Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ uzun müddətdir İrana qarşı sanksiyalar tətbiq edir və bu sanksiyalar İran iqtisadiyyatına ciddi təsir göstərir. 2015-ci ildə, Demokratlar Partiyasının hakimiyyəti dövründə Barak Obama administrasiyası İranla münasibətlərdə müəyyən yumşalma siyasəti həyata keçirirdi. ABŞ İrana qarşı tətbiq olunan bəzi sanksiyaları yumşaltmış, İran isə uranın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək barədə razılığa gəlmişdi. Lakin 2018-ci ildə Donald Trampın hakimiyyətə gəlməsindən sonra iki ölkə arasındakı münasibətlər yenidən kəskinləşdi. Ümumiyyətlə, Respublikaçılar Partiyasının İrana münasibətdə daha sərt mövqe nümayiş etdirdiyi müşahidə olunur. Hazırkı İran-ABŞ qarşıdurmasının da Tramp administrasiyasının siyasəti fonunda daha da dərinləşdiyini görürük. Hadisələrin gedişi və aparılan təhlillər onu göstərir ki, İranla ABŞ Demokratları arasında müəyyən gizli danışıqlar və anlaşmaların olması ehtimalı nəzərdən keçirilə bilər. Çünki Hörmüz boğazının bağlanması və İranda həyata keçirilən hərbi əməliyyatlar Tramp administrasiyasının reytinqinə ciddi zərbə vurub. Bu proses həm beynəlxalq ictimaiyyətdə Trampa qarşı tənqidi münasibəti artırıb, həm də ABŞ daxilində ciddi narazılıqlara səbəb olub. Qarşıda Konqresə aralıq seçkiləri var. Hadisələrin təhlili göstərir ki, İran Tramp administrasiyasının şərtləri əsasında razılaşmaya getmək istəmir”.
Bu fikirləri Tezadlar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ-İran qarşıdurmasında Hörmüz boğazı artıq tərəflər arasında əsas təzyiq rıçaqlarından birinə çevrilib. Tehranın boğazın açılması məsələsində sərt mövqe nümayiş etdirməsi göstərir ki, İran bu strateji marşrutdan yalnız təhlükəsizlik deyil, həm də siyasi danışıqlarda üstünlük əldə etmək vasitəsi kimi istifadə etməyə çalışır. Vaşinqtonun isə İranın şərtlərini qəbul etməməsi qarşıdurmanın diplomatik müstəvidə həllini daha da mürəkkəbləşdirir.
Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazının açılması üçün Tehranın irəli sürdüyü müəyyən şərtlər var və İran bu tələblərini beynəlxalq hüquqa əsaslandırır: “Tramp isə bu şərtləri qəbul etmir. Nəticədə, Hörmüz boğazında yaranan vəziyyət dünya iqtisadiyyatına ciddi risklər yaradır və bu da Trampın reytinqinin aşağı düşməsinə səbəb olur. Əgər qarşıdakı seçkilərdə Demokratlar ciddi uğur qazanarsa, Trampın siyasi imkanları məhdudlaşa, hətta impiçment məsələsi də gündəmə gələ bilər. Bu baxımdan, İranın ABŞ ictimaiyyətində Trampın reytinqinin aşağı düşməsinə və Demokratların seçkilərdə mövqelərinin güclənməsinə şərait yaradan siyasi davranış nümayiş etdirdiyi düşünülə bilər. Yəni İranın hazırkı mövqeyi dolayısı ilə Demokratların mövqelərinin güclənməsinə, Respublikaçıların isə zəifləməsinə səbəb ola bilər. Ona görə də hesab edirəm ki, İranla ABŞ Demokratları arasında müəyyən ortaq anlaşmanın olması ehtimalı istisna edilə bilməz. Tarixə nəzər saldıqda da görürük ki, 2015-ci ildə Demokratların hakimiyyəti dövründə ABŞ-ın İrana münasibəti daha loyal idi. İrana qarşı tətbiq olunan sanksiyalar yumşaldılmış, Tehran isə bunun qarşılığında uranın zənginləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə razılaşmışdı. Trampın siyasəti isə xüsusilə İsrailin maraqları ilə üst-üstə düşür. Ümumilikdə, Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-nin İran siyasətində İsrailin mövqeyi ilə ciddi paralellər müşahidə olunur. Hesab edirəm ki, Tramp İsrailin maraqlarına uyğun siyasətin həyata keçirilməsində aktiv rol oynayır və bu baxımdan İranın müqavimət göstərməsi Demokratların siyasi mövqelərinin güclənməsinə xidmət edə bilər. Tramp hər vəchlə İranla razılaşma əldə etməyə və bunu ABŞ ictimaiyyətinə öz diplomatik qələbəsi kimi təqdim etməyə çalışır. O, dəfələrlə açıq şəkildə Hörmüz boğazının açıq olduğunu və burada heç bir problemin olmadığını bəyan edir. Lakin faktiki olaraq boğazda gəmilərlə bağlı insidentlərin baş verməsi və gəmiçilik üçün risklərin gündəmdə qalması vəziyyətin fərqli olduğunu göstərir. Məsələ ondadır ki, İran Trampın irəli sürdüyü şərtləri qəbul etmir. Bu mövqenin davam etməsi isə qarşıdakı seçkilərdə Respublikaçıların mövqelərinə mənfi təsir göstərə bilər. Hörmüz boğazında yaranan vəziyyətlə yanaşı, İranda aparılan hərbi əməliyyatın nəticələri ilə bağlı müzakirələr də Tramp administrasiyasına əlavə təzyiq yaradır. ABŞ ekspertlərinin verdiyi məlumatlara görə, əməliyyata təxminən 100 milyard dollar xərclənməsi ilə bağlı iddialar səsləndirilir. Bu isə ABŞ ictimaiyyətində ciddi suallar doğurur və administrasiyadan xərclərlə bağlı hesabat tələb olunmasına səbəb ola bilər. Nəticədə, bu vəziyyət Demokratların əlində Respublikaçılara qarşı istifadə edə biləcəkləri əlavə siyasi arqumentlər yaradır. Demokratlar da bundan maksimum siyasi dividendlər əldə etməyə çalışırlar. Hesab edirəm ki, burada İranla Demokratlar arasında müəyyən siyasi anlaşmanın mövcudluğu ehtimalı araşdırılmalıdır. Vaxtilə Demokratların hakimiyyəti dövründə ABŞ-İran münasibətlərində yumşalma prosesinin mümkün olması da bu ehtimalı gündəmə gətirir. Trampın hakimiyyətə gəlməsi və İsrailin təzyiqi ilə bu münasibətlər köklü şəkildə dəyişib. Bu baxımdan, İranın hazırkı müqaviməti dolayısı ilə Demokratların siyasi mövqelərinin güclənməsinə xidmət edə bilər”.