Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

«Təzadlar»a təqdim edilmiş həmin müraciəti olduğu kimi təqdim edirik:
«Sözüm şuşalılaradır!
Əziz şuşalılar, Sizə xatırlatmaq istərdim ki, XX əsrin əvəzolunmaz musiqi tədqiqatçısı Firidun Şuşinskinin 20 oktyabr 2025-ci il tarixdə anadan olmasının 100 illiyidir.
Firidun Şuşinski Azərbaycanın dilbər guşəsi olan, Sizin qürurla adını çəkdiyiniz, uzun müddət düşmən tapdağı altında inləmiş Şuşa şəhərində anadan olub. Siz bilirsiniz ki, Firidun bəy Şuşanın düşmən tapdağı altında qaldığına dözməyərək dünyasını dəyişdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-i Azərbaycan xalqına müraciətində Şuşa şəhərinin artıq erməni işğalından azad edildiyini bəyan edərək, Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsini verdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycanın siyasi, hərbi və mənəvi qələbəsini tamamladığını bəyan etməklə, xalqın iradəsini bir daha nümayiş etdirdi.
Firidun bəy bu müqəddəs müjdəni çox arzulayırdı, lakin təəssüflər olsun ki, Cənab Prezidentin bu xoş müjdəsini görə bilmədi.
F.Şuşinski yeganə musiqi tədqiqatçısıdır ki, həyatının 30 ildən çoxunu Azərbaycanda XIX-XX əsrlərdə yaşamış muğam ifaçılarının tədqiqində və təbliğində təmənnasız xidmətlər göstərmişdir. Ümumiyyətlə, F.Şuşinski tədqiqat aparmaq üçün ömür boyu dövlətdən heç bir maliyyə vəsaiti almamışdır. F.Şuşinski, həmçinin uzun müddət radio və televiziyada da muğam ifaçılığı haqqında verilişlər aparırdı. O, nəinki musiqisevərlərin, hətta adi azərbaycanlı tamaşaçısının da sevimlisinə çevrilmişdi. Həmin tamaşaçılar Firidun müəllimin müəllifi və aparacısı olduğu “İfaçılıq sənəti”, “Muğam axşamı” verilişlərini səbirsizliklə gözləyirdilər.
F.Şuşinskinin həyatı mənə 1937-ci il repressiyasının qurbanı olmuş ədəbiyyatşünas, folklorçu Salman Mümtazı xatırlatdı. S.Mümtaz da atasından qalan var-dövləti ədəbiyyatımızın, folklorumuzun və onun yaradıcılarının üzə çıxarılıb, xalqımıza tanıtdırılmasına sərf etmisdi. Onun da bir çox kitabı çap olunmuş, lakin işıq üzü görməyən neçə-neçə əlyazması tonqallarda yandırılmış, özü isə “vətən xaini” kimi repressiyaya məruz qalmışdı.
S.Mümtaz bəraət alandan xeyli müddət sonra kitabları yenidən nəşr olunmuşdur. Bu zaman məlum olmuşdu ki, tədqiqatçının yoxluğundan istifadə edən bəzi “görkəmli alimlərimiz” S.Mümtazın əziyyətlə topladığı əlyazmalara öz imzalarını qoyub, nəşr etdirmiş və nəticədə “professor”, ”akademik” adı almışlar. Artıq o vaxtdan neçə illər keçib, sular durulub, haqq yerini tapıb.

F.Şuşinski dünyasını dəyişəndən sonra yeni musiqi “tədqiqatçılar”ı, “musiqişünaslar” meydana çıxmış və onun minbir əziyyətlə toplayıb nəşr etdirdiyi yazılarını oğurlamışlar. Həmin “hazırın naziri” olan imza müəllifləri çox zaman “professor”, “akademik” adları daşıyanlardır.
Cənab Şuşanın ziyalıları və Firidun bəyi tanıyanlar! Sözüm Sizlərədir. Bu sətirləri yazanda Mirzə Cəlili xatırladım. Qeyri-ixtiyari olaraq aşağıdakı ifadələr qarşımda bir-birinin ardınca düzülməyə başladı: -Sizi deyib gəlmişəm, ey xalqının qeyrətli ziyalılarına xor baxan cənablar! O kəsləri deyib gəlmişəm ki, mənim bu sərt fikirlərimi xoşlamayıb, bəhanə ilə gedirlər. Hara getdikləri də məlumdur. Kimi ekstrasens yanına, kimi alt paltarlarını televiziya ekranlarına nümayiş etdirənlərin, kimi arvad kimi saçlarını qaraldıb, üzlərini min cür hala salanların verilişlərinə baxmağa tələsir, kimi üzlərinə ənnik-kirşan vurmaq üçün “gözəllik” salonuna, kimi də “oxuduğu” və “danışığı” məlum olmayan “şou əhlindən ləzzət” almağa. Çünki hökm edənlər buyurublar.
