Unudulmuş unudulmaz Teyyub Qurban-91
Test yazı. Bu bizik?!
Çox təəssüf edirəm ki, dövlətin və onun mediasının, Azərbaycan Yazıçılar Birliyi kimi təşkilatların heç birinin onun bu günkü doğum günü xatırlanmır. Görəsən, insan daha artıq nə etməlidir ki, o, unudulmasın.?! Çətindir, bu həyatda yaşamaq….
Bu gün M.Ə.Rəsulzadə irsinin gözəl araşdırmaçısı, onun sonbeşiyi Azəri tapmaq üçün Karaqandaya qədər gedən mübariz insan, müsavatçı Teyyub Qurbanın doğum gündür.
Şair, dramaturq və həm də publisist olan Teyyub Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdu. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirir. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır.
Şəxsiyyət idi. Və Azərbaycan tarixində yeganə şəxsiyyətdir ki, eyni müəllif tərəfindən onun haqqında bütün ədəbi janrlarda əsər yazılıb. Azərbaycan ədəbiyyatında yeganə bir müəllif var ki, eyni şəxs haqqında bütün ədəbi janrlarda əsər yazıb.
Həmin şəxsiyyət Məhəmməd Əmin Rəsulzadə, həmin müəllif Teyyub Qurbandır.! M.Ə.Rəsulzadə şəxsiyyəti haqqında pyes yazmış və “Dönməzlik” adlı pyesi tamaşaya qoyulmuşdur. Bu, M.Ə.Rəsulzadəyə həsr olunmuş ilk povest idi.
Bəli, Teyyub Qurban bu millətə M.Ə.Rəsulzadəni tanıdan ilk şəxs olub.! Bu mənada Teyyub Qurban M.Ə.Rəsulzadəni bizlərə tanıdan ilk qaranquşdur. Nəsiman Yaqublu və digər tarixçilər Teyyubdan sonra onu təbliğ etməyə başlayıblar. Üstəlik deməliyəm k, Teyyub Qurban hələ SSRİ dönəmində vəzifəsini, həyatını risqə atıb xalq hərəkatına qoşulmuş tək -tük ziyalılraımızdandır.
“RƏSULZADƏ özü elə bir bayraqdır”.-deyən Teyyub Qurban rəsulzadə nəslin vurğunu idi. Bu nəslin acısını ömrünün sonuna kimi qəlbində gəzdirdi. Bir dəfə mənim Novxanı kənd mərkəzindən maşınla qəbirüstünə getməyi təklifi ediləndə Teyyub Qurbanın “Azərin qəbriüstə maşınla getmərəm, piyada gedəcəm” dediyi sözlər bugün də yadımdan çıxmır.
Heydər Əliyev rejiminin daimi tənqidçisi olub. Rejim bayrağın hündürlüyü ilə digər dövlətlərlə yarışanda “Azərbaycanın bayrağını 124 metr hündürlüyə qaldırıb öyünməklə yox, qəlblərdə yaşatmaqla öyünmək lazımdır” sözləri ilə də ona etirazını bildirirdi.
Düz sözə nə deyəsən !? Teyyub Qurban hakimiyyətə qarşı düzgün kəskin mövqedə olduğuna görə kresloçular tərəfindən sevilmirdi. Kitablarını da maaddiyyatdan əziyyət çəkməsinə baxmayaraq min -bir əziyyət və xahişlə çıxardırdı . Amma “Teyyub Qurban əvəzində bir vaxtlar tanımadığımız qəhrəmanları nəinki diriltdi, həm də onları bizlərə sevdirə bildi.”
***
Teyyub Qurbanın həyat və yaradıcılığı 1950-ci ildən 2009-cu ilə qədər olan məhsuldar 59 illik bir dövrü əhatə edir. Teyyub Qurban həyatda da yaradıcılığında da həqiqət axtaran şəxs olub. Buna görə də həmişə ilkin mənbələrlə işləyir, arxiv materiallarında istifadə edirdi. Bu üzdən tədqiqatları ilə bir-çox streotipləri alt-üst edir, həqiqətləri kimin nə deməyindən, nə düşünməyindən asılı olmayaraq üzə çıxardırdı.
Baxanda görürük ki, Teyyub Qurbanın qəhrəmanları böyük şəxsiyyətlər olublar. Nəticə olaraq bu gün onun M.Ə.Rəsulzadəyə həsr etdiyi “Dönməzlik “, Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Yaşayan ömür” poeması, “Düşmənlərindən güclü şəxsiyyət” və ölümündən sonra ərsəyə gələn “Yüz Tələbə ,Yüz Tale ” və başqa digər əsərləri vətənpərvər insanların stolüstü kitablarıdır.
