Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Aprel 2025 / 14:34

Şəbəkə marketlərində uğura gedən yol

 Veysəloğlu Şirkətlər Qrupu, MŞ və TŞİİB-dən jurnalistlərə “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda araşdırma müsabiqəsi keçirir. Bir jurnalist kimi mən də bu müsabiqəyə qoşularaq mövzu ilə əlaqədar öz araşdırma yazımı təqdim edirəm.

“Bizim üçün dayanıqlılıq yalnız trend olan bir kəlmə deyil”

Biznes fəaliyyətinə 1992-ci ildə biskvit-peçenye məhsullarının topdan ticarəti ilə başlayan Aydın Veysel oğlu Talıbov, 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana ilk iri həcmli idxalını həyata keçirməyə nail olub. Beləliklə də “Veysəloğlu” distribusiya şirkətinin, o cümlədən gələcəkdə yaranacaq Veysəloğlu Şirkətlər Qrupunun əsası qoyuldu.

Şirkətlər Qrupu 2000-ci ildən başlayaraq istehsalat sektorunda kağız dəsmal, şokolad, un məmulatları və içməli su istehsalı sahələrində biznes təşəbbüsləri ilə çıxış etdi. Qrup 2001-ci ildə ölkənin ən böyük şokolad fabrikini – “Ulduz”u qurdu. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları da istehsal edir. Unlu məmulatların istehsalı üzrə ixtisaslaşmağa davam edən Qrup, 2016-cı ildə “Xonça” şirniyyat fabrikini təsis etdi. Müştərilərinə ketrinq xidməti və dondurulmuş məhsullar təqdim edən “VİP-Prod” fabriki isə 2022-ci ildən xidmət göstərir  Sovet İttifaqının çöküşü ilə fəaliyyətini dayandıran “Sirab” mineral sular zavodunun yenidən qurularaq ölkə iqtisadiyyatına qazandırılması istiqamətində xüsusi səylər göstərən sahibkar investor kimi, 2002-ci ildə zavodun bərpa olunmasında iştirak etdi. Veysəloğlu Şirkətlər Qrupu, həmçinin 2023-cü ildən ölkənin ən qədim mineral su brendi olan “Badamlı” mineral sular zavodunun investorlarından biridir.

Uğurlu biznes fəaliyyəti ilə iqtisadiyyata verdiyi töhfələrə görə, 2 fevral 2018-ci ildə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən, “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, iş həyatında əldə etdiyi geniş təcrübələri ilə həm öz ölkəsində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmışdır.

İş aləmində dəyərlərinin ədalətlilik, etibarlılıq, təşəbbüskarlıq, məsuliyyət, birlik və bütünlükdən ibarət olduğunu bildirən Aydın Talıbov media nümayəndələrinə öz çıxışında Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan iqtisadiyyatına verdikləri töhfələrdən bəhs edərək bunları da qeyd etmişdir:

– “Ərzaq təhlükəsizliyi, davamlılıq və yeni iş yerlərinin yaradılması kimi məsuliyyətli öhdəlikləri mənimlə paylaşan və çiyin-çiyinə addımladığım iyirmi altı mindən çox üzvü olan Veysəloğlu ailəsinin hər bir fərdinə təşəkkür edirəm. Son dövrlərdə hər il 2000-nə yaxın yeni iş yeri yaratmışıq və bu da mənim üçün uğur göstəricilərindən biridir. Əməkdaşlarımıza layiqli iş şəraitinin yaradılması və ölkəmizin əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi prioritetimizdir.

Bizim işimiz yalnız biznes deyil. Cəmiyyət və ətraf mühit ilə bağlı məsuliyyətimizi ciddi qəbul edir və dayanıqlılığa töhfə veririk. Nümunə üçün deyim ki, qapalı anbarımızda tullantıların yenidən emalı, proseslərin kağızsız həyata keçirilməsi kimi yanaşmaları tətbiq edirik. Bizim üçün dayanıqlılıq yalnız trend olan bir kəlmə deyil, bu, işimizin hər mərhələsində yaratdığımız dəyərdir.

