SSRİ-nin süqutundan sonra ABŞ başda olmaqla NATO bloku Rusiyanı dünya siyasi xəritəsindən sıxışdırmaq, Rusiyanı parçalamaq üçün onun ətrafında, Rusiyaya yaxın olan dövlətlərdə demokratiya ideyası adı altında dövlət çevrilişləri həyata keçirərək özlərinə uyğun şəxsləri, xüsusilə də öz şəbəkələrinin nümayəndələrini hakimiyyətə gətirir, həmin dövlətləri Rusiyaya qarşı istifadə edirdilər. Bu siyasət indi də davam edir”.
Bu fikirləri tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, məqsəd Rusiyaya yaxın olan rəsmi dövlətləri Rusiyanın təsir dairəsindən çıxarmaq, Rusiyanın ətrafında “qaynar ocaqlar” yaratmaq idi. Biz bunu Gürcüstanda Saakaşvili dövründə gördük. Hazırda isə Ukraynada baş verən hadisələrin şahidiyik. Eyni zamanda, Ermənistanda gedən proseslər də həmin siyasətin davamıdır. Rusiya-Ukrayna münaqişəsi də ABŞ-nin strateji planının tərkib hissəsidir. Onu da qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin yaranma səbəblərindən biri Ukraynanın Avropaya və NATO-ya inteqrasiya etmək istəyi idi. Təbii ki, NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsi Rusiya tərəfindən təhdid kimi qiymətləndirilir və Rusiyaya qarşı siyasət kimi qəbul olunur. Sual meydana çıxır: NATO bloku niyə Afrika istiqamətində, yaxud Latın Amerikasında genişlənmir, məhz Rusiyanın sərhədlərinə doğru genişlənir? Təbii ki, məqsəd Rusiyanı təcrid etmək, onun ətrafında “qaynar ocaqlar” yaratmaq və Rusiyanı zəiflətməkdir. Çünki Rusiya ABŞ üçün təhlükə yaradan bir dövlət kimi qəbul edilir və hər bir gücünə görə ABŞ üçün təhlükə yarada bilər. Onu da qeyd edək ki, Ukrayna münaqişəsinin baş verməsi də Amerikanın maraqlarına xidmət etdi. Münaqişə baş verməsəydi belə, yenə də müəyyən mənada Amerikanın maraqlarına uyğun proses baş verəcəkdi. Əgər Rusiya-Ukrayna münaqişəsi yaranmasaydı, Ukrayna NATO blokuna daxil olacaqdı. Münaqişənin baş verməsi də yenə Amerikanın maraqlarına uyğun oldu. Ona görə ki, Rusiya ilə Avropa arasında əlaqələr kəsildi, Rusiyanın ətrafında “qaynar ocaq” yaradıldı. Rusiyaya yaxın olan slavyan qardaş ölkə Ukrayna ilə Rusiya arasında düşmənçilik toxumu səpildi. Artıq Ukrayna ilə Rusiya arasında de-fakto düşmənçilik yarandı. Bu da Amerikanın maraqlarına uyğun olan məsələ idi. Təbii ki, yaranmış vəziyyət onu göstərir ki, Rusiya-Ukrayna münaqişəsi fonunda artıq NATO bloku ilə Rusiya arasında bir qarşıdurma gedir. Ukrayna sadəcə poliqon rolunu oynayır. Bu münaqişədə Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalib tərəfdir. Siyasi müstəvidə də Rusiyanın üstün mövqedə olduğunu demək olar. Ona görə ki, Avropaya daxil olan dövlətlərin böyük bir koalisiyası Rusiyanın əleyhinə formalaşıb, bir sıra yaxın dövlətlər bir araya gələrək Rusiyaya qarşı koalisiya yaradıb. Bu münaqişədə Rusiyanın Ukraynanın 20-dən artıq faizinə nəzarət etməsi də hərbi müstəvidə Rusiyanın uğuru kimi qiymətləndirilir.
