Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“The Economist” “Ukraynada müharibə bitsə, mübarizə Avropada başlayacaq” sərlövhəli yeni məqalə dərc edib. Tezadlar.az “Avropa həqiqətləri”nə istinadla xəbər verir ki, məqalədə bildirilir ki, Rusiya və ABŞ arasında aparılan danışıqlar Avropada narazılıq yaradıb — çünki avropalılar növbəti sülh danışıqlarından yenə də kənarda qalıblar. Nəşrin yazdığına görə, Ukrayna, bəlkə də, Kreml ilə Ağ Ev arasında ilkin mərhələdə hazırlanan “şübhəli razılaşmadan” yayınmaqla yaxşı edib. Bununla belə, bir gün — və ümid olunur ki, tezliklə — həm Ukraynanın, həm də Rusiyanın qəbul edəcəyi razılaşma tapılacaq. Bu, müəyyən mənada yüngüllük gətirsə də, Ukraynanın Avropadakı qonşuları üçün bir sıra narahat nəticələr doğuracaq. “Müharibə qitənin birliyini canlandırdı. Müharibə bitəndən sonra isə birliyin zəifləməsi gözlənilir”, — deyə The Economist yazır.
Məqaləyə görə, müharibə başa çatdıqdan sonra Şərqi Avropa ölkələri Rusiyaya qarşı daha sərt təzyiq tələb edəcəklər. Qərbi Avropa ölkələri isə hərbi xərcləri azaltmağa və normal həyata qayıtmağa çalışacaqlar. Jurnal həmçinin vurğulayır ki, müharibə dövründə Ukraynaya qarşı mövcud olan müsbət münasibət də dəyişə bilər. Müharibə bitdikdən sonra gündəmə gələcək əsas suallardan biri ukraynalı qaçqınlarla bağlı olacaq: onlar 2022-ci ildə tərk etdikləri ölkəyə qayıdacaqlarmı? Növbəti fikir ayrılığı isə Ukraynanın bərpası məsələsində ortaya çıxacaq. The Economist qeyd edir ki, əsas sual – ölkənin yenidən qurulmasını kim maliyyələşdirəcək? Avropanın planına görə, Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edilməlidir. Lakin ABŞ-ın təqdim etdiyi 28 maddəlik sülh planında bu aktivlərdən Ukraynaya yatırılacaq investisiyalardan ABŞ-ın 50% gəlir götürməsi nəzərdə tutulur ki, bu da yeni mübahisələr yaradır. Məqalədə son olaraq Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi də müzakirə olunur. The Economist qeyd edir ki, ölkədə baş verən korrupsiya qalmaqalı ilə yanaşı, müharibə bitdikdən sonra Ukraynanın Aİ-yə üzvlüyü gündəmdən çıxa bilər, çünki “sülh dövründə bunun zəruriliyi artıq görünməyə bilər”