Əsas məzmuna keç

Səbail rayon İcra Hakimiyyətinin tabeliyindəki qurumların korrupsiya dosyesi-3-CÜ YAZI

II Salyan döngəsində boşaldılmış torpaq sahələri bir neçə il sonra spekulyativ qruplar tərəfindən yenidən zəbt edilərək plansız yaşayış evləri tikilmiş və vətəndaşlara necə satılmışdır?

(Əvvəli ötən buraxılışlarda)

https://tezadlar.az/sebail-rayon-icra-hakimiyyetinin-tabeliyindeki-qurumlarin-korrupsiya-dosyesi-1-ci-yazi/

https://tezadlar.az/sebail-rayon-icra-hakimiyyetinin-tabeliyindeki-qurumlarin-korrupsiya-dosyesi-1-ci-yazi-2/

…Səbail RİH-in ərazisində rəsmi qurumlar tərəfindən plana salınaraq boşaldılmış və ya neft-mədən ərazisinə aid olan torpaqlarda işbazlar tərəfindən, 149 saylı Mənzil İstismar Sahəsi (MİS) ilə əlbir olaraq, qanunsuz fərdi evlər tikilmiş, vətəndaşlara mülkiyyət hüququ yaratmayan saxta “litsavoy”lar (mənzil hesab vərəqələri) satılmışdır.

Epizod №8:

Cüzi kapitala malik və “Feniks” statuslu şirkətlər vasitəsilə satınalma şəbəkələri.

Harada, nə vaxt, nə baş verib?

Səbail rayonu (Üzeyir Hacıbəyov küçəsi 21 və Əhəd Yaqubov küçəsi 2).

“Maxinasiya”nın adı: “Feniks” rejimi ilə fəaliyyət göstərən shell şirkətlər, tender saxtakarlığı, dövlət vəsaitlərinin paravan subyektlər vasitəsilə mənimsənilməsi.

“Maxinasiya”nın sxemi (MODUS OPERANDI):

Səbail rayon ünvanında qeydiyyatdan keçmiş, cüzi nizamnamə kapitalı olan subyektlər 1-2 il ərzində MKTB və digər dövlət qurumlarından 8,8 milyon manatdan çox iri həcmli tenderlər almış, sonra isə birdən-birə fəaliyyətini dayandırmış (“Feniks” rejimi) və ləğv olunma prosesinə başlamışdır.

Əsas iştirakçılar:

– “Tikinti Təchizat Bərpa” QSC – qanuni təmsilçi: Rauf Əliyev

– “İndiqo” MMC – nizamnamə kapitalı: 40 AZN, təmsilçi: Səbuhi Aslanbəyli

Riyazi göstəricilər bu sxemin sistemli xarakterini təsdiqləyir:

– CCR (Kapital/Müqavilə): 40 /x 8.800.000 = 0.00000455 (Hədd: < 0.05 → kritik) – Fəlakət dərəcəsində disproporpsiya

– HHI (Rəqabət Konsentrasiyası): 3120 (Hədd: > 2500 → yüksək inhisar) – Satınalma bazarının süni cəmləşdirilməsi

– TOR_Gap (Texniki Tapşırıq Boşluğu): 1.0 (Hədd: = 1.0 → riskli) – MİS və məktəb tikintisində iş həcminin gizlədilməsi

Dəymiş ziyan:

8.800.000 AZN dəyərində satınalma portfelinin riskli paravan subyektlər üzərindən keçirilməsi; təxmini riskli hissə ~2.640.000 AZN (30% risk əmsalı ilə).

Epizod №9:

Söküntü-Kompensasiya Mexanizmində Korrupsiya Riskiləri (II Salyan Döngəsi və Qəzalı Bina Söküntüləri):

Harada, nə vaxt, nə baş verib?

«Bakı şəhərinin 2040-cı ilədək Baş Planı» çərçivəsində Səbail rayonu ərazisində: II Salyan döngəsi, Salman Mümtaz küçəsi 30 və 34, Dağlıq küçəsi 24, I Buxta döngəsi 39, Bayıl və 20-ci yaşayış sahəsi (Neftçi Qurban və Xanlar küçələri).

“Maxinasiya”nın adı: Söküntü-kompensasiya prosesində yerli hakimiyyətin subyektiv müdaxiləsi və maliyyə manipulyasiyası.

