Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 May 2026 / 11:16

10 May – Ümummilli Lider Heydər Əliyevin doğum günüdür

Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur. Qədirbilən xalqımız hər il olduğu kimi, bu il də Ulu Öndərin doğum gününü böyük coşqu və sevinclə qarşılayır. Hər bir Azərbaycan vətəndaşı yaxşı bilir ki, ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi uğurların böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi kimi ölkəmizi və xalqımızı tarixin ən ağır və mürəkkəb sınaqlarından uğurla çıxarıb. Azərbaycanın müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin davamlı iqtisadi inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməsi, beynəlxalq aləmdə nüfuzunun sürətlə artması məhz onun misilsiz xidmətləri sayəsində mümkün olub.

Ötən əsrin 60-cı illərinin sonlarından etibarən Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması ilə respublikamızın tarixində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Məhz həmin dövrdə Azərbaycanın gələcək müstəqilliyinə aparan yolun möhkəm siyasi, iqtisadi və milli təməlləri formalaşdırıldı. Onun məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddət ərzində keçmiş SSRİ-nin geridə qalmış respublikalarından birindən inkişaf edən sənaye və aqrar mərkəzlərdən birinə çevrildi.

1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı dərin siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, dövlətçiliyin parçalanaraq məhv olmaq təhlükəsindən xilas etdi. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə start verildi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik dəyərlərə əsaslanan dövlət idarəçiliyinin möhkəm hüquqi əsaslarını formalaşdırdı. Bunun nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında böyük dirçəliş baş verdi, xalqın gələcəyə olan inamı yenidən bərpa olundu. Ulu Öndərin “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikri onun milli kimliyə sonsuz bağlılığını, vətənpərvərlik mövqeyini və azərbaycançılıq ideologiyasına sədaqətini əks etdirən tarixi çağırış kimi yadda qalıb. Bu kəlam yalnız bir ifadə deyil, həmçinin milli birliyin, dövlətçilik düşüncəsinin və xalqına bağlı lider obrazının parlaq təcəssümüdür.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycan onun ideyaları əsasında yeni zirvələr fəth edir. Dövlətimizin əldə etdiyi mühüm nailiyyətlər, beynəlxalq müstəvidə artan nüfuzu və milli birliyin daha da möhkəmlənməsi Heydər Əliyev siyasi irsinin nə qədər uzaqgörən və həyati əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Ulu Öndərin ən böyük arzularından birinin reallaşması kimi tarixə həkk olunub. Xalqımızın birliyi, ordumuzun rəşadəti, eləcə də Prezident İlham Əliyevin cəsarəti, qətiyyəti və siyasi iradəsi sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olundu. Bununla da müqəddəs ata vəsiyyəti və xalqımızın onilliklər boyu yaşatdığı ən ülvi arzu şərəflə yerinə yetirildi.

Məhəmməd Əsədov, Tehran Rəhmanov, Aqşın Əkbərov, Ruslan Fərzəliyev, Tural Ağakişiyev, Vüqar Məmmədov, Dadaş Əliyev, Rüstəm Budaqov, Ələmdar Nəbiyev, Kamandar Zeynalov, Rauf Həsənov, Həsən Niftəliyev, Ağəli Məsimov, Rza Məmmədov, Elvin Fərzəliyev və Fikrət Ağayev bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağının işğaldan azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanmasının Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsinin, milli həmrəyliyimizin və dövlətimizin qüdrətinin ən parlaq ifadəsi olduğunu bildirirlər.

CEYHUN

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!