“…ABŞ-nin bir neçə yüz xüsusi əməliyyat qüvvəsi Yaxın Şərqə çatıb. Onlar İranla müharibədə prezident Donald Trampa və orduya əlavə seçim imkanı verir”. Tezadlar “AzadlıqRadiosu”na istinadla bildirir ki, martın 29-da “The New York Times” qəzeti bu barədə yazıb. Xəbər adı çəkilməyən iki ABŞ rəsmisinə istinadla yayılıb. Komandolara hələlik münaqişədə konkret rollar verilməyib. Onların artıq regionda olan 50 min əsgərə qoşulacağı, regiona minlərlə dəniz piyadası və elit desantçının da göndərildiyi bildirilir. Qəzet komandolara “Army Rangers” və “Naval SEALs” qüvvələrinin daxil olduğunu yazır.
Variantlar arasında İranın əsas neft terminalı olan Xarq adasının ələ keçirilməsi ehtimalı da var. ABŞ ordusu həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün yollar axtara bilər. Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan İran boğazı faktiki bağlayıb. Xəbərə görə, hərbi ekspertlər xəbərdarlıq edirlər ki, hətta 50 minlik əsgər belə böyük quru əməliyyatı üçün azdır. 2003-cü ildə İraqı işğal edən ABŞ koalisiyasının sayı başlanğıcda 250 minə yaxın idi, – “Times” yazır.