Vizyonumuz fəaliyyət göstərdiyimiz bütün sahələrdə lider olaraq, müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verən, ölkənin sosial-iqtisadi və dayanıqlı inkişafı üçün dəyər yaradan, Azərbaycanda və regionda etibar qazanmış müasir şirkətlər qrupu olmaqdan ibarətdir.

Missiyamız isə müştərilərimizi münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək, əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərimizi yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir. Bu böyük məqsədə xidmət etmək bizim üçün bir şərəf işinə çevrilmişdir”.

Şəbəkə marketləri və ərzaq təhlükəsizliyi

Pərakəndə satış sahəsində sahibkarlıq fəaliyyətlərinə maraq göstərən Şirkətlər Qrupu ilk marketçilik təcrübəsini 2010-cu ildə “Bolmarket” mağazasını quraraq əldə etdi. Bu təcrübə, “Veysəloğlu”nun marketçilik sahəsində ilk cəhdi olmaqla şirkətə dəyərli təcrübələr qazandırmış və gələcək marketçilik layihələrinə istiqamət vermişdir.

Şəbəkə mağazaçılıq sektoruna 2011-ci ildə “Araz” supermarketlər brendini yaradaraq daxil olan Şirkətlər Qrupu, daha sonra, 2014-cü ildə ölkəyə ilk dəfə beynəlxalq pərakəndə markasının, SPAR-ın gətirilməsinə nail oldu. Ölkə əhalisinin hər birinə xidmət göstərməyi hədəfləyən Qrup, 2016-cı ildə yüksək endirimli (hard-discount) mağazaçılıq modelini – “OBA” marketlər şəbəkəsini yaratdı. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan “Favorit” şəbəkə marketlərini satın alaraq pərakəndə ticarət şəbəkəsini daha da genişləndirdi. Şirkətlər Qrupu 2022-ci ildə Almaniya brendi olan “Rossmann” mağazalar şəbəkəsini yerli istehlakçılara təqdim etdi.   Hazırda ölkə üzrə 1600 saydan çox pərakəndə satış nöqtəsi ilə əhaliyə xidmət göstərən Şirkətlər Qrupu şəbəkə marketçilik sahəsində ölkə üzrə qabaqcıl mövqeyə malikdir.

Bəs şəbəkə marketinqi nədir?

Şəbəkə marketinqi, bir şirkətin məhsullarını və ya xidmətlərini satmaq üçün istifadə etdiyi satış və marketinq strategilayalarından biridir. Burada şirkətin məhsul və xidmətlərinin satışını həyata keçirmək istəyən distributorlar etdikləri satış müqabilində eyni zamanda cəlb etdikləri və təlim keçdikləri əlavə distributorların satışlarından komisyon qazancları əldə edirlər.

Şəbəkə marketinqində məqsəd, işi böyüməyə kömək edə bilən bir distributor şəbəkəsi yaratmaqdır. Hədəf, keyfiyyətli məhsulların və ya xidmətlərin satışına əsaslanan davamlı və uzunmüddətli bir biznes qurmaqdır. Bu model dünyada bir çox məşhur şirkətlər tərəfindən istifadə edilən bir qanuni biznes modelidir.

Şəbəkə marketləri planlı sistem quraraq, məhsul çatışmazlığının qarşısını alır. Belə marketlər məhsulların keyfiyyətinə ciddi nəzarət edir, onları müasir standartlara uyğun saxlayır və istehlakçılara təhlükəsiz ərzaq məhsulları təqdim edirlər. Şəbəkə marketləri xüsusilə yerli istehsalçıların təhlükəsiz məhsul təqdim etməsinə nəzarət edərək, bazarda ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Beynəlxalq təcrübə göstərir ki, şəbəkə marketlərinin yerli istehsalın inkişafında rolu olduqca böyükdür.

Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi  Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır.

Ölkənin ümumi iqtisadi inkişafının səviyyəsi əhalinin qidalanma səviyyəsi ilə xarakterizə olunur. Ölkə əhalisinin ərzaq məhsulları ilə təmin olunması sоsial həyatın iqtisadi strukturun həyat qabilyyətliliyinin səviyyəsinin önəmli müəyyənləşdirici kriteriyasıdır.

