında məni reanimasiya şöbəsinə qaldırdılar. Arxada qalan valideynlərim indi hansı haldadır, təsəvvür belə etmək istəmirdim. Deyəsən həyatla vidalaşıram. Artıq neçə gündə atılıb-düşən cigərlərim deyəsən yorulmuşdu. Birdəfəlik öz funksiyasına xitam vermək istəyirdi. İndi anam nə haldadır. Bəlkə də ağlamaqdan səsi batıb, heç kəsə; “Oğlumu hara apardınız, indi onun vəziyyəti necədir” – deyə bilmir. Yazıq atam. İti yeriyə də bilmirdi. Bu gedişlə özü ilə bərabər torpağa göməcəyi əsası da bir tərəfdən əngəl olurdu yerişinə. Axsaya-axsaya Polkovnikin arxasına düşüb, məni apadıqları yerə tələsir. Hələ balaca bacım. İndi əlacsız oturub çarpayımda balaca əllərini üzünə sıxıb xısın-xısın ağlayır. Yəqin palata yoldaşlarım da narahatdırlar. Bəlkə də indi hamısı anamın ətrafına yığılıb, ona təskinlik verirlər. Amma inanmıram anamın palatada qərarı tutsun. İndi o da astagəl yerişini itiləyib, atamın arxasınca düşmüşdür. Bircə o Cəbirə deyilən qadınla rastlaşmasın anam. Yoxsa zavallı, biçarə anamı acılayar anam buna tab gətirməz. Acılarımla qol-boyun olub, bu fikirlərin içində ikiqat boğularaq reanimasiyaya yaxınlaşırdım. Deyəsən həmin gəncin bu dəfə arıq qolları təkərləri 360 dərəcə fırlanaraq ensiz uzun dəhlizlərdə istiqamətini tez-tez dəyişən xərəyə güc gəlmişdi. Sanki xərəyin təkərləri də həyəcan siqnalını bilirdi və reanimasiyaya aparılan xəstənin həyatda qalma şansının nə qədər təhlükəli olduğunu duyurdu… Amma baş gizir Cəbirə xanım bu hissi duysa da soyuqqanlılıq nümayiş etdirmişdi. Əminəm ki, gizir Cəbirə xanımın bu soyuqqanlılığı az öncə polkovnik Poladzadənin halımın birdən-birə təlx olması zamanı verdiyi reaksiyaya bənzəmirdi. Bu xanımın soyuqqanlılığı ürəyi daşa bağlamaq yox, eqonun zirvəyə qanadlanması idi. Anam gözləri böyümüş halda sərkardan dəhlizdə qaçarkən Cəbirə xanıma rast gəlmiş ondan mənim hara aparıldığımı xəbər almışdı. Cəbirə də: “Reanimasiyaya” – demişdi.

–Başına dönüm, ay həkim, ora haradır elə? Niyə balamı ora aparırlar?

Cəbirə xanım, çiyinlərində illərdi daşıdığı şərəfli missiyanı necə ola bilərdi ki, unutsun. Tibb işçisi Tanrının yer üzündəki sələfləridir. Onlar O’nun istəyi ilə vəsilə olurlar insanların şəfa tapmasına. Axı, bu saf adı və mərhəmətli peşəni necə iyrənc və gobud daşıyarmış insan?! O insan ki, çiyinlərində rütbə daşıyırdı. Uzun illərdi dövlət ona etibar etmişdi Vətən oğullarının yaralarını sarımağı. Heç tükünü belə qımzatmadan o günü baş gizir Cəbirə anama izah etmişdi. “Reanimasiya” sözü özlüyündə tibb dilində istifadə olunan şöbə adı olsa da o sözün lüğəti mənası tükürpədici, vahiməlidir.

–Bax belə deyək də, oğlunu apardıqları yer klinik ölüm vəziyyətində olan insanın canlanmasına yönəlmiş bədbəxt hadisə, xəstəlik nəticəsində həyat əlamətli orqanların qəflətən itirilmiş funksiyalarının bərpası üçün tədbirlər kompleksidir.

Yazıq biçarə anam. Tab gətirərmi bu izaha… Ax, Cəbirə xanım! Biçarə anamın bu izahdan dünya başına fırlanmış, gözləri qaralmış və huşunu itirmişdi. Bunu görən palata yoldaşlarım özlərini itirmədən anamı dövrəyə alıb, onu ayıltmışdılar. O arada sısqa, arıq uzun sifətində gözləri qalın qaşları ilə harmonlaşmış, özünəməxsus yaraşıq saçan tibb bacısı – Gümüş anama sakitləşdirici vurmuş, zavallı qadın tam özünə gələnədək başının üstündən ayrılmamışdır. Huşu özünə qayıdan anam cəld yataqdan qalxıb, bu dəfə Gümüşdən soruşmuşdur o qorxunc məkanın yerini. Gümüş sağ olsun, insaflı davranmış və təskinlik verərək:

–Narahat olmayın, anacan! Oğlunuzu sadəcə ciddi nəzarətdə saxlamaq üçün Təxirəsalınmaz şöbəyə aparıblar.

Gümüşün bu sözündən sonra narahat ana ürəyinə bir az su çilənmiş, atam palataya dönənədək bacımla qol-boyun olub çarpayımda gözləmişlər.

(Davamı var)

20.11.2026

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…