Vaqif Səmədoğlu: “Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur”.
Birinci test yazı.
Bir gün Cəlal Əliyev Milli Məclisdə fasilə vaxtı Musa Yaqubun qarşısını kəsərək “Əə, bu nədiəə. Neçə aydı burdasan bir sətir Heydər Əliyevə şeirini görmədik. Bunun adı nədiyee?”
Musa Yaqub bu sözdən sonra məclisdə qalmır, evə gələrək Milli Məclis haqqında özünün məşhur şerini yazaraq bir daha ora qayıtmır.
İsmi: Müsavat
Soy adı: Yaqubov Səfiməməd oğlu
Doğulduğu yer, vaxt və ölümü: Buynuzlu kəndi.10 may 1937-7 may 2021
Mən elə belə adının Müsavat olduğunu yazmamışam. Əsl adı “Müsavat” olub. Atası Səfiməmməd mərd kişi olub. Təsəvvür edin ki, 1937-ci ilin tük salan repressiya ilində oğluna müsavat adı qoymaq hər kişinin işi deyildi. Azərbaycan Cümhuriyyətinin şərəfinə doğulan oğluna qoymuşdu bu adı…Amma sonralar “vat”ı atıblar “Musa” qalıb…Doğulduğu Buynuz kəndinə isə camaat artıq “Musa Yaqubun kəndi” deyir.
İndi oturub, baxıram ki, mənim qələmimin böyüklüyü 20 smdir. Mən şerləri ilə ibadət edən Musa Yaqub böyüklüyünü bu balaca qələmim necə çəkə bilər axı?! Nə yaza bilər axı?!
Ona görə ki, Musa Yaqub uca Tanrıya gedən yolumuzu təbiət diliylə oxuyan şairdir. Çünki Musa Yaqub bir ümmandır və həm də bizim iç dünyamızı, mənəvi və ruhi dramamızı ağ vərəqlərdə ustalıqla çəkib. Çünki təbiətdə təkcə gözəlliyi və sakitliyi yox, böyük dünyanın, yaşadığımız cəmiyyətin fırtınalarını arayan şairlərimizdəndir. Musa Yaqub haqqında yazmaq həm də ona görə çətindir ki, onun haqqında söz demək üçün gərək təbiəti Musa kimi sevəsən, otun, gülün-çiçəyin, dağın, çayın, zəminin, bulağın, meşənin dilini biləsən…Hər şeyə Musa Yaqub gözü ilə baxasan, düşünəsən…
Çətindir həm də ona görə ki, Musa Yaqub vətənin qara daşından da yazır, onu sevir və yenə də sevir. Musa Yaqub bu dünyanın qara daşını dilinə gətirib daşa dönən bəxtimizi bizə sevdirən, inamımıza işıq tutan, insan taleyinə çevirən bir şairə çevrilir və demək istəyir ki, O qara daşı danışdıran da, göyərdən də, onu taleyinə yazan da elə insan özüdür.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.
Musa Yaqub haqsızlıqlarda müxalifət olan, adı kimi müsavat axtaran, çalışan insan idi. Bu axtarışlar zamanı səhv etdikləri anların olduğunu da deyir və boynuna alır. İnsan həyatı boyu səhv etdikləri anları bir daha yaşamaq istəməsə də hər dəfə xatırlayır, sızlayır. Və o “səhv günlər”in birində Musa Yaqubun da “yolu” Milli Məclisə düşür…Əslində bu səhv deyildi.Ona təklif etmişdilər və o da düşünmüşdü ki, “deputat seçilsəm həm rayonumuzda həllini gözləyən, həm də ürəyimdə qalan müəyən məsələlərin reallaşması mümkün olacaq. Düşünürdüm ki, hər iclasda həmin məsələləri qaldıra bilərəm. Əgər Milli Məclisin üzvüyəmsə deməli, dövlətin yüksək vəzifəli şəxsləri ilə təmas qurmaq, onlardan İsmayıllıdakı müəyyən problemlərin həllinə kömək etmələri üçün imkanım olacaq. Namizədliyimi irəli sürəndə bunlardan başqa bir istəyim olmayıb”
Burada haqsızlıqlarla üzləşən və bunun bir daha şahidi olan Millət vəkili Musa Yaqub Milli Məclis haqqında çox sərt bir şeir yazır. Təbii ki, bu şeir bir çox dairələrdə o vaxt etirazla qarşılanmışdı. O, 1996-ci ildə deputat olduğu zaman yazdığı həmin şeirdə deyirdi:
Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.
Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.

Və dərhal da ardınca möhtəşəm “Müxalifət” şerini yazır. Düşün o kürsüdən, çıxın bu zaldan, Qurtaraq ölkəni ağır zavaldan” deyən Musa Yaqub….O, Milli Məclisə 1995-ci il noyabrın 12-də 69 saylı İsmayıllı seçki dairəsindən bitərəf olaraq deputat seçilmişdi. Birinci çağırış Milli Məclisin deputatı kimi parlamentin “Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyası”nın üzvü idi. Musa müəllimin deputatlıq fəaliyyətini yada salanlar yəqin xatırlayarlar, o, parlamentdə bitərəfliyini sonadək qorumağa çalışmışdı.
Gül olub ya gərək solub tökülüm,
Varamsa tikanla müxalifətəm.
Cismimi öldürüb ruhum uçursa,
Cismimdəki canla müxalifətəm.
Zaman ömrüm alır, dövran canımı,
Mən də bu dövranla müxalifətəm.
Demə ki, düzəldi, yox düz əyildi,
Qələm, qələmdanla müxalifətəm
.
Haqqın yolu birsə, qanun mindirsə,
Qanunla, fərmanla müxalifətəm.