Teyyub Qurban üçün Hacı Zeynalabdin Tağıyev də, qızı Sara Tağıyeva da, o cümlədən Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, M.C.Bağırov və başqaları haqda yazdığı qəhrəmanların hamısı həyatımızda zaman -zaman, bir çox hallarda isə əbədi olaraq aparıcı yer tutan şəxsiyyətlərdir. Adını çəkdiyim böyük xeyriyyəçi,millət atası kimi şöhrət qazanmış Hacı Zeynalabdin Tağıyev haqqında T.Qurbanın publisist yazıları xüsusi olaraq qeyd olunmağa layiqdir. T.Qurban xalqın bu böyük oğlu haqqında, onun qızı Sara xanım haqqında poema da yazmışdır. “Sara” poemasını ayrıca kitab halında çıxara bilmişdi. Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi poema isə “Yaşayan ömür” adlanır ki, poemada Tağıyev şəxsiyyətin obrazı dərin bir məhəbbət və səmimiyyətlə təsvir olunub..
Təbii ki, onunla bağlı mənim xatirələrim çoxdur. Bəzən onunla münasibətlərimizməndən xeyli böyük olmasına baxmayaraq dostluq həddinə qədər gedib çıxırdı. O da, mən də bu dostluğun saflığını, səmimiliyini qoruyub saxlayırdıq. Hətta ən mürəkkəb ədəbi məsələlər ətrafında mübahisələrdə də biz bu səmimiliyə xələl gətirən heç nəyə yol verməmişik. Nadir insanlardan idi Teyyub bəy. Onun söhbətləri, xatirələri nə qədər şirin idi…Mən çətin vaxtlarımda ona zəng edir və onunla söhbətdən sonra özümdə təskinlik tapırdım. O mənə hər dəfə görəcək işlərində, yazılarından bəhs edərdi. Bəzən söhbətlərimiz siyasi mövzuya da çevrilirdi. Son işi Ali Sovet sədri olmuş Elmira Qafarova haqqında idi…Lakin ömür vəfa etmədi… Müsavat partiyasının üzvü kimi kütləvi tədbirlərinin daimi, yorulmaz iştirakçısı olub. Biz onu ən vacib tədbirlərin hamısında yanımızda görürdük …Dəfələrlə xəstə olsa da, ardınca maşın göndərilməyəndə də avtobusa minib tədbirlərimizə gələr və burada alovlu çıxışları ilə iştirakçılara sevinc bəxş edirdi…
Bakının dərdi gələndə “az qala başımı itirirəm” deyirdi. Təsadüfü deyildi ki, o, həm də “Bakı və Kəndlər Birliyi”-nin Mətbuat xidmətinin rəhbəri kimi Bakı sakinlərinin problemlərinin həllinə çalışırdı.
Demək olar həftədə ik- üç dəfə telefonla əlaqə saxlayardıq. Həyat elə gətirmişdi ki, Suraxanı İcra Hakimiyyətində birlikdə də işləməli olduq.
Deyirlər, adətən, sevməyi bacaranlar, həyatları dəyişəndən sonra da sevilərək xatirələrdə yaşayırlar. Teyyub Qurban da milyonların ürəyində ən azından Rəsulzadə sevgisi yaratmaqla, xatirələrdə əbədiləşdi.
Sözardı: Xatırladım ki, o, bir vaxtlar Bakı Pioner və Məktəblilər Sarayında ədəbi yaradıcılıq dərnəyinin rəhbəri (1958-1976), Azərbaycan Xalq Nəzarəti Komitəsində tərcüməçi (1963-1976), komitənin təşkilat şöbəsində təlimatçı (1976-cı ildən), komitənin metodika kabinetinin rəhbəri (1976-1992), Azərbaycan Yazıçılar Birliyinin “Oğuz eli” assosiasiyasının işlər müdiri (1992), yuxarıda yazdığım kimi Suraxanı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini (1992-1993), Bakı və Kəndlər Birliyinin mətbuat xidmətinin rəhbəri (1994-1996) vəzifələrində də çalışıb…
TEYYUB-sözü yaxşı, xoşagələn, savab iş mənasını verir. Teyyub Qurban bu mənaları həyatı ilə doğrulda bildi. O, bu dünyaya elə olduğu kimi gəldi, olduğu kimi də getdi…
91 yaşın mübarək olsun, Teyyub bəy!
Baba Allahnəzərov