 “Maxinasiya”nın sxemi (MODUS OPERANDI):

2014-cü ildə Avropa Oyunları və infrastruktur layihələri (Su İdman Sarayına yol çəkilişi) ilə əlaqədar dövlət tərəfindən 30-a yaxın ailəyə kompensasiya ödənilərək sökülmüş evlərin yerində.

II Salyan döngəsində boşaldılmış torpaq sahələri bir neçə il sonra spekulyativ qruplar tərəfindən yenidən zəbt edilərək plansız yaşayış evləri tikilmiş və vətəndaşlara satılmışdır.

Bu hal dövlət büdcəsi üçün ikili zərər riski yaradır: gələcəkdə həmin ərazidə dövlət ehtiyacları üçün söküntü aparılarkən dövlət eyni torpaq sahəsinə görə ikinci dəfə kompensasiya ödənişi etmək məcburiyyətində qalacaqdır.

Digər korrupsiya riskləri:

– Kompensasiya qiymətlərinə müdaxilə: Mərkəzi zonalarda kvadratmetr üçün kompensasiya məbləği 2500–3000 AZN civarında müəyyən edildiyi halda, müstəqil qiymətləndiricilərin fəaliyyətinə RİH nümayəndələri tərəfindən təzyiq göstərilir, qiymətlər süni şəkildə aşağı salınır.

– Ödənişlərin gecikdirilməsi: Vətəndaşlara mənzil təklif olunarkən (köhnə mənzildən əlavə +20 kvm. verməklə) müvəqqəti kirayə haqlarının ödənilməsində podratçı şirkətlərlə RİH arasında qeyri-rəsmi sövdələşmə riskləri yaranır.

– İnşaat icazələrinin kommersiyalaşdırılması: Sökülmüş qəzalı binaların yerində özəl tikinti şirkətləri tərəfindən yeni yaşayış komplekslərinin inşası üçün icazə sənədlərinin rəsmiləşdirilməsində RİH-in tənzimləyici rolundan şəxsi maraqlar üçün istifadə edilir.

Dəymiş ziyan: Dövlət tərəfindən təkrar kompensasiya ödənilməsi riski (milyonlarla AZN); vətəndaşların mülkiyyət hüquqlarının pozulması; şəhərsalma intizamının pozulması.

Epizod №10:

Dövlət Satınalmalarında (Tenderlərdə) Şəffaflığın Olmaması və Vergi Borcu Olan Subyektlərin İştirakı:

Harada, nə vaxt, nə baş verib?

Səbail MKTB tərəfindən mənzil fondunun əsaslı təmiri, xüsusi geyim, dəftərxana ləvazimatları və təsərrüfat mallarının satınalınması üzrə dövlət satınalmaları portalında mütəmadi olaraq tenderlər elan edilmişdir.

“Maxinasiya”nın adı: Vergi borcu olan qurum tərəfindən tenderlərin keçirilməsi, potensial maraqların toqquşması, qanunvericiliyin pozulması.

 “Maxinasiya”nın sxemi (MODUS OPERANDI):

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi satınalma müsabiqələrində iştirak edən iddiaçıların vergi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmamasını, habelə lazımi maliyyə-texniki imkanlara, təcrübəyə və işçi qüvvəsinə malik olmasını tələb edir. Lakin:

– Özünün külli miqdarda, yəni 1,44 milyon AZN vergi borcu olmasına baxmayaraq MKTB tərəfindən belə  satınalmaların həyata keçirilməsi tam qanun pazuntusu və cinayətdir.

– Tenderlərdə minimal nizamnamə kapitalına malik, maddi-texniki bazası sübut olunmayan, yaranma tarixi bir neçə ay əvvələ təsadüf edən şirkətlərin iştirakına qanunsua olaraq şərait yaradılmışdır.

– Vergi borcu olan podratçılar da tamamilə qanuna zidd olaraq müsabiqələrə buraxılmış və qalib elan edilmişdir.

Bu, isə rəqabət mühitini aradan qaldırır, qiymətlərin süni şişirdilməsinə və büdcə vəsaitlərinin podratçı ilə sifarişçi arasında qeyri-rəsmi bölünməsinə zəmin yaradır. Nəticədə podratçı təşkilatlar keyfiyyətsiz iş görür və ya işləri ümumiyyətlə, kağız üzərində “təhvil alırlar” ki, bu da rayonun mənzil fondunun və infrastrukturunun real vəziyyətinin pisləşməsi ilə nəticələnir.

Dəymiş ziyan: Büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi; rəqabət mühitinin pozulması; keyfiyyətsiz tikinti-təmir işləri; mənzil fondunun və infrastrukturun deformasiyası.

