4 aydır baş həkim təyin edilən Mehriban Süleymanova işdə ola-ola Dubaya dava-dərman, breket və s. gətirməyə necə gedirmiş?
Ötən sayımızda xəbər verdiyimiz kimi, Bakı Uşaq Stomatoloji Poliklinikasından Azərbaycanın səhiyyə naziri cənab Anar Bayramova ünvanlı(Surəti: «Təzadlar» qəzeti redaksiyasına) daxil olmuş şikayət məktubunda qurumun baş həkimi Mehriban Sülyemanova ilə bağlı olduqca ciddi məlumatlar yer almışdır… Redaksiya «Media haqqında» Qanunun tələblərinə uyğun olaraq baş həkimin elektron poçtuna həmin şikayət məktubunu olduğu kimi göndərdi, ərizədə qoyulan və qaldırılan suallara cavab verilməsi xahiş olundu. Lakin M.Süleymanovadan cavab gəlmədi. Bundan sonra əməkdaşımız M.Süleymanovaya dəfələrlə zəng edərək məsələ barədə məlumat vermək istədi, lakin telefon zəngi cavabsız qaldı.
Nəhayət, baş həkimin vatsapına səsli mesaj göndərildi, bundan sonra əməkdaşımız onunla danışa bildi. «Sizin məqsədiniz məni rüsvay etməkdirmi? Mən bilirəm kim yazıb… Mən də açıb qoyacam ortaya kimin diplomu qanunsuzdur…» və s. -deyərək qışqırıq salan baş həkimə izah edildi ki, redaksiya sadəcə, mövqeyinizi və yazılanlara münasibətinizi bilmək istəyir: «İstəyirsiz buyurun redaksiyaya gəlin, yaxud da cavabınızı elektron poçtumuza yazıb göndərə bilərsinimz».
Bundan sonra Mehriban Süleymanova əməkdaşımızla olduqca mehriban danışdı, razılaşdı, amma sonradan nə zəng etdi, nə də cavab göndərdi.
Nəhayət, bir neçə gün də keçdi, sonuncu dəfə bir də M.Süleymanovaya zəng edildi, o isə «Özüm Sizə zəng edəcəyəm…» deyərək telefonu qapatdı. Bu günədək heç bir cavab göndərilmədi.

«Azərbaycan Respublikasının səhiyyə naziri cənab Anar Bayramova
Surəti: «Təzadlar» qəzeti redaksiyasına
Hörmətli cənab nazir, icazənizlə Sizi yeni vəzifəyə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edirik. Üzrxahlıqla bildiririk ki, bu dəfə Sizə uğurlarımızdan deyil, başımıza müsibətlər açan təzə direktorumuzdan danışmaq qərarına gəldik, bizi buna məcbur edən səbəb də var. Biz stomatoloq həkimlər Bakıdakı 1 saylı Uşaq Stomatoloji Poliklinikasında çalışırıq. Bir neçə aydır Bakının Nərimanov rayonunda(metronun yanında) fəaliyyət göstərən 5 saylı Uşaq Stomatoloji Poliklinikasından bura baş həkim göndərilən Mehriban Süleymanova kimlərin sayəsində, bura gətirildi, bu barədə əgər hər hansı açıqlamamız işıq üzü görərsə, onun arxasında kimlərin dayandığı və s. barədə ətraflı yazıb göndərəcəyik. Biləsiniz ki, M.Süleymanova 5 saylıdan böyük qalmaqalla uzaqlaşdırıldı. Dava, qırğın, məhkəmə, digər qalmaqallar. Səhiyyə Nazirliyi bu qalmaqallardan xəbərdardır, amma deyəsən, gücləri ona çatdı ki, oradan uzaqlaşdırıb bura göndərdilər, indi də bizim günümüz qaradır. İşçilərin üstünə olan qışqırıq, bəzən pis ifadələr meydan sulayır. Hamı həyəcan içində olur o işə gələndə.
Onu da qeyd edək ki, əvvəlki iş yerlərində çalışanların sözlərinə görə, hazırda işi məhkəmədədir. Araşdırılsa, səbəbləri məlum olacaq.
