Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Tramp ötən ay Ankarada keçirilən NATO Zirvəsindən qayıdarkən gizlicə təyyarə dəyişdirdiyi barədə xəbərləri təsdiqləyib. Məxfi Xidmətin təlimatlarına əməl etdiyini deyən Tramp “Əslində uçduğum təyyarənin daha böyük risk altında olduğunu düşünürəm” deyib. İddialara görə, ötən ay NATO Zirvəsi üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Tramp İrandan qaynaqlanan sui-qəsd təhlükəsi səbəbindən ölkəni prezident təyyarəsi əvəzinə C-32A hərbi təyyarəsi ilə tərk edib və “Air Force One” təyyarəsindən yem kimi istifadə edilib. Bildirilib ki, Tramp ərzaq daşımaq üçün istifadə edilən nəqliyyat vasitəsində təyyarəyə aparılıb.
Tezadlar.az xəbər verir ki, Amerika mətbuatında yer alan məlumata görə, ABŞ kəşfiyyat orqanları İranla əlaqəli qüvvələrin prezident təyyarəsini hədəf alan xüsusi bir planını aşkar edib. Buna görə də, Prezident Tramp ötən ay Türkiyədə keçirilən NATO Zirvəsindən sonra Ankaradan ayrılarkən hərtərəfli təhlükəsizlik əməliyyatı keçirib. Televiziya kameraları qarşısında Tramp mavi-ağ Boeing 747-nin pilləkənlərindən qalxıb, izdihama əl yelləyib və keçmiş prezident təyyarəsi olan Air Force One-a minib. Bir neçə dəqiqə sonra o, az sayda yüksək vəzifəli məmurun müşayiəti ilə təyyarələrə qida və iaşə ləvazimatları yükləmək üçün istifadə edilən qaldırıla bilən xidməti yük maşınına minib.

Əməliyyat hər kəsdən gizli saxlanıldı
Daha sonra xidməti nəqliyyat vasitəsi Prezident Trampı uçuş-enmə zolağında gözləyən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus modifikasiya edilmiş Boeing 757 C-32A təyyarəsinə aparıb. “Reach 18” çağırış işarəsindən istifadə edən təyyarənin əsas izləmə transponderləri söndürülüb. Beləliklə, media nümayəndələrini və Ağ Evin bəzi işçilərini daşıyan Air Force One təyyarəsi Trampın əsl marşrutunu gizlətmək üçün “yem” kimi istifadə edilib.

“Washington Post” qəzetinin və mənbələrin əldə etdiyi sənədlərə görə, əməliyyat jurnalistlərdən və hətta Trampın başqa bir təyyarədə olduğunu bilmədən Air Force One təyyarəsinə minən bəzi Ağ Ev işçilərindən gizli saxlanılıb.
Trampı daşıyan gizli C-32A təyyarəsi daha sonra saat 22:20-də İngiltərənin Suffolk şəhərindəki RAF Mildenhall hava limanına enib. Orada Tramp gizli şəkildə əsas prezident təyyarəsinə köçürülüb və daha sonra Britaniya bazasındakı personalı qarşılamaq üçün onun yanında peyda olub.

Təhlükəsizlik mübahisələri
Vaşinqton Trampın 8 iyulda köhnə Air Force One təyyarəsi ilə Türkiyəni tərk etdiyini açıqlayıb. Tramp özü sosial media hesabı Truth Social-da bildirib ki, onu Türkiyəyə aparan Qətərin hədiyyə etdiyi yeni Boeing 747-8 təyyarəsi əvəzinə köhnə Air Force One təyyarəsindən istifadə edəcək. Ankaradan ayrılmazdan əvvəl Tramp bir paylaşımda köhnə, kiçik mavi Air Force One təyyarəsini “köhnə günlər naminə” İngiltərədəki RAF Mildenhall-a aparacağını bildirib. Həmçinin yeni təyyarənin eyni bazaya göndəriləcəyi və orada yerləşən ABŞ əsgərlərinin oraya baş çəkə biləcəyi bildirilib. Qətər tərəfindən bağışlanan və Ankarada keçirilən NATO Zirvəsi üçün istifadə edilən yeni prezident təyyarəsinin sürətli təkmilləşdirilməsi və qiyməti müzakirə mövzusuna çevrilib və onun təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradıb. Ağ Evin Kommunikasiya Direktoru Stiv Çeunq iddialarla bağlı açıqlamasında yeni prezident təyyarəsinin Tramp və komandasının təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik protokolları ilə təchiz olunduğunu bildirib.
Digər tərəfdən, keçmiş prezident Bill Klintonun da 2000-ci ildə Pakistana səfəri zamanı oxşar taktikadan istifadə etdiyi qeyd olunur.
ELBAR