Şah taxtı hələ haqq dərgahı deyil,
Mən bəylə, mən xanla müxalifətəm.
Hökmün hüzurunda işlək bəndəyəm,
Demək hökmranla müxalifətəm.
Aldanmış Adəmin parasıyam mən,
Həmişə şeytanla müxalifətəm.
O şeytan çox qəlbə girə bilirsə,
İnsanam, insanla müxalifətəm.
Ələm, tərəziyəm, çəki daşıyam,
Mizansız mizanla müxalifətəm.
Min ildir çağırram vicdan ayılmır,
Ayılmaz vicdanla müxalifətəm.
Şimşək köynəyimi cırıb tökmüşəm,
Çünki asimanla müxalifətəm.
Od canımdan çıxır, tüstü başımdan,
Dağdakı dumanla müxalifətəm.
Qulamsa üsyanım qaynar içimdə,
Şahamsa üsyanla müxalifətəm.
Musa Yaqubun şerlərindən bir eşqin işığı süzülür. Bu eşq, bizim dünyanın yaxşı görməyimiz üçün şəfəq vurur.
Musa Yaquba görə “Dünyanın ömrü EŞQin yaşamağı qədərdi. Belə olduğu üçün ümid də həmişə olacaq. Zəif olsa da, ardınca çatmadıqlarımız olur, amma ölmür ümidlər. Sən o ümidlərə çata bilməsən də kimsə ona yetişəcək. İnsanın özünün-özünə qulaq asmaması isə həm də ümidin ölümüdü, günahın böyüklüyüdür.
Amma Musa Yaquba qədər bütün şairlərin bu dünyanın sirrindən baş çıxarda bilmədiyi kimi Musa Yaqub da baş çıxarda bilmədi..Və naəlac qalıb əllərini yuxarı qaldırdı: “Əslində insanlar bir-birinə yaxşılıq üçün yaranıb. Gör neçə yüzillərdir ki, “Quran” oxunur, nəsihətlər verilir, peyğəmbərin hədisləri deyilir, hamı da bununla razılaşır. Amma qurtaran kimi də yaddan çıxır gedir. Qəbiristana gedirsən ürəyin kövrəlir, düşünürsən ki, bu qırğın-qiyamət nəyə lazımdır, axı, hamımızın gələcəyi yer buradır. Ordan çıxan kimi hər şey unudulur. İnsanlara şeirlə deyirsən, şeiri eşitmir, mehirlə deyirsən, mehri eşitmir, xeyirlə deyirsən, xeyiri eşitmir. Elə bil ki, insanlar eşidilməz qalır….görünür Gülün yanında tikan olduğu kimi yəqin bütün bunlar bu dünya fəlsəfəsidir”.
Musa Yaqub da azadlıq həsrətindəydi.
Salam Ruhum, salam! Salam dustağım!
Hərdən özüm kimi boylanıb göyə,
Qışqırma içimdə azadlıq deyə.
Azadlıq nə gəzir bu yer üzündə.
Bu sözləri Musa Yaqub necə deyə bilərdi?! Çünki Musa Yaqub ruhu azad deyildi, axtarsa da tapa bilmədi…Axtara -axtara nigaran getdi. Bu nigarançılıq ömrünün sonuna kimi, düz 2021-ci ilin 7 mayına qədər davam etdi.
Yay da son bahardan gülümü dərdi,
İndi payızı da qış tələsdirir.
Birinci nəfəsim budaq əyərdi,
İkinci nəfəsim yarpaq əsdirir.
Bu gün onun vəfat günüdür. Düz dörd ildir ki, o, haqq dünyasından bizə yuxarıdan aşağı baxır. Yaqub Peyğəmbərin soyadını daşıyan, 83 il ömür sürən Musa Yaqub kimi dahilər isə hec vaxt ölmürlər, yaşayırlar…Xatırlanırsa, yazdıqlarından öyrəniriksə demək ki, Musa Yaqub yaşayır, Musa Yaqub ölməzdir. Fəzlullah Nəimi demişkən, gedən cismidir, ruhu coxdan onu sevənlərin qəlbinə köcüb, daima yaşamaqdadir…Musa Yaqub bizim iç dünyamızı, mənəvi və ruhi dramamızı, uca Tanrıya gedən yolumuzu təbiət diliylə oxuyan şairdir.
Bu yaxınlarda Müsavatın qurultayqabağı rayon yığıncaqlarının birinə miniklə gedəndə yol yoldaşım Fizuli bəy İsmayıllının yoldan kənarda Buynuzlu kəndini mənə göstərdi. Bir anlığa gözlərim önündə səmada sanki Musa Yaqub siması, cizgiləri cızıldı. Bu sima gözlərim önündən, kənddən uzaqlaşana baxdım, baxdım…Nigaran qaldım. Musa Yaqubun dünyaya boylandığı Buynuzlu kəndinə gedə bilmədim. Hələlik haqqında yazılarla xəcalətimi silmək istəyirəm. Nə vaxtsa günahımı yumaq arzusu iə üç gün sonra mən bir daha onunla görüşə gələcəyəm: Mayın 10-da Musa Yaqubun 88 yaşı olacaq.
Sözardı: O, dünyasını dəyişənə qədər parkinson xətəliyilə mübarizə apardı. Doğum gününə 3 gün qalmışdı… Onu vəziyyətinə uyğun olaraq kənd qəbirstanlığında – valideynlərinin və həyat yoldaşının məzarının yanında torpağa tapşırdılar.Bu gün Musa Yaqubun soyunu qızları Səhər və Yaqut, oğlu Şəhriyar Yaqubovlar davam etdirir.
Baba ALLAHNƏZƏROV