Almaniyada işgüzar və yeni il qabağı səfərdəyəm. Tanınmış tarixçi alim, hörmətli həmkarım prof. Eva-Mariya Auxun qonağıyam. Bu haqda hələ yazacağam.
Berlinə gəldiyim gün Bakıdan, AR Mediyanın İnkişafı Agentliyindən zəng edib mənim “Azərbaycan milli mətbuatının 150 illik (1875-2025) Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif olunduğumu bildirərək, özümün, yaxud kiminsə gəlib medalı götürməyimi xahiş etdilər. Rəfiqəm gedib medalı götürdü. Bu qədər sadə! Birdən-birə çox qarışıq hisslərin burulğanına düşdüm…
Jurnalistikanı özümə peşə seçdiyim vaxt dəqiq yadımdadır. 6-cı sinifdə idim. Sonralar universitetdə müəllimim olacaq Nurəddin Babayevin “Oğluma məktublar” publisistik oçerklər kitabını oxuyub müəllifin kimliyini öyrənmişdim. Məktəbə tez getdiyimdən 16 yaşında abituriyent olmuşdum. O vaxt ADU-nun Jurnalistika fakültəsinin ilk qəbulu idi və məktəblilərə (iş stajı olmayanlara) bu fakültəyə daxil olmaq icazəsi sənədlərin qəbuluna 1 gün qalmış verilmişdi. Həmin o bir günü gözləmişdim, qəbul olunmuşdum və universiteti fərqlənmə diplomu ilə bitirmişdim. Dünyagörüşümə təsir qoymuş müəllimlərim olub. Mətbuat tarixinin tədqiqatçısı kimi yolumu böyük ustadım Şirməmməd Hüseynov açıb. Namizədlik dissertasiyamı Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində, məşhur Y.N.Zasurskinin kafedrasında müdafiə etmişəm.
Müəllimlərimə böyük Minnətdarlıq hissi ilə!
Kiçik bir müddət mətbuatda çalışmışam. Azərbaycanın ərəb əlifbasında çıxmış mətbuatı və ölkəmizdə olan ərəb qrafikalı mətbuata dair Azərbaycan, ingilis və fars dillərində Bakıda, Londonda və Tehranda nəşr olunmuş 3 mükəmməl biblioqrafiyanın müəllifiyəm. Mətbuat tarixinə dair tədqiqatlarım var. Peşəkar tarixçi kimi fəaliyyətə başlayandan sonra da Azərbaycan tarixinin populyarlaşdırılması məqsədilə daim dövrü mətbuatda nəşr olunuram, peşəmlə əlaqəmi saxlamağa çalışıram. Azərbaycan mətbuatının bu möhtəşəm tarixi günündə mənim də kiçik zəhmətimi qiymətləndirən hər kəsə təşəkkürümü bildirirəm.
Azərbaycan Mətbuatı Azərbaycanın müasir dövlətçilik tarixinin ən mübariz, ayrılmaz və əvəzolunmaz tərkib hissəsidir. Azərbaycanda maarifçilik hərəkatının əsasını Azərbaycan Mətbuatı qoyub. Modern Azərbaycanın ictimai-siyasi, tarixi-fəlsəfi, ədəbi-bədii fikri Azərbaycan mətbuatında yaranıb. “Azərbaycan” kəlməsinin özü Arazın bu tayına bir linqvistik, coğrafi və siyasi anlam kimi Azərbaycan mətbuatı səhifələrində gətirilib. Azərbaycanın ən görkəmli siyasi, ictimai, dövlət adamları jurnalist olublar.
Azərbaycan sovet mətbuatı ideoloji çərçivələr daxilində belə Ana dili, Milli ruhu və Vətən sevgisi isə kütlələrin ruhuna və varlığına hakim kəsilib, neçə-neçə Azərbaycanlılar nəsli yetişdirib.
Azərbaycan Respublikasının öz milli dövlətçiliyini bərpa etdiyi dönəmdə – 90-cı illərdə Azərbaycan mətbuatı özünün görünməmiş bir renessans mərhələsini yaşayıb. O dövrün mətbuatı hələ araşdırılmayıb.
Azərbaycan mətbuatının keçdiyi bu uzun və şərəfli yola Böyük Ehtiramla!
XXI əsrin 20-ci illərində Azərbaycan Respublikası müstəqil dövlətçiliyinin ən yüksək zirvəsini fəth etdi! 30 ilə yaxın işğal altında olan ərazilərini qaytardı, yağı düşməni öz torpaqlarından qovdu! Xalqı, Ordusu, Lideri ilə dünya ölkələrinin qarşısına çıxdı! Regionun aparıcı qüvvəsinə çevrildi.
Azərbaycan Mətbuatı öz 150 illiyini belə bir şəraitdə qeyd edir, amma bu bayramın gətirdiyi sevincin ağrılı nöqtələri var. Bu qədər özünə güvənli, inamlı ölkədə bir dəstə Azərbaycan jurnalisti məhbəsdədir! Aralarında qərəzsizliyinə, obyektivliyinə, vətənpərvərliyinə inandığım adamlar var. Qalanlarını tanımıram, çoxunun adını həbsə alındıqdan sonra eşitmişəm. Xüsusilə qadın jurnalistlərin məhbusluğu çox üzücüdür. Bəzilərinin həbsdən yazılarını oxumuşam, qələmlərinə, istedadlarına, inam və iradələrinə şübhəm yoxdur. Amma, etiraf edim ki, hisslərim ikilidir. Dünyanın nizamı pozulduğu, Güc anlamının bütün beynəlxalq qanunların fövqünə keçdiyi, öz suverenliyinin təsdiqinə can atan ölkələrə qarşı açıq müharibə aparıldığı son dərəcə mürəkkəb, ziddiyyətli dövrdə Azərbaycan dövlətçiliyinin təhlükəsizliyi, qorunması və möhkəmlənməsi hər bir Azərbaycan vətəndaşının, o cümlədən Azərbaycan jurnalistinin əsas qayəsi olmalıdır!
Azərbaycan jurnalisti bu qədər həssas məqamda ən ali dəyərlər adı altında belə özünün Vətəninə, Ölkəsinə, Dövlətçiliyinə qarşı hər hansı gözəgörünməz oyunlara cəlb olunmasına yol verməməlidir.
Ölkə başçısı böyük Əfv Fərmanı imzalayacaq. Ümid edək ki,həbsdə olan Azərbaycan jurnalistlərinin də adı o siyahılarda yer alacaq və bu yubiley Peşə bayramlarını onlar da azadlıqla, öz həmkarları ilə birlikdə qeyd edəcəklər.
Azərbaycan Milli Mətbuatının banisi, Mükafatını öz Vicdanından alan Böyük Zərdabinin ruhu qarşısında Səcdə ilə!
Azərbaycan mətbuatının saflığı, peşəkarlığı və mübarizliyi yolunda canların qurban vermiş, qətlə yetirilmiş jurnalistlərin ruhuna dərin Hörmətlə!
Azərbaycan Mətbuatının riyakarlıqdan, qərəzdən, xəbislikdən uzaq, Ləyaqətli və Şərəfli gələcəyinə böyük İnamla!
Mətbuatımızın 150 illik bayramımız mübarək!
SOLMAZ RÜSTƏMOVA-TOHİDİ,
PROFESSOR, TARİXÇİ ALİM