 DƏYMİŞ ZİYANIN HƏCMİ VƏ STRUKTURU (təxmini):

– MKTB-nin vergi və sığorta borcu üzrə əməliyyat və müqavilə həcmi 1.436.693,54 AZN təşkil edir, bu da dövlət büdcəsinə 1.436.693,54 AZN birbaşa ziyan deməkdir.

– MKTB əmlakının məhkəmə müsadirəsi üzrə əməliyyat həcmi 71.800 AZN olub, 71.800 AZN dəyərində dövlət texnika fondunun itkisi ilə nəticələnmişdir.

– Badamdarda 9,4 ha torpaq zəbti üzrə əməliyyat həcmi qeyri-maddidir (strateji torpaq), torpağın bazar dəyəri üzrə dəymiş təxmini ziyan isə ~2.000.000 AZN təşkil edir.

– 239 saylı məktəb tikintisi mənimsəməsi üzrə ayrılmış təxsisat məbləğindən təxminən ~300.000 AZN mənimsənilmişdir.

– Səbail Bələdiyyəsinin rüşvət fondu üzrə tələb olunan məbləğ 10.000 AZN olmuş, bunun 8.000 AZN-i maddi sübut kimi götürülmüşdür.

– “Feniks” şirkətlərin tender portfeli üzrə əməliyyat həcmi 8 milyon 800 min  AZN olub, 30% risk əmsalı ilə təxmini ziyan ~2 milyon 640 min AZN qiymətləndirilir.

– 149 saylı MİS tərəfindən saxta “litsavoy” satışı üzrə əməliyyat həcmi müəyyən edilməmişdir, lakin yüzlərlə vətəndaşa sosial-maddi zərər vurulmuşdur.

– II Salyan döngəsində təkrar kompensasiya riski üzrə əməliyyat həcmi müəyyən edilməmişdir, lakin ehtimal olunan ziyan milyonlarla AZN təşkil edir.

– Söküntü-kompensasiya riski üzrə ziyan ölçülə bilməz, yüzlərlə ailənin kompensasiyasız qalma riski mövcuddur.

*Cəmi  təxmini əməliyyat həcmi 10 milyon 318 min 493 AZN, cəmi təxmini ziyan isə 6 milyon 456 min 493 AZN olaraq qiymətləndirilir…

n

 AŞKAR EDİLMİŞ QIRMIZI BAYRAQLAR (Sırf Səbail Üzrə)

“Birinci qırmızı bayraq” Epizod 1-də MKTB-nin 1,44 mln vergi borcuna görə texnikalarının müsadirəsi ilə təzahür edir və Bakı İnzibati Məhkəməsinin 2025-ci il qərarı ilə analitik təsdiqini tapır.

“İkinci qırmızı bayraq” Epizod 2-də RİH 1-ci müavininin saxta sertifikat şantajına görə qovulmasıdır və Xalidə Bayramova barəsində Baş Prokurorluq təqdimatında öz əksini tapır.

“Üçüncü qırmızı bayraq” Epizod 3-də bələdiyyə sədri və hüquqşünasının *161* qaynar xətt əməliyyatı ilə rüşvətlə həbsidir; Mübariz İbrahimov və Arif Əlizadə 8.000 AZN rüşvətlə tutulmuşdur.

“Dördüncü qırmızı bayraq” Epizod 4-də Badamdar su anbarı zolağında 9,4 ha torpağın saxta sənədlə zəbt edilməsidir və Səbail Rayon Prokurorluğu tərəfindən cinayət işi açılmışdır.

“Beşinci qırmızı bayraq” Epizod 5-də 149 saylı MİS tərəfindən SOCAR torpağında saxta “litsavoy” satılmasıdır və 300-dən çox evin kompensasiyasız söküntü şantajına məruz qalması ilə müşahidə olunur.

“Altıncı qırmızı bayraq” Epizod 6-da Fəvvarələr meydanında qanunsuz tikintinin Şəhərsalma tərəfindən sökülməsidir; səkilərin zəbtinə RİH tərəfindən göz yumulmuşdur.

“Yeddinci qırmızı bayraq” Epizod 7-də 239 saylı məktəb tikintisində “SNT-İnşaat” tərəfindən mənimsəməyə yol verilməsidir; CM 179 və 313-cü maddələr üzrə cinayət işi açılmışdır.

“Səkkizinci qırmızı bayraq” Epizod 8-də cüzi kapitala malik “Feniks” şirkətlərin iri tender portfeli toplamasıdır; analitik göstəricilər CCR = 0.00000455 və HHI = 3120 təşkil edir.