Ərzaq çatışmazlığı prоblemini yaradan səbəblərə misal olaraq təbii fəlakətləri, ölkədə baş verən iqtisadi böhranları, müharibələri, ictimai quruluşda edilmiş radikal dəyişiklikləri, ərzaq istehsalı оbyektlərinin və əhalinin ölkə ərazisinə görə qeyri-prоpоrsiоnal yerləşməsini və s. göstərmək olar.

XX əsrdə beynəlxalq ticarətin inkişafı nəticəsində ərzaq prоblemi bir sıra dövlətlərin digərləri üzərində siyasi təzyiq edə bilməsi üçün vasitəsiyə çevrilmişdir. Bu cür ölkələr mütəmadi olaraq  digər ölkələrdəki ərzaq prоblemini öyrənir və eyni zamanda öz əhalisinin ərzaqla təmin olunma səviyyəsini maksimum səviyyədə saxlayaraq, öz bazar paylarını digər ölkə bazarlarında bacardıqları qədər genişləndirməyə çalışırlar ki, bu da ixracatçı ölkələrə idxalçı ölkələr ilə qarşılıqlı əlaqələr zamanı yumşaq təsir vasitələri (ixrac subsidiyaları, gömrük problemləri, qiymət siyasəti və s.) ilə yanaşı,  həmçinin sərt tədbirlərin (idxala qоyulan qadağalar, iqtisadi sabоtaj, embarqо və s.) tətbiqinə imkan verir.

Ərzaq təhlükəsizliyi ölkə iqtisadiyyatının elə bir stuasiyasını özündə xarakterizə edir ki, əhalinin fəal və sağlam yaşam tərzi keçirə bilməsi üçün ərzaq məhsullarına olan lazımi miqdarda tələbatını mövcud imkanlar hesabına ödəyə bilsin.

Sual yaranır ki, bəs, ərzaq baxımından təhlükəsizliyi təmin etmək üçün nə lazımdır?

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına, fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini – əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.

Göründüyü kimi, ərzaq təhlükəsizliyi cəmiyyət üçün ölkələrarası əlaqələr müstəvisində  suverenliyin təmin olunmasının əsas şərtidir. Beləliklə, ərzaq təhlükəsizliyi dövlətin iqtisadi təhlükəsizliyin əsas vahidi olmaqla yanaşı, eləcə də ekоlоji və siyasi təhlükəsizliyinin mühüm elementidir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə əhalisinin istehlak qabiliyyəti və emalın artırılması ilə qarşılıqlı şəkildə əlaqəli оlduğundan bu prоses dövlət büdcəsindən, ölkənin maliyyə imkanlarından da asılı hala düşür. Bu səbəbdəndir ki, sоn dövrlərdə bu vacib prоblemin həll edilməində beynəlxalq təşkilatlar – Avrоpa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fоndu (BVF), Yenidənqurma və İnkişaf Bankı (BYİB) və s. təşkilatlar da yaxından iştirak etmişdir.

Ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, absurd fikirdir. O mənada ki, dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100 % təmin edə bilməz.

İdxalsız keçinmək mümkün olmadığı kimi, xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də əsla, real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin bazarlarına nəzər salmaq kifayətdir. Söhbət, ABŞ, Avropa Birliyinin bəzi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı üçün tələb olunan təbii şəraiti və texnoloji imkanları geniş olan ölkələrdən gedir.

Azərbaycan isə bu gün elə növ ərzaq məhsulları idxal edir ki, bunları özümüz də tam istehsal edə bilərik. Ərzaq təhlükəsizliyi əslində məhz, buna xidmət etməlidir.

Bu səbəbdən, ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan Respublikasının Hökuməti iki mərhələdən ibarət olan strategiyanın həyata  keçirilməsini öz öhdəsinə götürmüşdür:

  1. İslahatlar aparıldığı müddətdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün qısa müddətli və orta müddətli keçid tədbirlərinin tətbiqi. Bu əsasən özəl fermer təsərrüfatçılığına və sahibkarlığa kömək göstərilməsi vasitəsilə təmin edilir.
  2. Ərzaq təhlükəsizliyi sahəsində uzunmüddətli tədbirlərin başlıca məqsədi Azərbaycanın kənd təsərrüfatının gəlirliliyinin və rəqabət qabiliyyətinin artırılmasını, eləcə də onun beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmasını nəzərdə tutur.