M.Süleymanova əvvəlki iş yerində də, indi də burda 1 saylı Uşaq Stomatoloji Poliklinikasında baş həkim olduğu və tam ştat tutduğu halda, həm də «AZONS» MMC-nin və «buta Dental»ın direktorudur. Sizə xırdalamaq yersizdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, bir işçinin eyni vaxtda iki-üç tam ştatda (hər ikisində rəsmi 1.0 ştat vahidi ilə) işləməsi qanunla mümkün deyil, qadağandır. Qanunvericilik işçiyə ikinci iş yerində yalnız əvəzçilik qaydasında (maksimum 0.5 ştat) çalışmaq icazəsi verir. Məsələnin hüquqi tərəfləri və əsas səbəbləri bunlardır:
İş Vaxtının Norması və Məhdudiyyətlər
Əsas iş yeri: Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, normal gündəlik iş vaxtı 8 saatdan, həftəlik iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Bu, rəsmi olaraq 1 tam ştat (1.0) hesab olunur.
Əvəzçilik üzrə iş yeri (İkinci iş):
Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi əsas iş yerindən əlavə başqa bir işəgötürənlə də əmək müqaviləsi bağlaya bilər. Lakin əvəzçilik üzrə iş vaxtının müddəti qanunla məhdudlaşdırılır və həftəlik iş vaxtı normasının yarısından (yəni 20 saatdan) çox ola bilməz. Bu isə maksimum 0.5 ştat deməkdir. Bəli, bunları ilkin izahat vermək, problemə hüquqi aydınlıq gətirilməsi üçün təqdim etdik.
Çox hörmətli cənab nazir!

Bildiririk ki, Mehriban Süleymanova poliklinikamıza bu ilin iyun ayında yeni baş həkim göndərilib. Əvvəl qeyd etdiyimiz kimi, əvvəl 5 saylı Uşaq Stomatoloji Poliklinkasında baş həkimin müavini, sonra faktiki rəhbər kimi işləmişdir. Oradakı qalmaqalları barədə yazıb vaxtınızı almaq istəmirik. Amma biləsiniz ki, onun qarşısı alınmsasa, bura intriqalar yuvasına çevriləcək. Əslində, onun əsas işi xarici ölkələrdən dava-dərman və breketlər və digər ləvazimatlar, zəruri dərmanlar gətirməkdir. Onun tam ştatda olduğu halda, müntəzəm olaraq xarici ölkələrə səfər etməsi də bizə verilən məlumatlardandır. O, xidməti ezamiyyədə deyil, kefi istəyəndə gedib gəlməsi sayəsində pullar qazanmaqda indi də davam edir. Əgər göstəriş versəniz, biz sizə sübutlar təqdim edə bilərik ki, o müxtəlif vaxtlarda müxtəlif yerlərdə təlimçi kimi də çalışıb. Bildiyimiz qədər iş yerini qanunsuz tərk edərək. Digər faktları onun barəsində araşdırma başlayandan sonra təqdim etməyə hazırıq.
Sonda, xahişimiz budur ki, Mehriban Süleymanovanın gətirib payladığı, satdığı avadanlıq və ləvazimatların, dərmanların mənşəyi yoxlanılsın, Səhiyyə Nazirliyinin Ekspertizasının rəyi-sertifikatı olmadan o, icazəsiz bu işi necə görüb? Lazım olarsa, Sizəvə yoxlama komissiyasına onun gətirdiyi ləvazimat və dərmanları satdığı stomatoloji mərkəz və poliklinikaların adlarını verəcəyik.
İnanırıq ki, bu baş həkim barədə ən sərt tədbirlər görüləcək, rəhbər necə olmalıdır, bu ona, izah ediləcək.
Hörmətli redaksiya, xahiş edirik, «Media haqqında» və «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunların tələblərini nəzərə alaraq istintaq başlayana kimi imzamızın məxfiliyini qoruyasınız.
Hörmətlə: 4 həkim-stomatoloq.
Bakı şəhəri, 26.10.2026».
Sitatın sonu.
Mövzu diqqətimizdədir və şikayət ərizəsi Səhiyyə Nazirliyinə də göndərilib.
«Təzadlar»ın Araşdırma Qrupu