Bir zaman gələcək, F.Şuşinskini yaddan çıxarmaq istəyənlər özləri bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər. Onu unutdurmaq arzusunda olanlar nə vaxtsa öz hərəkətlərinə görə tarix qarşısında cavab verməli olacaqar. Bu cür nadanlar adlarını xanəndə qoyub, muğamları, el havalarını, bəstəkar mahnılarını oxuyarkən hoqqabazlıq edənlərdir. Ustadlarımızın bizə miras qoyduğu xəzinəni yaddan çıxartmağa cəhd edənlər o şəxslərdir ki, bu xalqın çörəyini yeyib, sərvətinə xor baxanlardır. Onlar muğamdan öz mənafeləri üçün istifadə edənlərdir. Həmin şəxslər musiqi haqqında hər hansı bir yazı hazırlayanda F.Şuşinskidən qalaq-qalaq cümlələr oğurlayıb, mənbəyini göstərməyənlərdir. Bu cür şəxslər musiqişünasın cismani yoxluğundan istifadə edib, onun fikirlərini, cümlələrini, böyük abzaslarını, yazılarını mənimsəyənlərdir.
F.Şuşinski belələrinə qarşı barışmaz mövqedə dururdu, onlara “süfrənin artığını yeyənlər” deyirdi. O, çəkinmədən sözü üzə deməklə yaltaqlara, musiqimizə xor baxanlara, səsi olmayanlara, muğamın guşələrni bilməyən, lakin özünü muğam ustası sayanlara qənim kəsilər, onları bu yoldan uzaqlasdırmağa çalışırdı. O, belə xanəndələrə “muğama dürtülənlər” deyirdi.
Firidun Şuşinski ömrünün sonuna yaxın muğam tariximizin 200 illik bir dövrünü əhatə edən, vaxtilə televiziya və radio dalğalarında çıxışları, ömürboyu tədqiqat apardığı, vərəqələrə köçürtdüyü və yeri gəldikcə mətbuat səhifələrinə çıxardığı yazıları bir araya yığıb, nəşr etdirmək qərarına gəlir. Firidun Şuşinskinin yaradıcılığını daim diqqət mərkəzində saxlayan dünya şöhrətli bəstəkar Fikrət Əmirov yazırdı: “Firidun Şuşinski həm bir alim, musiqişünas, həm də şəxsiyyət kimi aləmdir, əvəzsiz və bircədir, misilsizdir. Deyir və düşündürür. Biz Azərbaycan millətinin inkişafı və sağlamlaşması naminə Firidundan muğayat olmalıyıq”.
Ustad sənətkar haqlı idi. Firidun bəy kimi xalqına qəlbən yanan, onun musiqi tarixinə bütün varlığı ilə bağlanan tədqiqatçının yenidən həyata gəlməsi uzun illər çəkəcək. Lakin biz onu qoruya bildikmi? Xeyr! Qorumaq əvəzinə, onu məhv etdik. Bəli, biz onu bilə-bilə, görə-görə məhv etdik.
Əziz şuşalılar!
Sizə yenidən xatırladım ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Beynəlxalq Muğam Mərkəzi” Firidun Şuşinskinin ən böyük arzularından biri idi. Çox yaxşı haldır ki, “Beynəlxalq Muğam Mərkəzi” şəhərimizin mərkəzində yerləşir. Sevindirici haldır ki, hər bura daxil olan şəxs XIX-XX əsrlərin muğam ifaçıları ilə rastlaşır. Ağ mərmərə bürünmüş bu sənətkarların xalqımız tərəfindən tanınmasında Firidun Şuşinskinin əvəzsiz xidmətləri olmusdur. Yaxşı olardı ki, ömrünün 40 ilini bu unudulmaz sənətkarların həyat və yaradıcılığına sərf etmiş Firidun Şuşinskinin büstü də həmin ustad sənətkarların yanında yerləşdirilsin. Axı F.Şuşinski olmasaydı, Muğam Mərkəzində həmin şəxslərin büstləri də oranı bəzəməyəcəkdi. Məgər əvəzolunmaz musiqi tədqiqatçısının-alimin anadan olmasınım 100 illiyində Firidun Şuşinskinin yaşadığı evin qarşısında xatirə lövhəsi, həyatı qədər sevdiyi doğma Şuşada adına küçə qoymaq, əsərlərini nəşr etdirmək bu qədərmi çətindir?
İnanmaq istərdik ki, aidiyyəti qurumların rəhbərləri Prezident Adminstrasiyasına bu barədə müraciət edəcəklər. İnanmaq istərdik ki, Sizlər bu təşəbbüsün avanqardı olacaqsınız. Qoy bunlar anadan olmasının 100 illiyi ərəfəsində Firidun Şuşinskinin adının əbədiləşdirilməsinə hər birimizin təmənnasız və vətənpərvər cəhdi olsun. Axı, onun buna haqqı vardır! İndi onun ruhu bizimlədir!».
REDAKSİYADAN: İNANIRIQ Kİ, USTAD SƏNƏTKARIN-MUSİQİŞÜNAS ALİMİN, TƏDQİQATÇININ ANADAN OLMASININ 100 İLLİYİ ƏRƏFƏSİNDƏ HAQQI OLDUQLARI ÖZ YERİNİ TUTACAQ!