Bu səbəbdəndir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi şəbəkə marketlərinin fəaliyyətinin ən vacib aspektlərindən biridir.

Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya

Şəbəkə marketləri yalnız istehsalçı və istehlakçı arasında vasitəçilik funksiyasını yerinə yetirmir, həm də məşğulluq bazarına mühüm təsir göstərir. Bu sahə minlərlə insan üçün yeni iş yerləri yaradır. Xüsusilə, qadınlar və gənclər üçün satış, logistika və marketinq sahələrində geniş imkanlar mövcuddur. Həmçinin, şəbəkə marketlərindəki yeni iş yerləri yüksək gəlir əldə etmək üçün insanları daha keyfiyyətli iş şəraitinə və müasir iş metodlarına yönəldir. Marketlərdə satılan məhsulların keyfiyyətinə nəzarət dövlət qurumları tərəfindən daha effektiv şəkildə həyata keçirilir, bu da istehlakçı məmnuniyyətinin artmasına səbəb olur. Məhz bu səbəbdəndir ki, Veysəloğlu Şirkətlər Qrupunun 2023-cü ildə başlatdığı qadınların cəmiyyətdəki rolunun möhkəmləndirilməsi və xüsusilə qadınların “OBA” marketlər şəbəkəsindəki karyera inkişafına diqqət çəkən “Qadının Gücü” adlı layihəsi ilin ən yaxşı sosial məsuliyyət layihəsi seçilmişdir.

Logistikanın inkişafı və şəbəkə marketləri

Azərbaycanda şəbəkə marketləri müasir logistika sistemləri ilə təchiz olunmuşdur. Logistikanın optimallaşdırılması tədarük zəncirinin hər bir mərhələsində xərclərin azaldılmasına və ümumilikdə iqtisadiyyatın səmərəliliyinin artırılmasına səbəb olur. Logistika fərdi istehsalçılara kiçik regionların hüdudlarına çıxmağa və ölkə üzrə bütün istehlakçılara məhsul təklif etməyə imkan yaradır. İşğaldan azad edilmiş torpaqlarımızda müxtəlif marketlər şəbəkələrinin yaratdığı filiallar ölkəmizdə yaradılan müasir logistikanın göstəricilərindəndir.

Onu da qeyd etmək lazımdır ki, “Veysəloğlu” şirkəti 2001-ci ildə Mingəçevir şəhərində ilk regonal logistika mərkəzini qurdu. Beləliklə, ölkədə anbar sistemində ilk dəfə “Rollcage” sistemini tətbiq edən şirkət, 2006-cı ildə Salyan şəhərində digər regional logistika mərkəzini yaratmışdır. Bununla yanaşı “Veysəloğlu” şirkəti 2007-ci ildə Bakı şəhərinin Keşlə ərazisində 6700 palet tutumlu və ölkənin ilk peşəkar anbarının əsasını qoymuşdur. “Veysəloğlu” şirkəti həmçinin həmin il ölkədə ilk dəfə təchizat zəncizində avtomatlaşdırılmış anbar sistemini də tətbiq etdi. Eyni zamanda Şirkətlər Qrupu 2017-ci ildə Abşeron rayonunun Məhəmmədi kəndində Qafqazın ən böyük logistika mərkəzini və ilk A+ tipli anbarını istifadəyə verdi. Məhəmmədi Logistika Mərkəzi hər gün 64000 kilometr yol qət edərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırır.  Ümumiyyətlə, Şirkətlər Qrupunun Azərbaycan və Gürcüstanın bir çox bölgələrində xidmət göstərən çox sayda ofisləri 24 saat ərzində müştərilərə vaxtında çatdırılmanı təmin edir.

Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi

Azərbaycanın iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun genişləndirilməsi və yerli istehsalın gücləndirilməsi mühüm yer tutur. Bu baxımdan, şəbəkə marketlərinin rolu təkcə istehlakçıların gündəlik tələbatını qarşılamaqla məhdudlaşmır, eyni zamanda yerli istehsalçılar üçün geniş bazar imkanları yaradır.