A. Məsiyevin sözlərinə görə, siyasi müstəvidə də Rusiya diktə edən tərəfdir. Ona görə ki, Rusiya açıq şəkildə bəyan edir: onun şərtləri qəbul edilməyincə, münaqişənin dayandırılması real görünmür. Münaqişənin uzanması isə ilk növbədə Ukrayna xalqına, eyni zamanda Avropa İttifaqına zərər vurur. Çünki münaqişə uzandıqca Avropa Ukraynaya maliyyə yardımı göstərir. Bu yardımlar yüz milyardlarla ölçülür. Həmin yüz milyardlarla dollar Avropa iqtisadiyyatına yatırılmış olsaydı, Avropa iqtisadiyyatı daha sürətli inkişaf edə bilərdi. Amma hazırda münaqişənin baş verməsi və uzanması ilə Avropa iqtisadiyyatı çətin vəziyyətə düşür.
Avropada enerji böhranı yaranır, əhalinin narazılığı artır, xaos yaranır və nəticədə Avropa iqtisadiyyatı zəifləyir. Nəticədə Avropanın ayırdığı maliyyə resurslarının dəyəri də azalır. Bu da Amerikanın strateji planının bir hissəsidir. Təbii ki, münaqişə ən böyük zərəri Ukrayna xalqına vurur. Ona görə ki, Ukrayna xalqı həm iqtisadi baxımdan böyük itkilərlə üzləşir, infrastrukturu dağılıb, eyni zamanda insanlar həyatlarını itirirlər. Artıq milyonlarla insan Ukraynanı tərk edərək xarici dövlətlərdə yaşayır. Onların yaxın müddətdə geri qayıtması və sosial vəziyyətin əvvəlki səviyyəyə gətirilməsi ilə bağlı ümidlər də azdır. Münaqişə uzandıqca, təbii ki, ən böyük ziyan Ukrayna xalqına dəyir. Bununla yanaşı, Rusiya-Ukrayna münaqişəsi dünyanın iqtisadi və siyasi sistemini də ciddi şəkildə pozub. Vəziyyətdən çıxış üçün Rusiyanın şərtləri qəbul edilməlidir. Bu şərtlərdən biri də Ukraynanın NATO-ya daxil edilməməsidir. Rusiyanın əsas şərtlərindən biri məhz budur. İndi, gec də olsa, Rusiyanın şərtləri Ukrayna siyasi elitasında müzakirə olunur, Ukrayna Radasında, daha doğrusu, parlamentdə müzakirəyə çıxarılır. Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həll edilməsinin müzakirəyə çıxarılması təqdirəlayiq addımdır. Danışıqlar müstəvisində Rusiyanın şərtlərinin, gec də olsa, qəbul olunması istiqamətində addımlar atılır. Təbii ki, bu alqışlanmalıdır. Münaqişənin dayandırılması, sülhün əldə edilməsi və dialoqun başlanması üçün mütləq şəkildə bu istiqamətdə addım atılmalıdır. Ümumiyyətlə, Zelenskinin bu münaqişəni həll etməsi və sülhü əldə etməsi onun səlahiyyətləri xaricindədir. Çünki bu münaqişə Zelenskinin iradəsi ilə başlamayıb. Bu münaqişə ABŞ-nin planı idi. ABŞ Prezidenti Donald Tramp da açıq şəkildə bəyan edib ki, Ukrayna münaqişəsi Baydenin başladığı münaqişədir. Bayden kim idi? Bayden ABŞ strategiyasını həyata keçirən bir şəxs idi. Bu baxımdan qeyd etmək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsində sülhün əldə edilməsi Zelenskinin iradəsindən kənarda olan məsələdir. Ümumiyyətlə, Zelenski hakimiyyətdə qaldığı müddətdə bu münaqişənin həllinin real olmadığını düşünürəm. Çünki Rusiya Prezidenti Zelenskini tərəf kimi qəbul etmir və dəfələrlə onun legitim prezident