“Doqquzuncu qırmızı bayraq” Epizod 9-da II Salyan döngəsində təkrar kompensasiya riskinin yaranmasıdır; dövlət tərəfindən ikinci dəfə kompensasiya ödənilməsi təhlükəsi mövcuddur.

“Onuncu qırmızı bayraq” Epizod 10-da vergi borcu olan subyektlərin tenderlərdə iştirak etməsidir; bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin pozulmasını göstərir.

TƏKLİFLƏR:

Tələb olunan Təxirəsalınmaz Tədbirlər:

1.Səbail MKTB və Müsadirə Olunan Əmlakların Auditi:

Hesablama Palatası və Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Səbail MKTB-nin 1,44 milyonluq borc yaranma səbəbləri və müsadirə olunan texnikaların hərrac satış marşrutları tam inspeksiya olunmalıdır. Büdcə vəsaitlərinin mənimsənilməsində təqsirli olan vəzifəli şəxslərin dairəsi müəyyən edilməlidir.

2.Badamdar Su Anbarı və 20-ci Sahə Torpaq Zəbtlərinin Təftişi:

Əmlak Məsələləri Dövlət Xidməti və Səbail Rayon Prokurorluğu tərəfindən Badamdar 3-cü massivdə 9,4 ha su anbarı torpaqlarını saxtalaşdıran və MİS 149 vasitəsilə saxta “litsavoy” satan şəxslərin məsuliyyəti təmin olunmalıdır. Açıq geoinformasiya (GIS) xəritəsi tərtib edilməli, köhnə tarixlərə verilmiş saxta icra və bələdiyyə sənədləri tam inventarlaşdırılaraq hüquqi müstəvidə ləğv edilməlidir.

3.Fəvvarələr Meydanı və Şəhərsalma Şəffaflığı:

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu ərazisində RİH-in şifahi tapşırıqları ilə piyada səkilərində tikilən qanunsuz artırma obyektlərinin sökülməsi və ictimai alanların bərpası davam etdirilməlidir. Şəhərsalma icazələrinin verilməsi proseduru tam rəqəmsallaşdırılmalı və şəffaflaşdırılmalıdır.

4.Tender Portalında Avtomatlaşdırılmış Filtrasiya:

Dövlət Satınalmaları portalında vergi borcu olan və ya texniki-maliyyə imkanları yetərsiz olan podratçıların avtomatik kənarlaşdırılması üçün vergi borcu və maliyyə göstəriciləri üzrə çarpaz yoxlama filtrləri tətbiq olunmalıdır. CCR < 0.05 olan şirkətlər avtomatik kənarlaşdırılmalıdır.

5.Söküntü və kompensasiyanın müstəqilləşdirilməsi:

Qəzalı binaların söküntüsü və kompensasiya paylanması prosesi yerli icra hakimiyyətinin subyektiv mülahizələrindən çıxarılaraq müstəqil qiymətləndiricilərin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birbaşa nəzarəti altında vahid rəqəmsal reyestr vasitəsilə həyata keçirilməlidir.

6.MİS Sisteminə Nəzarətin Gücləndirilməsi:

149 saylı MİS və digər MİS-lərin “litsavoy” vermək səlahiyyətləri məhdudlaşdırılmalı, mənzil hesab vərəqələrinin elektron reyestrə keçirilməsi təmin edilməlidir.

  1. Cinayət-Hüquqi araşdırmanın dərinləşdirilməsi:

Səbail MKTB-nin maliyyə əməliyyatları, “Feniks” rejimli şirkətlərin (40 AZN kapitalı olan) 8,8 milyon AZN tender portfeli, Səbail Bələdiyyəsi rüşvət sxeminin bütün iştirakçıları və 239 saylı məktəb tikintisindəki mənimsəmə üzrə cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən hərtərəfli araşdırılmalıdır.

Mövzuya qayıdılacaq.

Əvvəlki yazıda qeyd etdiyimiz kimi, bu araşdırma yazısı dərc edilməmişdən əvvəl Səbail RİH-nə mövqe bildirilməsi üçün göndərilmişdir, lakin RİH-nin mətbuat xidməti cavab verməmiş, «Lazım olanda cavab veriləcək» deyə müəmmalı və mövqe bildirilmişdir.

Rəsmilərin mövqeyi olarsa, dərc etməyə hazırıq.

“Təzadlar”ın Araşdırma Qrupu

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…