Pərakəndə sektorun güclənməsi kiçik və orta sahibkarların məhsullarını daha geniş auditoriyaya çatdırmasına, kənd təsərrüfatı və emal sənayesinin inkişafına və bütövlükdə, ölkə iqtisadiyyatının böyüməsinə şərait yaradır. Yerli istehsalın təşviqi eyni zamanda işsizlik səviyyəsinin azaldılmasına və iqtisadiyyatın şaxələndirilməsinə də kömək edir.

Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Belə ki, gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.

Şəbəkə marketləri, kiçik və orta bizneslərin inkişafı

Şəbəkə marketləri kiçik və orta sahibkarlar üçün etibarlı satış kanalı rolunu oynayır. Əgər əvvəllər yerli istehsalçılar öz məhsullarını daha çox bazarlarda və kiçik mağazalarda satışa çıxarırdılarsa, indi böyük marketlər onlara yeni imkanlar təqdim edir.

Xüsusilə, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa marketlərə çatdırılması vasitəçi sayını azaldır və məhsulların maya dəyərini optimallaşdırır. Bu, həm istehsalçılar üçün daha çox qazanc əldə etmək imkanı yaradır, həm də istehlakçılar üçün daha keyfiyyətli və sərfəli məhsulların əlçatanlığını artırır. Bu proses eyni zamanda istehsalın intensivləşməsinə və təchizat zəncirinin daha səmərəli idarə edilməsinə imkan verir.

Ölkəmizdə şəbəkə marketlərinin fəaliyyəti kənd təsərrüfatı və yüngül sənaye məhsullarının istehsalını artırmaq üçün böyük potensiala malikdir. Dövlət tərəfindən sahibkarlara dəstək proqramları, vergi güzəştləri və maliyyələşdirmə mexanizmləri tətbiq edildikcə, şəbəkə marketlərinin yerli istehsalçıları dəstəkləməsi daha məqsədəuyğun olacaq.

Ölkəmizdə mikro, kiçik və orta biznesin inkişafını dəstəkləmək, sahibkarlara bir sıra xidmətlər göstərmək, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə KOBİA (Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ) yaradılmış və dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilmişdir. Məqamında bildirim ki, KOB publik hüquqi şəxs olmaqla İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”na əsasən mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək Agentlik tərəfindən təmin olunur.

İqtisadiyyatın dayanıqlı inkişafı və şəbəkə marketləri

Şəbəkə marketlərinin yerli istehsal ilə əlaqələrini gücləndirərək ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etmək mümkündür.

Ümumilikdə, şəbəkə marketlərinin inkişafı təkcə pərakəndə ticarət sektorunu deyil, bütövlükdə ölkə iqtisadiyyatını gücləndirən əsas amillərdən biridir. Bu sahənin strateji inkişafı yerli sahibkarların bazara inteqrasiyasını artırmaqla, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verərək istehlakçıların daha keyfiyyətli məhsullara çıxışını təmin edir.

AQTA və digər requlyatorların şəbəkə marketlərinin inkişafının rolu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə yaradılmış AQTA-nın (Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) fəaliyyətindəki əsas məqsəd əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsi və bununla da qida mənşəli xəstəliklərin əhəmiyyətli dərəcədə azalması, habelə kənd təsərrüfatı və qida məhsullarının məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişaf etmiş ölkələrin bazarlarına ixrac həcminin artırılmasına nail olmaqdan ibarətdir.

Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçririr. Bu səbəbdəndir ki, Agentlik mütəmadi şəkildə şəbəkə marketlərində yoxlamalar apararaq satılan məhsulların keyfiyyətini, saxlama şəraitini, istehsal tarixini yoxlayır.

Sonda onu da qeyd etmək istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel 2025-ci il tarixdə – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilmişdir. Konfransda AHİK tərəfindən keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” və “Uğurlu kollektiv müqavilə” müsabiqələrinin 2024-cü il üzrə qalibləri mükafatlandırılıb. Veysəloğlu Şirkətlər Qrupu hər iki nominasiya üzrə mükafata layiq görüldü.

Rövşanə Nağıyeva

(Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur).

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!