olmadığını bəyan edib. Bu proseslərdə Rada məsuliyyəti öz üzərinə götürərək irəliyə doğru addım atmalıdır və atır da. Qanunların gündəmə gətirilməsi, Ukraynanın NATO-ya inteqrasiya etməməsi, NATO-ya üzv olmaması ilə bağlı qanunun qəbul edilməsi və neytral status əldə edilərək Qoşulmama Hərəkatına qoşulması istiqamətində addımlar atılmalıdır. Bildiyiniz kimi, Azərbaycan da Qoşulmama Hərəkatının üzvüdür. Qoşulmama Hərəkatının üzvü olan dövlətlər heç bir hərbi bloka qoşulmurlar və münaqişələrdə tərəf tutmurlar. Neytral status nə deməkdir? Azərbaycan istər Ukrayna münaqişəsi olsun, istərsə də Amerika-İran münaqişəsi olsun, bu məsələlərdə tərəf olmadığını bildirir və problemlərin dinc yolla həll olunmasını dəstəkləyir. Bu baxımdan, Ukrayna da bu təşəbbüsü irəli sürməli, neytral status əldə edərək Qoşulmama Hərəkatının üzvü olmalıdır ki, münaqişənin dayandırılması və həlli üçün irəliyə doğru addım atılsın. Çünki Rusiyanın şərtləri qəbul edilməyincə, münaqişə öz həllini tapmayacaq.
“Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya dünyada kifayət qədər nüvə silahına malik olan dövlətdir. Dünyada ən çox nüvə silahına malik dövlətlərdən biri Rusiyadır. Rusiya ilə hər hansı gücün qarşıdurmaya getməsi avantüradır. Bunu biz faktiki olaraq Rusiya-Ukrayna müharibəsində, daha doğrusu, NATO ilə Rusiya arasında gedən qarşıdurmada görürük. Bu, NATO ilə Rusiya arasında gedən müharibədir. Bu müharibədə Rusiya faktiki olaraq qalib tərəfdir və siyasi baxımdan da diktə edən tərəfdir. Rusiya ilə hər hansı gücün qarşıdurmaya getməsi avantüradır. Rusiyanın real gücünü qəbul etməmək və etiraf etməmək də bu avantüranın bir hissəsidir. Rusiya ilə konfrontasiyaya getmək xalqlar üçün bədbəxtlik gətirə bilər. Rusiya ilə dost olmursansa, ən azından düşmən olmamalısan. Amma bu gün Ukraynanı qurban etdilər, onu Rusiya ilə düşmənçiliyə sövq etdilər. İndi isə bunun ən böyük zərərini Ukrayna xalqı çəkir. Niyə? Beş il əvvəl bununla bağlı çağırışlar var idi: Ukrayna NATO-ya daxil edilməsin, NATO Ukraynaya neytral status versin. Ukraynanın prezidenti Yanukoviç bu siyasəti həyata keçirirdi. O, Ukraynanın neytral statusunu qorumağa yönəlmiş siyasət yürüdürdü. Amma Amerika başda olmaqla Qərb 2014-cü ildə Ukraynada dövlət çevrilişi həyata keçirərək xalq tərəfindən seçilmiş prezidenti devirdi və öz şəbəkələrinin nümayəndələrini hakimiyyətə gətirdi. Bundan sonra Ukrayna münaqişəyə sürükləndi. Ukraynanın faktiki olaraq ərazisi işğal olundu, infrastrukturu dağıldı, yüz minlərlə insan həyatını itirdi. İndi isə həmin tərəflər əvvəlki dövrə, Yanukoviç dövrünə qayıtmaq istəyirlər. Sual meydana çıxır: onda bu cür faciəni niyə yaşatdılar? Deməli, Amerikanın nəzərində Ukrayna Rusiyanın ətrafında “qaynar ocaqlar” yaratmaq üçün bir qurban idi. Nəticədə, dediyim kimi, ən böyük ziyanı Ukrayna xalqı çəkdi”, – deyə siyasi şərhçi vurğulayıb.







