Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Avqust 2026 / 22:03

“Toyota”nın tarix yazan rəhbəri dünyasını dəyişdi

Yaponiyanın “Toyota” avtomobil konserninin keçmiş rəhbəri Hiroşi Okuda 94 yaşında vəfat edib.

Tezadlar.az xarici KİV-ə istinadla bildirir ki, ailənin istəyi ilə dəfn mərasimi qapalı şəkildə keçiriləcək və yalnız ailə üzvləri iştirak edəcək. Anım mərasimi və ya digər vida tədbiri ilə bağlı planlar isə hələ müəyyənləşdirilməyib.

Okuda “Toyota”ya 1995-ci ildən 2006-cı ilə qədər rəhbərlik edib və təxminən 30 ildən sonra şirkətin qurucu ailəsinə mənsub olmayan ilk rəhbər olub. O, konsernin sükanı arxasına yenin möhkəmlənməsi səbəbindən ixracın ciddi zərər gördüyü çətin dövrdə keçib.

Yaponiyadan asılılığı azaltmaq üçün Okuda ABŞ, Avropa və Asiyada yeni zavodların tikintisinə üstünlük verib. Bu strategiya istehsalın iki dəfə artmasına və “Toyota”nın milli brenddən qlobal avtomobil nəhənginə çevrilməsinə imkan verib.

Onun rəhbərliyi dövründə şirkətin dünya üzrə satışları təxminən 70 faiz artıb. 2009-cu ildə isə “Toyota” “General Motors”u geridə qoyaraq dünyanın ən böyük avtomobil istehsalçısına çevrilib.

Okudanın ən mühüm nailiyyətlərindən biri 1997-ci ildə “Toyota Prius” modelinin bazara çıxarılması olub. Dünyanın ilk kütləvi istehsal olunan hibrid avtomobillərindən biri sayılan “Prius”un planlaşdırılandan bir il əvvəl təqdim edilməsində məhz Okuda israr edib. Məqsəd “Toyota”nı ekoloji innovasiyalarda öncül brend kimi möhkəmləndirmək olub və bu qərar sonradan hibrid texnologiyaların inkişaf istiqamətinə ciddi təsir göstərib.

Bundan başqa, Okuda nüfuzlu Keidanren biznes assosiasiyasına rəhbərlik edib və baş nazir Koidzuminin iqtisadi şurasında təmsil olunub. O, sərt və açıq idarəçilik üslubu, eləcə də şirkətdəki ənənəvi qaydaları, o cümlədən qurucu ailənin təsirini tənqid etməkdən çəkinməməsi ilə yadda qalıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!